Kamal Abdulla - Bir sevgi hekayəsi
17.12.15
«Canım qardaşım. Əvvəla, salam. Necəsən? Uşaqlar necədir? Yasəməndən bir xəbər varmı? Aradan sürətlə illər keçdi. Necə oldu ki, bütün bunlar bu cür oldu – mən indi bunu ağlıma sığışdıra bilmirəm. Hamının qəlbini qırdım. Mənim özüm də az iztirab çəkmədim. Məni bu boyda həngamədən sonra qəbul edəcəksinizmi – bunu Allah bilir. Qayıtmaq istəyirəm. Hamı üçün çox darıxmışam. Qayıtmazdım. Amma daha dözə bilmirəm. Anam üçün, sənin üçün, Zəhra üçün ürəyim hövr eləyir. Bir az da belə getsə, ölləm. Sən bir evdəkilərin ağzını ara, gör mənim qayıtmağıma onlar nə deyirlər?! Səndən təcili cavab gözləyirəm. Sevimli qardaşın Hamid.» Samid iyirmi ildi ki, xəbəri-ətəri gəlməyən böyük qardaşı Hamiddən aldığı bu kiçik məktubu oxuyandan sonra bir müddət evdə fikirli-fikirli gəzdi və heç kimə məktub barədə bir kəlmə söz demədi. Deməli, belə. Hamid qayıdır. Samid bilirdi, əvvəldən onun ürəyinə dammışdı ki, nə zamansa bu sərgüzəşt elə belə də qurtaracaq. İçi doldurulmuş şar kimi nə zamansa bu əhvəlat da «fıssss» eləyib yatacaq. Geci vardı, tezi vardı. Düşünürdü: «Kimdən başlayım?! Bu xəbəri birinci kimə deyim?! Deməyinə dəyərmi?! Mənası varmı?! Atam sağ olsaydı, görəsən neylərdi?! Bilirəm, bilirəm – Samid acı-acı başını buladı. – Üzündə-gözündə bir şey göstərməsə də ürəyində sevinəcəkdi. Niyə bu avaranın biri avara götürüb məktubu mənə yazıb, məni araçı eləyib?! Bu qədər zaman keçib. Mən, axı, neyləyə billəm?!» Samid və Hamid doğma qardaşlar idi. Hamid böyük qardaş idi, Samid kiçik. Samidin xasiyyəti həlim idi, hamıyla yola gedə bilirdi, qılığı vardı. Hamid isə əsl bəla idi. Hələ orta məktəbdə oxuyarkən ipə-sapa yatmazdı. Valideynləri məktəbin yolunu Hamidə görə tanımışdılar. Ləqəbi vardı: Düzünəqulu. Ölsəydi, gərək sözün düzünü deyəydi. Artıq ali məktəbdə oxuyarkən dekanının yalanını çıxartmışdı, özü də bütün potokun qarşısında. – Siz özünüz bizə dediniz ki, sabah dərsə gəlməyin. Haşım müəllimin özü nədir ki, dərsi də nə ola. Böyük auditoriyaya ölü bir sükut çökmüşdü. Bu sözlərə səbəb isə dekanları Eldar müəllimin özü olmuşdu. O, dərsə gəlib-gəlməyənləri yoxlamaq üçün Hamidgilin potokuna girəndə hər kəsi yerində görüb ağzını əyə-əyə az qala dodaqaltı belə demişdi: – Ay sizi, bəs deyirdiniz, heç kim bu dərsə gəlmək istəmir?! Hamid də bu zaman ayağa qalxıb dekanın yalanını çıxartmışdı. Haşım müəllim rəngi qıpqırmızı qı- zarsa da həmişəki həlim təbəssümü üzündə başı ilə dekana işarə etmişdi ki, «bənd olma!» O da «guya ki» bənd olmamışdı, irişə-irişə üzünü Hamidə tutub: – Səndə olan fantaziya kimdə olsaydı… Bilinməmişdi ki, bu fantaziya kimdə olsaydı, nə olardı. Eldar müəllim sözünün dalını gətirməmişdi. Haşım müəllimi otağın bir küncünə çəkib xısın-xısın ona nə isə deyəndən sonra çönüb heç kimin üzünə baxmadan otaqdan çıxmışdı. Nəticə özünü semestrin axırından o tərəfə qoymadı qalsın. Sessiya zamanı Hamidin