1987-cı il. Şamaxı. Çiskini az qala adamın içini yalayan boz bir payız günü.
İşlədiyim rayon qəzeti redaksiyasından çıxıb, büzüşə-büzüşə harasa gedirdim. Qəfildən böyrümdə yaşıl rəngli bir “Jiquli” dayandı. Gözlərimə inanmadım: Nüsrət Kəsəmənli idi. Görüşdük. “Otur” – dedi. Oturdum o məşhur maşına. Ona görə məşhur deyirəm ki, həyatda hər şeyə görə paxıllığını çəkən bir şairə Nüsrət Kəsəmənli yazdığı şeirdə deyirdi: “Maşınımın rəngi yaşıldı deyə, Yaşıl çəmənə də baxa bilmirsən...”
Hə, xəzəl basmış küçələrdən keçib şəhərin ucqarında tanış bir kafeyə girdik. Orada xeyli oturduq, Moskva görüşlərimizi xatırladıq.
Nüsrət Moskvaya tez-tez gələrdi. Orada, Tahir Aslanlının evində üçlükdə çox olmuşduq. Bir dəfə maqnitofona bir şeiri necə yazdığımızı yada saldıq. Tahir Aslanlının küləkli bir gündə dəmir yol vağzalında yalqız bir insanın yaşantılarını əks etdirən şeirini Nüsrət bariton səsiylə oxudu, mətnə uyğun olaraq, mən çovğunlu küləyin vıyıltısını səsləndirdim, Tahir qatar təkərlərinin taqqıltısını. Çox qəribə və çox da təbii bir kompozisiya alındı. Heç bilmirəm o lent yazısı rəhmətlik Tahir Aslanlının arxivində qalır, yoxsa yox.
O gün Nüsrətlə xeyli söhbət elədik. Mən ədəbi mühitdə yeni imza yiyəsi, o isə artıq məşhur bir şair idi. Geri qayıdanda şər qarışmışdı. Xatırlaya bilmirəm, nədən ötrüsə kitabxanaya baş çəkəsi olduq. Kitabxananın qarşısında bizim bu foto-şəklimizi çəkdilər.
Bu yaxınlarda əlimə keçən bu şəkil içimdə gözəl şairimizlə bağlı xoş xatirələr oyatdı. Təbii ki, uzaq və unudulmaz bir günün xatirəsi kimi hisslərimi bölüşmək istədim oxucularla. /axar.az/