Hədiyyə Şəfaqət - Şaxtanın əlləri pəncərədə donmuşdu
11.01.16
Avanqard.net şairə Hədiyyə Şəfaqətin haykularını təqdim edir.
* Gecənin səssiliyinə köçüb Küləyin özgür vıyıltısı... Budaqlar drijor çubuğu kimidir
* Ağ kəpənəklər Qar yağanda doğulur Üşüyür və baharacan gözləyirlər...
* Şaxtanın əlləri Pəncərədə donmuşdu Bu üzdən dodaqlarını ona söykədi çiçək...
* Qadın Çoxdandır özünü görməmişdi Durdu və bütün güzgülərin tozunu sildi...
* Pişik Su içmək istədi gecənin yarısı Sahibəsini oyada bilmədi...
* Yalnız bir misra yazılmışdı ağ vərəqdə: "Mən gedirəm, hər şeyi unudaq" P.S. "özümlə heç nə götürməmişəm"...
* Ay işığı yoldan görünürdü- Tənha qovağın Yarpaqlarıyla oynayırdı.
* Zamanı düşünmə-söylədi qoca- Bəzən bir ildə On gün sağ oluruq...
* Səhər açılırdı, Günəş- "Sabahın xeyir, gülümsə"- dedi Torpağa Və yuxuya getdı...
* Adamlar uzaqlara getsinlər deyə Yol çəkdilər... Qayıtmaq da olardı, əvəzində şeir yazdılar...
* Qurumuşdu zirvədəki Ziyarət ağacı Budaqlarında bozarmış parça qırıqlarının Hamısının rəngi eyniydi...
* Səsimizi musiqi kimi dinləyir Tanrı Və unudur, bilir ki, İnanırıqsa dua etmirik...
|