dalbadal aldığı «ikilər» (axırıncı «iki»ni qulağımacan qıpqırmızı qızarmış Haşım müəllim gözünü ondan qaçırıb özü yazdı) kifayət elədi ki, Hamidi 3-cü kursu başa vurmadan universitetdən xaric etsinlər. Atası, qohumları, tanışları nə illah elədilər, Eldar müəllim sözündən dönmədi: «gedəcək ki, gedəcək!» dedi. Hamidin rəhmətlik atası çox yalvardı o zaman Hamidə ki, ay Düzünəqulu, gəl, səni aparım bu dekan müəllimin yanına, üzr istə, de ki, bilməmişəm, peşman olmuşam… Kimə deyirdin, iki ayaq bir başmağa girmədimi, girdi, yox ki, yox! Evdə hamı özünü inandırmışdı ki, atanı qəbr evinə Hamidin hərəkətləri aparıb. Universitetdən sonra özünə iş axtarmaq, yenidən təhsilini davam etmək barədə düşünmək əvəzinə bu adam durub-durub neyləsə yaxşıdır. Bu adam bir-iki gün ora-bura gəzəndən sonra gəlib evdə hamıya elan eləmişdi ki, evlənmək qərarına gəlib. Həyatının yeganə mənasını tapıb, bu hər adama nəsib olmur, deməli, Allah-taala onu axır ki, başqalarından seçib ayırıb, bu hadisə milyonda bir adamın başına gəlir və s. və i.a. Atası hamının yanında ondan soruşanda ki, neçə gündü tanıyırsan həyatının mənası olan bu adamı sən, ay Düzünəqulu, Hamid onun üzünə əzəli düşmən kimi baxıb əsəbi halda: – Bunun heç bir mənası yoxdur. Ağıllı adam üçün iki gün tanıdın, yoxsa iki il – heç fərq eləməz… – demişdi. Kişi peşman-peşman başını aşağı dikib susmuşdu. Daha heç kəs Hamiddən bir söz soruşmamışdı. Məlum olmuşdu ki, o, həyatının mənasını iki gündü tanıyır. Anasının əli ağzında qalmışdı. Bu o dövr idi ki, müstəqillik yeni-yeni başlayırdı. Türkiyə ilə gediş-gəliş çoxunun başını havalandırıb bihuş eləmişdi. Varlı qohum axtarışları çoxları üçün ilğım olsa da, bəziləri bunun mənəvi və real ləzzətini dadmağa başlayırdı. Hamidgilin ailəsi bu «bəzi» ailələrdən idi. Atası Cəbi kişinin 2-ci Dünya müharibəsində almanlara «plen» düşən, müharibədən sonra isə fırlanıb-fırlanıb Türkiyədə məskunlaşan doğmaca əmisi oğlu peyda olmuşdu. Yasin əmioğlu xeyli varlı biri idi, özü də, deyəsən, əməlli-başlı əliaçıq idi. Türkiyədən xəbərlər göndərirdi. Sərmayə qoyub birgə iş qurmaq istəyirdi. Özü gəlmək istəyirdi, Cəbini, övladlarını qonaq çağırırdı. Ailə üçün yeni və çox xeyirli perspektivlər açılırdı. Belə bir zamanda Cəbi kişiyə işləyən, çalışan, gedib-gələn, zirək, bir sözlə, arvadı Pərnisəyə dediyi kimi «qaz vurub qazan dolduran» oğullar lazım idi. Bu avara isə «evlənmək istəyirəm» deyib durur. Hələ bu azmış, ən maraqlısı heç bu da deyil, evlənməklə iş bitsəydi, nə vardı?! Hamid sevgilisi, gələcək arvadı Svetlana ilə onun tarixi vətəni Rusiyaya getmək, orada yaşamaq istəyirdi. Svetlana institutdan ədalətsiz olaraq xaric edilib, onun arzuları tar-mar olub, qız depressiyadadır, məhz indi onu dəstəkləmək lazımdır, onun buna ehtiyacı var, nəhayət, bu evlənmək məsələsi Hamidin şəxsi işidir, onun artıq iyirmi dörd yaşı var və o, Svetlanaya söz verib. Yas qurmaq da lazım deyil… Ata