“Basatın Təpəgözü öldürməsi” boyu 25 dildə nəşr edilib
15.12.15
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi “Basatın Təpəgözü öldürməsi” boyunu 25 dilə çevirərək nəşr edib. Mərkəzdən verilən məlumata görə, kitabların çapı prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən gerçəkləşib. Mərkəzdən bildiriblər ki, Azərbaycan dili ilə yanaşı müxtəlif dünya xalqlarının - türk, alman, ingilis, fransız, rus, çin, yapon, hind, ərəb, fars, yunan, yəhudi, macar, italyan, ukrayna, Azərbaycanda yaşayan etnik toplumların - xınalıq, tat, kürd, talış, udi, ləzgi, gürcü, erməni dillərində nəşr edilən kitablar Azərbaycanın mənəvi dünyasının zənginliklərini göstərməklə yanaşı, eyni zamanda, Azərbaycan multikultural əhvalının göstəricisidir. Kitaba Henrix Fridrix fon Ditsin yazdığı “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı ön söz və “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürdüyü boy” daxil edilib. Layihənin növbəti mərhələlərində kitabın ispan, portuqal, indoneziya, holland, polyak, çex, bolqar və başqa dillərdə çap edilməsi nəzərdə tutulur. /APA/
|