Nicat Həşimzadə - Murat Boz heyranları
15.12.15
Bu haqda düşünmək çox bezdiricidir. Amma yazmağa məcbur oldum. Çünki heç kim yazmır, heç kim danışmır. Murat Bozun Bakıdakı konsertində Azərbaycan qızları elə düşük, elə rəzil hərəkətlər etdilər ki, Azərbaycan vətəndaşı olduğum üçün özümə nifət etdim. Az qala Murat Bozun corablarını yalayacaqdılar. Hər hansısa müğənnini sevmək olar, amma belə səy-səy hərəkətlər etmək millətin dəyərinə kölgə salır. Azərbaycanda Murat Bozdan daha yaraşıqlı oğlanlar var. Qızlar o oğlanların üzünə də baxmırlar. Çünki pulları yoxdur, məşhur deyillər. Qadınlar tanınmış, varlı kişilərlə ailə qurub rəfiqələrinə, qohumlarına acıq verməyi sevirlər. Uzun sözün qısası, Azərbaycan qızlarının belə düşük hərəkətlərini görəndən sonra Azərbaycan qızları haqqındakı yüksək fikirlərim alt-üst oldu. Konsert zamanı isterik hallara qapılan, özündən gedən, əlini sinəsində saxlayan qızlar hansı xalqın qızları idi? Mən olan hadisələri yazıram. Məni söyməkdənsə bu cür utancverici halların qarşısını alın. Sonra da Murat Boz heyranları Azərbaycan yazarlarına ağır verməklə məşğul olurlar. Bir dəfə Murat Boz heyranı olan qız mesaj yazdı ki, Nicat bəy, müasir yazarlardan kimləri oxumağı məsləhət görürsüz? Mən də cavab yazdım ki, get Murat Bozdan soruş, o bilər.
Məsələ bununla da bitmir. Azərbaycanlı qızlar Bakıdan O səs Türkiyə proqramına gedirlər, bəziləri musiqidən anlayışı olmadığını bilə-bilə yarışmaya gedirlər ki, Murat Bozu qucaqlasınlar. Bu qədər düşük olmayın da, nolar. Rusiyaya gedib Azərbaycana qayıtmayan kişiləri başa düşürəm. Amma Rusiyada yaşayıb Bakıya arvadının yanına qayıdan kişiləri heç cür başa düşə bilmirəm. Rus qadını böyük insandır. Rusiyanı yaşadan, ayaqda saxlayan əsas qüvvə rus qadınlarıdır. Təbii ki, Azərbaycanda savadlı, təhsil ardınca qaçan 5-10 qız tapmaq olar. Lakin kütlə onları əzməklə, əritməklə məşğuldurlar. Mənə inanmayanlar bu videonun 4.43 cü dəqiqəsinə diqqətlə baxsınlar. https://www.youtube.com/watch?v=ouwPqY1QflM
Nə deyəsən? Kimə şikayət edəsən. Hansı ağıllı oğlan belə qızlarla ailə qurar. Hansı oğlan övladına belə ana arzu edər? İşin ən qəribə tərəfi bilirsiz nədir? Konsertə sevdiyi oğlanla gələn qızlar da var idi. Qızlar öz boyfriendlərini atıb səhnəyə- Murat Bozun üzərinə cumdular. Oğlanlar da əl çaldılar. Çox axmaq hadisələr idi. Nəysə deyəsən çox danışdım. Bir daha anladım ki, bu qızlar ana olanda özləri kimi səy insanlar böyüdəcəklər. Rəhmətlik Volter dayı demişkən fanatizm bəşəriyyətin ən dəhşətli bəlasıdır.
P.S Məni konsertə bir xanım oxucu dəvət etmişdi. Sonra o da səhnəyə cumdu. Mənsə salonu tərk edib evə döndüm. Qıza mesaj yazdım ki, yalvarıram, xahiş edirəm ki, bir də mənim yazılarımı oxuma. Bunu özümə təhqir sayıram. Əminəm ki, o qız hələ də niyə belə etdiyimi bilmir.
|