və ananın yanıqlı-yanıqlı köks ötürməkdən savayı bir əlacları qalırdımı, qalmırdı. Gecələr Hamidlə Samid öz yataq otaqlarına çəkilən zaman hamının yanında səsini udub duran Samidin dili açılırdı, o, qardaşının hərəkətinə haqq qazandırırdı. Onu bir az da həvəsləndirirdi. Samid gecədən xeyli keçənə qədər Rusiya, ordakı imkanlar, qısa bir müddət içində milyoner olmaq şansı, hətta rus şairləri barədə uzun-uzadı söhbətlər edərdi. Gündüzlər cəsarət edib deyə bilmədiklərini beləcə gecələr üyüdər, tökərdi. – Sən Allah, doğru deyirsən? Sən də belə düşünürsən? Ay Allah, sən, sən… Gəl bir yerdə gedək!.. – Hamid kiçik qardaşının canyananlığından əməllibaşlı vəcdə gələrək düşünürdü ki, o, həqiqətən xoşbəxtdir, çünki onu anlayan belə bir balaca, əziz, sevimli qardaşı var. Evdəkilər isə Hamidi anlamadılar. Hamid məcbur qalıb evdən çıxdı. Svetlanagilə köçdü. Evdən gedəndən on gün sonra toy edərkən nə ata-anası, nə də bacısı Zəhra toya gəldi. Hamid isə heç kimi yox, sevimli qardaşı Samidi gözləyirdi. O da gəlmədi. Bir-iki dosttanış, Svetlananın qohumları, ailə dostları, cəmi on beş adam, vəssəlam. Svetlanagilin Nərimanov prospektində «finski domikləri» vardı, o evin həyətində məclis qurdular. Svetlananın atası Nikolay Valentinoviç qonaqlar dağılışandan sonra Hamidlə toy süfrəsinin ətrafında dübədü oturub ona da, özünə də yekə bir bokal dolusu qırmızı şərab süzüb fikirli-fikirli belə dedi: – Yaxşı olmadı, Hamid, heç yaxşı olmadı. Mən bunlara demişdim. – Toydan sonra ortalıqda yır-yığış edən arvadı Ninanı və qızı Svetlananı nəzərdə tuturdu. – Ata-ananın xeyir-duası çox vacibdir, bu, bəlkə də ən vacib bir məqamdır. Mən sənin, sənin yeni qurulmuş ailənin sağlığına içirəm. Sənin ata-ananın sağlığına, bacının, qardaşının sağlığına içirəm. Nə mən deyən olsun, nə sən deyən olsun. Allah deyən olsun. Hər şey düzələcək. Sağ ol. Sən əsl kişisən. Ola bilər, kimsə desin, pis adamsan, tərs adamsan, nə bilim, necə adamsan, amma mən deyirəm, kişi adamsan. Ona görə yox ki, atanın, ananın iradəsinə tabe olmamısan, qətiyyən! Ona görə ki, ürəyinin dediyilə hərəkət eləmisən. Ürəyinin dediyilə hərəkət eləyən kişilər ən qəliz kişilər olur. Sağ ol. Bunları deyib qaynatası Nikolay Valentinoviç şərab dolu bokalı çəkmişdi başına, sonra ayağa qalxıb səndələyə-səndələyə gedib girmişdi evə və qalxmışdı dar, əyri pilləkənlərlə düz çardağa, yerdən salınmış yatağa yıxmışdı özünü. Ər-arvadın yeni yataq otaqları artıq bu çardaq olacaqdı. Əsas yataq otağını onlar bu gecədən cavanlara təhvil vermişdilər. Ata üzünü yastığa soxub göz yaşını heç cür saxlaya bilmədi. Svetlana gəlinlik paltarını dəyişib anasına qabqacağı yığışdırmaqda kömək edirdi. Bir də baxıb gördü ki, atası həyətdə yoxdur, Hamid isə gözlərini qarşısındakı şərab dolu bokala zilləyib oturduğu yerdəcə donub qalıb. Gəlib onun yanında oturdu. Əlini çiyninə saldı, qısıldı sevgili ərinə: – Fikir eləyirsən? Fikir eləmə. Hər