Ramiz Rövşən: “Oxucuya yarınmağa ehtiyac yoxdur...”
15.12.15

Bu gün müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Ramiz Rövşənin 69 yaşı tamam olur. 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olmuş Ramiz Rövşən Azərbaycan Dövlət Universitetinin (indiki BDU - red.) Filologiya fakültəsini və Moskvada ali ssenari kurslarını bitirib. Şeirləri 10-dan çox dilə tərcümə olunub.

Avanqard.net Ramiz Rövşənlı aldığı müsahibəni təqdim edir.

- Ramiz müəllim, 69 yaşınız tamam oldu. Sizcə, oxucular sizi niyə bu qədər çox sevirlər?

- Adamın özü haqqında danışması bir az qəribə görünür. Sizə deyim ki, insanlar birinci növbədə səmimiyyəti görürlər. Burada söhbət yaradıcı adamın şairin özünə qarşı səmimiyyətindən gedir. Özünə qarşı səmimi olmayan adam heç kəsə səmimi ola bilməz. İnsan öz hislərini, yaşadıqlarını səmimi ifadə edirsə, başqa adamlar da onun yazdıqlarında özlərini tapırlar. Bütün yer kürəsində olan insanlar  təxminən eyni hisləri yaşayırlar. Sadəcə, insan var ki, həmin hisləri ifadə də bilir. Allah ona bu bacarığı verib. Amma Ramiz Rövşəndən qat-qat duyğulu, həssas insanlar var ki, onlar öz hislərini bu cür ifadə edə bilmirlər. Mən bunu dəfələrlə görmüşəm. Əgər onlar hislərini, yaşadıqlarını ifadə edə bilsəydilər, Allah bilir, nələr yaradardılar. Biz də məhz bu cür insanların bir növ dilmancıyıq. Təkcə insanların yox, ağacın da, otun da, quşun da dilmancıyıq. Şeir də elə budur!

- İnsanlar özlərini sizin şeirlərinizdə necə tapa biliblər? Bunun hər hansı düsturu varmı?

- İnsan özünü görəndə tapır, özünü tapanda sevir. Bizim də şeirlərimizdə insanlar özlərini görürlər, tapırlar, hiss edirlər . Şairə olan münasibət də şeirdəki hislərin doğmalığından asılıdır. Gözəl bir deyim var: “Ən gözəl şeir odur ki, oxuyan kimi deyirsən ki, elə bil dilimin ucunda idi”.

Şeir insana bu qədər doğma olmalıdır. Sizə bir şey deyim: yazan zaman oxucu haqqında düşünməyən, “oxucu bu barədə nə deyəcək” deməyən şairi mən qəbul etmirəm. Oxucu da bunu hiss edir. Yəni o şeiri oxuyan kimi anlayır ki, sən yazan zaman onu düşünmüsən, ya yox. Sən oxucuya yarınmağa çalışma. Oxucuya yarınmağa ehtiyac yoxdur, namusla, vicdanla duyduqlarını çatdırmağa çalışmalısan. O zaman oxucu həmişə yanında olacaq. Nazim Hikmətin bir sözü var: “Pətəyində balın olsun, arısı gələr Bağdaddan”.

- Mirşahin sizin haqqınızda demişdi ki, o, Azərbaycanın ən Ramiz Rövşən şairidir. Ramiz Rövşən şairi olmaq nə deməkdir?

- Bu ifadənin anlamını Mirşahin məndən qat-qat yaxşı açıqlayar. Amma mənə elə gəlir ki, Mirşahin bəlkə də ən dəqiq sözü deyib. Çünki heç kəs heç kəsi əvəz edə bilməz. Bu o demək deyil ki, Ramiz Rövşən elə bircə Ramiz Rövşəndir.  Hər şair elə özü ola bilən şairdir. Mən elə başa düşürəm ki, o ifadənin əsas mənası o, elə özüdür. Məndə çox şey dəyişməyib. Hər bir insan bir təcrübədir. Hər insanın sonu məlumdur. Doğulur, yaşayır və ölür. Amma yaşadığı müddətdə hər adam bir təcrübədir. Mirşahinin sözünün məğzi də odur ki, Ramiz Rövşən də bir təcrübədir. Mən onun ifadəsini çox dəyərləndirirəm. Heç kəs heç kəsi əvəz edə bilməz. Deyirlər ki, əvəzolunmaz insan yoxdur. Xeyr, əvəz olunan insan yoxdur. Bir yazımda da demişəm. Təsəvvür edin, nə boyda ali bir riyaziyyat, nə qədər hesablamalar var, onlar dünyaya gələn hər bir insanın seçilmiş olduğunu deyir. Əgər biz də dünyaya gəlişiksə, deməli, əvəz olunan deyilik. Mirşahinin sözündən də belə başa düşürəm ki, Ramiz Rövşən elə Ramiz Rövşəndir.

