Oda Teatrı fəaliyyətini dayandırır
15.12.15
Ölkənin müstəqil teatrı olan Oda fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bu barədə teatrın rəhbəri Elmin Bədəlov deyib.
Onun sözlərinə görə, maliyyə çətinliyi üzündən teatr fəaliyyətini davam etdirə bilmir: “Qərara gəldik ki, Oda Teatrının mütəmadi fəaliyyətini donduraq. Bu teatrın tamamilə bağlanmağı deyil. Sadəcə fəaliyyəti dondururuq. Daha sonra maliyyə çətinliyindən çıxış yolları axtaracağıq. Problem həll olunduqdan sonra teatrın fəaliyyətini bərpa edəcəyik”.
Teatr rəhbərinin sözlərinə görə, onların repertuarında 10-dan çox tamaşa var: “Həmin tamaşaların nümayişi avtomatik olaraq saxlanılır. Söhbət mütəmadi fəaliyyətdən gedir. Biz hər həftə tamaşa oynayırdıq. Maliyyə çətinliyi üzündən bu imkanlarımız məhdudlaşdı. Lakin 13 dekabr saat 19:00-a təyin etdiyimiz tamaşanın nümayişini dayandırmamışıq. Bazar günü həmin tamaşanı oynayırıq və bununla da Oda Teatrının fəaliyyəti bilinməyən müddətə qədər dondurulur”.
E.Bədəlov bildirib ki, Oda Teatrının fəaliyyəti dondurulsa da yeni yaranmış art-underground ADO Teatrı (fb.com/adoteatr) fəaliyyətini davam etdirir: “ADO-nun artıq ikinci tamaşası da hazır olmaq üzrədir”.
Qeyd edək ki, ölkənin müstəqil teatrı olan Oda 2013-cü il iyulun 15-də yaranıb. Teatr bugünədək müxtəlif problem və təzyiqlərlə üzləşsə də bundan çıxış yolu tapıb. Lakin 3 ildir ki, fəaliyyət göstərən bu teatr uzun sürən maliyyə problemlərindən xilas ola bilmədiyi üçün fəaliyyətini bilinməyən müddətə qədər dondurmaq məcburiyyətində qalıb. Oda Teatrı son tamaşasını 13 dekabr saat 19:00-da nümayiş etdirəcək. Bu barədə teatr öz rəsmi səhifəsində də (fb.com/teatroda) məlumat yayıb. Məlumatda deyilir ki, 13 dekabrda teatr ən qalmaqallı tamaşası olan “MimOda 18+”u nümayiş etdirəcək.
|