şey yaxşı olacaq. Bax, görəcəksən, hər şey yaxşı olacaq… – Heç biri, başa düşürsən, heç biri gəlmədi. Barı Samid gələydi… – Hamidin səsi az qala titrəyirdi. Artıq soyuqlamağa başlayan həyətdə yeməkdən sonra orda-burda qalaq-qalaq yığılıb qalmış qab-qacağın arasında əllərini sinəsində çarpazlamış pəcmürdəhal Hamid bilmirdi ki, üç gün əvvəl onun toy məsələsi atası evində əsl müzakirəyə çıxarılıb. Toya heç kimin getməyəcəyini qərarlaşdıran məşvərət iştirakçıları Hamid adlı oğlunun olmamasını bəyan edən atanın birdən hıçqırıqlar içində boğulduğunu görüb bir səslə Hamidin qarasınca «Allah sənin bəlanı versin!» deyə qorxu içində çığrışıb kişinin başının üstünü aldılar. Nəfəsi təngiyən Cəbi kişi birdən səsini «xıp» kəsib əlinin qəti hərəkətilə camaatı başından o tərəfə elədi, boğuq səslə dedi: – Bu məsələ burda qurtardı! Ölsəm, bu adam ölümün üstünə gəlməsin, ölsə ölüsünün üstünə getməyəcəyəm! Kəsin bu ağlamağı! Bir də bir adamı ağlayan görməyim. Durun, gedin işinizin-gücünüzün dalıyca. Samid, sən sabah İstanbula, Yasinə telefon elə. Denən ki, mən səni onun yanında öz vəkilim edirəm. Bitdi bu iş, bitdi. Otağı ölü sükut bürüdü. Bir müddət bu sükutu Hamidin anası Leyla xalanın xısın-xısın, içdən gələn ağlamağı pozdu. Qaşlarını bərk-bərk düyünləmiş Cəbi kişi isə səsini çıxarmadan çoxdan eşitmədiyi sevimli musiqiyə qulaq asırmış kimi diqqətlə bu ağlamağa qulaq asmağa başladı. …Məktubu alıb oxuduğu o gecə Samidin gözlərinə yuxu getdimi, getmədi. Uzun illərin tarazlaşmış, müəyyən ahəng almış həyat yolu birdən-birə nəzərdə tutulmayan bir döngə ilə üzləşirdi. Bu döngəyə dönmək bu gün heç kimə lazım deyildi. Atasının sözləri xəncər kimi beynini deşdi. Samid yerində qurcalandı. Bu sözləri atası ölənədək dedi, yorulmadı: «Nolsun ki, mən onun toyuna getmədim, səni ki göndərdim, sən ki, o toya getdin. O isə ənəsliyindən evə gəlmədi, saymadı bizi.» Samid bu hadisəni həyatı boyu əzabla xatırlamışdı, hamıdan gizləmişdi, bu gün heç kim, hətta anası belə bilmir ki, Cəbi kişi toy günü səhər Samidi yanına çağırıb belə demişdi: – Ay bala, indi neyləyək, bu eşşək çıxdı, amma bu söhbəti də acı bağırsaq kimi uzatmağına dəyməz, deyirəm. Əlacımız nədi?! Gərəkdi ki, özü gələydi, indi dedim axı, eşşəkdi, nə gözləyirsən?! Toyuna hələ bir utanmayıb xəbər göndərib, toy qızgilin evində olacaq, bizi çağırır… Cəbi kişi iki-üç gün əvvəl dediklərini, elə bil, unutmuşdu, nəydi, bu gün onun səsində həlim nöqtələr vardı. Amma yenə də arvadının, qızının yanında yumşaldığını göstərmək istəmirdi, və sözlərini ancaq Samidə deyirdi: – Bax, sənə deyirəm, nabadə, bir adam bunu bilə. Barışıqdan… indiki halda söhbət gedə bilməz. Amma nə zamansa bu olmalıdı. Körpüləri tam yandırmayaq. Bu toya sən get. De ki, özün gəlmisən, sənin bu hərəkətindən guya bizim xəbərimiz yoxdur. Bilsək, nə bilim nə edərik, bir şey uydurub deyərsən. Özün də onunla əlaqə saxla. Qandır bu eşşəyə ki, arvadını da götürüb gəlsin, üzünə baxmasam da, əlacım nədi, bağışlaram. – Kişini bu yerdə az qalmışdı, qəhər boğsun, «öhö-öhö» eləyib biruzə verməmişdi. Elə öskürə-öskürə sözünü belə tamamlamışdı.