- 69 il bundan qabaq, 1946-cı ilin bu günündə anadan olmusunuz. Amma şair Ramiz Rövşənin ruhu qədim olar. Şeirlərinizin birində də yazmısınız: “Dünya mənə tanış gəlir”. Yəqin ruhunuz dünyanın daha qədim sifətini öz yaddaşında saxlayıb...

- Bu mövzulardan danışanda bir az ehtiyat edirəm. Amma ruhumuzun yaşından söhbət gedirsə, deyə bilərik ki, həm çox cavandır, həm də çox qədimdir. Bunun başqa cavabı ola bilməz. Ruhumuzun yaşı bizim cismani yaşımızdan qat-qat böyükdür. Mən insan ruhunun əbədiliyinə inanan bir adamam. Bunun fəlsəfi və dini tərəflərini bir kənara qoyuram. Amma yenə də düşünürəm ki, insan tək cisimdən ibarət deyil. Əgər belə olsaydı, onda bəşəriyyət sönüb solub gedərdi. Əgər belə olsaydı, onda ədəbiyyat heç olmazdı. Ruhumuzun yaşı haqqında danışmaq bir az qeyri-ciddilik olar. İnsan ruhu əbədidir. “Ruhən cavanam” deyirlər. Ruhən cavan adam elə ruhən ən qədim, ən yaşlı olandır. Çünki ruhun cavanlığı düşüncənin, ağlın, hər şeyin diriliyinə dəlalət edir. Mənim bir şeirim var idi: “Başdanmı qocalan çox, ayaqdanmı kim bilir?” Allah bizi başdan qocalmağa qoymasın. Başqa hər şey düzələr.

- Hazırkı fəalliyətinizdən danışaq. Qarşıdakı ildə kitabınız çap olunacaq?

- Hərdən əvvəlcədən deyirəm, amma sonra alınmır. Düşünürəm ki, bu dəfə mütləqdir. Gələn il ən azı dörd cildliyim çap olunacaq. Həmin cildlərdə oxucularım cavanlıqda yazdığım və heç yerdə çap olunmayan c xeyli şeirlərimə də oxucular rast gələcəklər. İki cild poeziya, qalan iki cild isə nəsr və esselerdən ibarət olacaq.

- Bu gün həyatda olmayan kimlərdən ad günü təbriki eşitmək istəyərdi?

- Elə adamlar çoxdur. Doğmalarımın, dostlarımın içərisində bu cür adamlar kifayət qədərdir. Amma bu gün yanımda olan dostlarım da çoxdur. Mən dost sarıdan heç vaxt əziyyət çəkməmişəm. Amma itirdiklərim də çoxdur. Lakin bir fikir də var ki, mən onları itirməmişəm. Onlar hər zaman mənimlədirlər. əgər yaddaşımdadırlarsa, bu gün onları yaşada biliriksə, deməli, onlar hələ mənimlədirlər. İtirdiklərimin içərisində səsini eşitmək istədiyim adamlar çoxdur. Amma ürək dostlarımın hamısı məni təbrik edib.

- Amma heç zaman görmədiyiniz dostlarınız da var. Onlara nə kimi ürək sözləriniz var?

- Özüm üçün bəlkə də ən böyük xoşbəxtlik onu sayıram ki, dostlarımın sayı tanıdıqlarımın sayından qat-qat çoxdur. O dostlar küçədə, teatrda, hara gedirəmsə, hər yerdə rastıma çıxıb ürək sözlərini deyirlər. Bu məni çox sevindirir. Xüsusən də sizin kimi cavanlar arasında belələri çoxdur. Bu, eqoist sevinc deyil. Bu sevinc sözə, şeirə sevgi ilə yanaşan dostların sevincidir. Bir dəfə çıxışımda demişdim ki, dostlarım düşmənlərimdən çoxdur. Düşmənlərimi özüm qazanmışam, amma dostlarımı sözüm qazanıb. Tanımadığım dostlar tanıdığım dostlardan daha çoxdur. Onların hamısına salamlarımı çatdırıram. Bilirəm ki, hamısı təbrik etmək istəyir və edirlər də. İnternetdə mənə çoxlu təbriklərin olduğunu bilirəm. Hamısı sağ olsunlar, var olsunlar...

Elmin Nnuri, Modern.az

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.