– Anasına yazığı gəlsin, arvad mum kimi əriyib, bu gün-sabah ölər bu, qalmaz… … İndi yenə də o söhbəti xatırlayarkən təzə-təzə vaxtlarda olan kimi Samidin, elə bil, sinəsinin içinə kiminsə amansız barmaqları girib ürəyini sıxdıqca sıxırdı. Bu barmaqlar onun ürəyini, elə bil, inək əmcəklərini sıxan kimi sıxıb süd sağırdılar, Ürəyindən misqal-misqal çıxan inilti bu gün çox aydın bir şəkildə həmən ilk ağrını ona xatırlatdı. O isə belə güman edirdi: qardaşının sifətinin cizgiləri yadından çıxdıqca o ağrı da korşalacaq. Hökmən yox olacaq. Əslində, bu elə belə idi. Ağrı artıq yox idi. Bu qədər vaxt idi, nə qardaşı vardı, nə də ağrı. Bu gün ağrı bu məktubla geri qayıtdı. Gözlərini bərk-bərk yumdu. Bilirdi ki, qaranlıqda Hamidin üz cizgiləri bir-birinin ardınca onun qapanmış göz qaranlığında işıq verə-verə peyda olacaq, bu isə ağrını ancaq şiddətləndirəcək, yenə də bərk-bərk yumdu gözlərini. Yanılmırdı, gözlərinin qaranlığında o – qardaşı peyda oldu… …Vaqzalda vida vaxtı idi. Samid onları ötürməyə gəlmişdi. – Bilsələr burdayam, öldürərlər məni. – Samid riyakarcasına, irişə-irişə Hamidə dedi. – Yəni, deyirsən o dərəcədə?! – Hamid ürəyi parçalansa da biruzə vermədi. – Hə, indilik gərginlik necə vardı, eləcə də qalıb. Cəbi dedi, toya getsən, öldürrəm səni, “uf” demərəm. Yaxşı elədin sən evə gəlmədin. Çatan kimi məktub yaz. Mən sənə gəlmək zamanını özüm deyəcəyəm. Hə, bir də… dedi ki… ölsəm, ölümün üstünə gəlməsin. Sən məndən xəbər gözlə. Samid inamsız bir ümidlə onun üzündə nəsə axtaran qardaşının daxili həyəcanından anladı ki, bu gediş son gedişdir. Qatar yerindən tərpəndi, vaqonlar bir-birinə dəyib şaqqıldayaraq yavaş-yavaş uzaqlaşdı. Amma hələ xeyli zaman Hamid vaqonun pəncərəsindən başını çıxarıb qardaşının getdikcə balacalaşan kölgəsinə baxdı. Ürəyi qısıldıqca qısıldı. İndi isə iyirmi, düz iyirmi ildən sonra Hamid səbrsizliklə məktubuna cavab gözləyə-gözləyə qalmışdı. Həmişəki kimi yenə də son ümid yeri Samid idi. Ancaq Samid onu ailəsi ilə, anası, bacısı Zəhra ilə, Yasəmən ilə barışdıra bilərdi. Anasından arxayın idi. Bütün bu ayrılıq illərində bircə gün də olmamışdı ki, onun üçün ürəyi sızlamasın. Hiss edirdi ki, anası da eynən onun kimi əzab çəkir, başqa cür ola bilməz. Bacısından isə könlü qırıq idi. Hamidin fikrincə Zəhra özü onu axtarıb tapmalı, atası-anası ilə arasında vasitəçi olmalıydı. Nə isə… Olan olmuşdu, gedən getmişdi, qalan qalmışdı. Ona heç kimin rəhmi, günahlarını bağışlaması lazım deyildi. O özü özünün hakimi idi. O özü heç zaman özünü bağışlamayacaqdı. Ancaq orası da vardı ki, o özünü günahkar saymırdı və saymayacaqdı. Qəribə idi. Atasının ruhu ilə bu ayrılıq illərində nə qədər danışıb durmuşdu, onunla hər şey barədə, universitetdən qovulması, evlənməsi, Rusiyaya köçməsi, burda həyat yolunun ağ-qara zolaqlara bölünməsi, evləri, ən çox da onun və anası üçün burnunun ucunun göynəməsi barədə nə qədər desən qovrula-qovrula danışmışdı. Gec də olsa onu inandırmağa çalışmışdı. Amma bir dəfə də olsun ondan üzr istəməmişdi. Atasının «Ölsəm, ölümün üstünə gəlməsin» sözlərini vidalaşıb ayrılarkən Samid ağlamsınıb ona demişdi. Bu sözlərin ağırlığını Hamid bu gün də çəkirdi. Cəbi kişinin yasına da vaxtında xəbər tutmadığı üçün deyil, bu sözlərin şlaqbaum kimi «Yekaterinburq-Bakı» yolunu kəsdiyi üçün getmədi. Aradakı uçurum daha da dərinləşdi. İllər elə bu cür, yeknəsaq şəkildə keçib getməyinə davam etdi. Birdən-birə nə baş verdiyi onun özü üçün də müəmma idi. Son bir-iki ay yerində sakit otura bilmirdi. Gecələr yuxusuna anası girirdi. Anası ona deyirdi: «Gəl, oğul, gəl, atan getdi, mən getməliydim, o getdi, sən isə gəl, məni tək qoyma!» Anası ağ buludların arasında əllərini ona doğru uzatmış bir halda gözlərində məzlum bir yalvarış yavaş-yavaş ondan uzaqlaşırdı. Səhərlər yuxudan qan-tər içində qəfildən səksənib ayılırdı. Svetlana onun bu halını son zamanların uğursuzluğu və bundan irəli gələn yorğunluqla izah edirdi. Bir dəfə isə gecə yarısı Hamidin sayıqladığını və yuxuda anasını çağırdığını, onunla az qala unutduğu doğma dilində nə isə danışdığını eşitmişdi. Qardaşı Samidə məktub yazmağı da elə o səhər mətbəxdə qəhvə bişirə-bişirə Svetlana ona məsləhət görmüşdü. – Bu düşmənçilik axı nə qədər davam edəcək?! Bu axı düzgün deyil. Bilirsən, mən də Bakı üçün darıxmışam… – Mən darıxmamışam! – Nolar, mənim xətrimə, yaz bu məktubu. Oğlumuz da qohumlarını görər… Bəlkə elə nənəsi də onu gözləyir?! Orta məktəbi iki il əvvəl bitirən və ali məktəbə qəbul ola bilməyən oğlanları Zaur Xabarovskda hərbi xidmətdə idi. «Uzaq, isti Azərbaycanda nənəsi onu gözləyir» fikri onu soyuq Uzaq Şərqdə necə və nə təhər isidəcəkdi – bunu Hamid bilmirdi. «Zaur, görəsən, bu məktub məsələsinə necə baxar?!» – Hamid düşündü. Hamid hələ onu bilmirdi ki, əziz və sevimli qardaşı Samid onun toyunda iştirak etmək tapşırığını atasından ala-ala toya gəlməmişdi, səhərisi gün isə atasına demişdi ki, toya getdim, amma üzümə də baxmadılar. Bundan başqa sevimli qardaşı ilk ayrılıq günləri və ayları Hamidin Rusiyadan yazdığı məktubları da evdə heç kimə göstərməmiş, özü özünü isə aldatmağa çalışmışdı ki, bununla qarşıdurmanın kəskinliyini azaldır. «Bu cür həyat Hamidə lazım deyil, Hamidlik deyil. O heç vaxt iş adamı ola bilməz. Hamid pul qazanmağın ləzzətini heç vaxt bilməyib.» Samid bu cür düşüncələrlə özü-özünə təskinlik verir, sönük vicdanını aldatmağa çalışırdı. Az keçdi, çox keçdi, Samid düşündüklərinin o biri hissəsini də təmkinlə həyata keçirməyə başladı. Türkiyədəki əmisi nəvəsi Ceylan Yasinqızına evlənib İstanbulda varlı bir şirkətin başına keçdi. İndi böyük iş adamı olan Samidi təkbaşına hakimiyyət əzazil və xəbis bir adama çevirmişdi. Bax ki, Hamiddən gözlənilməz bir şəkildə gələn son məktubu da evdə heç kimə göstərmədi. Kim ondan hesab istəyəcəkdi?! Atası artıq həyatda yox idi. Qaynatası və atasının əmisi oğlu Yasin bəyin bütün bu məsələlər vecinə də deyildi – o, qoca və əhlikef bir adam idi. Anası Leyla çox qocalmışdı, artıq Hamidi güclə xatırlayırdı. Arvada elə gəlirdi ki, Namid ölüb və bu xəbəri ondan indiyənəcən gizlədirlər. Bunu bildiyini isə üzə vurmurdu. Bacısı Zəhranın başı əyyaş ərinə və narkoman oğlanlarına qarışmışdı. Arvadı çoxdan ondan ayrı, Türkiyədə öz həyatı ilə yaşayırdı. Samidin dodaqlarından üzünə acı və miskin bir təbəssüm yayıldı. Bizim Leyli-Məcnunun eşq hekayəti isə belə başlamışdı. Hamid Svetlananı ilk dəfə Universitetdən sənədlərini götürməyə gələndə gördü. Pilləkənlərlə gözündən səssiz-səssiz sel kimi yaşlar axan ağ paltar və qırmızı ayaqqabı geyinmiş, əlindəki qara çantasını bərk-bərk sinəsinə sıxmış, saçlarını səliqə ilə boynunun arxasına yığmış və ayaqlarının altına diqqətlə baxa-baxa bir qız enirdi. Pilləkənlərlə üzüyuxarı dekanlığa qalxan Hamidin yanından ötəndə bu qız qəfildən büdrədi, az qaldı, yıxılsın. Hamid bir onu bildi ki, qızın çiyinlərindən bərk-bərk tutdu, amma bu dəfə ikisi də düzdü, yixılmadılar, amma bir-birindən yapışaraq eləcənə mərmər pilləkənə oturdular. Tir-tir titrəyən bu qızın gözlərindən dayanmadan səssizsəssiz yaşlar axırdı. Hamid özü də bilmədi, nə üçün qızın üzünə dağılmış şabalıd rəngli saçlarını əli ilə tumarlayıb üzündən yığmağa başladı. Svetlana da bilmədi ki, nə üçün buna icazə verdi və nə üçün Hamidə qısıldı.
O da bu Universitetdə oxuyurmuş və o da elə indicə üçüncü ikisini almışdı və Hamid kimi Universitetdən qovulmuş sayıla bilərdi. Onlar əl-ələ tutub əvvəlcə yuxarı dekanata qalxdılar, dekanları Eldar müəllimin istehzalı baxışları altında Hamidin sənədlərini aldılar, sonra isə Universitetdən çıxıb yenə də bir-birinin əlindən bərk yapışaraq üzüaşağı, bulvara tərəf getdilər. Üç gün üç gecə bir yerdə oldular. Səhərlər, günortalar axşamlar əl-ələ, göz-gözə, o küçə mənim, bu küçə sənin, gecələr telefonda – səs-səsə. Sonrası isə bəlli idi – toy! Vəssəlam.
Hə, son nöqtəni qoymazdan əvvəl bir də onu hökmən demək lazımdır ki, Svetlana uşaqlıqdan üzü bu yana həmişə nədənsə, kimdənsə qorxardı. Yanından sürətlə keçən maşından, itdən, pişikdən qorxardı, atasından qorxardı, anasından qorxardı. Müəllimlərdən, kurs yoldaşlarından, qonşularından qorxardı. Bakıda qalmaqdan qorxardı, Rusiyaya köçməkdən qorxardı. Hamiddən isə gördüyü andan bu günə qədər bir dəfə də olsun qorxmamışdı. Eşq dediyimiz hekayət bu idi və bundan başqa bir şey deyildi. …Məktubda adı keçən Yasəminin isə kim olduğunu Samid gecə yarıyacan yataq otağında o baş bu başa var-gəl edə-edə, sonra da yatağında o tərəf bu tərəfə çevrilə-çevrilə nə qədər xatırlamağa çalışdısa da, xatırlaya bilmədi. /sim-sim.az/
|