İlqar Fəhmi - "Neft və “adi iş"
07.12.15
(sosrealizm üslubunda elegiya)
Neftçilərin heç vaxt qanı tökülmür… Necə iztirabla ölsə belə… Fəlakətlər çox olur. Amma heç birində qan qırmızısı görünmür. Ya alovun sarısı, ya neftin qarası, ya da dənizin mavisi… Neftçilərin bayrağı bu üç rəngdən ibarət olmalıdı. Sarı, qara, mavi… Qəfil əcəl adətən bu üç rəngdən birindən çıxır… Uşaqlıqdan neftə qarşı antipatiyam olub. Gözümü açandan evdə eşitdiyim söhbətlər yalnız bununla bağlı olub - atam da, yaxın dostları da, qohumlarımızın əksəriyyəti də neftçi olublar, əsasən dəniz mədənlərində işləyiblər. (Ümumiyyətlə, son yüz ildə zirəlilərin içində neft və energetika sənayesiylə bağlı olmayan ailə demək olar ki, olmayıb.) Və məhz buna görə də, başqa yazarlarımız öz uşaqlıq yaddaşını qurdayanda ordan Azərbaycanın müxtəlif bölgələrinin adət ənənəsi, etnoqrafiyası, maraqlı spesifik xüsusiyyətləriylə bağlı xatirələr çıxırsa, mən öz yaddaşımın hansı küncünü qurdalasam, ancaq neftlə bağlı xatirələr çıxır - evdə, yığıncaqlarda, məclislərdə bu xüsusda o qədər söhbətlər gedirdi ki, hətta bezirdim, çünki yığışanların əksəriyyəti eyni sahədə çalışdığına görə söhbət qeyri-ixtiyari gəlib iş məsələlərinin üstünə çıxırdı… Qibtə eləyirdim bir çox dostlarıma. Onların evində elmdən, ədəbiyyatdan mədəniyyətdən, incəsənətdən söhbət gedərkən, mən yalnız «mədən-qazma texnologiyası dərsləri»ni dinləyirdim və qeyri ixtiyari yaddaşıma həkk olunurdu… Özüm görməsəm də həmişə gözümün qabağında dərin özüllər, üzən qazma qurğuları, buruğa yan alan gəmilər, kolon buraxma prosesi, dənizin ortasındakı özülün üstündə quraşdırılan uzun kranlar, səhlənkarlıq nəticəsində baş verən qəzalar, partlayışlar və nələr-nələr canlanırdı… Bütün qohumları, dostları da öz aləmimdə ranqlara bölürdüm - buruq ustaları, qazmaçılar, motoristlər, mexaniklər, elektriklər, qazmaçı köməkçiləri, takelajniklər, krançılar və sair... (amma bu sözlərin məhz rus variantı yaddaşıma həkk olunurdu, çünki danışıq vaxtı rus dilində terminologiyadan istifadə olunurdu və mən yalnız çox-çox sonralar öyrəndim ki, burilşik qazmaçıdı, pombur qazmaçı köməkçisidi, master buruq ustasıdı, takelajnik isə buruqda adi fəhlədi) Hərdən mənə elə gəlirdi ki, artıq hazır yetişmiş neftçiyəm, hər şeyi bilirəm, istənilən vaxt gedib Neft daşlarında işləyə bilərəm… Hər halda o vaxt elə düşünürdüm… Amma ağlıma gəlmirdi ki, atam kimi soyuqda, şaxtada, küləkdə, dənizin ortasında quraşdırılmış buruqdakı qırx metrlik kranın başına çıxıb orda işləmək sadəcə insan işi deyil… İndi bunu sadəcə gözümün qabağına gətirəndə canımı vahimə basır… Şəxsən mən indi dənizin ortasındakı o cür buruqda sadəcə iki-üç gün qalmağı özümçün qəhrəmanlıq hesab edərəm. O ki qaldı burdakı qırx metrlik kranın başına hər gün çıxıb nəsə iş görmək… Bu, mənimçün qəhrəmanlıq sərhəddindən də kənarda olan bir şeydi… Amma o vaxt hər dəfə həftəlik növbədən sonra evə qayıdan atamı qarşılayanda mən çox da yaxşı başa düşmürdüm ki, bu insan hardan gəlir, niyə belə yorulur, niyə məni gəzməyə aparmağa heç vaxt tapmır, niyə evdəki həftənin böyük hissəsini yatıb dincəlməklə məşğuldu, niyə, niyə... Kiçik yaşlarımda bundan küsürdüm, inciyirdim, hətta etiraz səsimi də qaldırırdım… Bir az böyüdüm, yeniyetmə vaxtıma çatdım … Bu dəfə tamam başqa şeylər dolaşırdı fikrimdə. Yeniyetməliyin illüzor azadlığını daha çox hiss eləmək istəyirdim və ayın yarısını atamın evdə olmaması məni artıq qane eləmirdi… İstəyirdim orda daha çox qalsın. Hər dəfə onun geri qayıtmaq vaxtı yaxınlaşanda, ürəyimdə arzu edirdim ki, külək qalxsın, çovğun olsun, gəmi buruğa yan ala bilməsin və mənim növbəti azadlığımın ömrü iki-üç gün də çox olsun… Hətta bir dəfə atamın növbəsi iki həftəyə qədər çəkdi. Güclü külək yatmaq istəmir, məşum «ştormavoy» sözü qohumlarımızın dilindən düşmürdü. Hətta deyilənə görə buruqda ərzaq ehtiyatı da tükənir, kater bir neçə dəfə buruğa yan almağa çalışsa da, yaxınlaşa bilməyib, dalğalar imkan verməyib… Anam xısın-xısın ağlayırdı, mənsə sevinirdim… Çünki daha bir neçə gün sərbəst olacaqdım, rahat gəzib dolanacaqdım… Yeniyetmələr qəddar olur… Ən çox da öz valideynlərinə qarşı… Ən qəribəsi o idi ki, həm atamın, həm də qohumlarımın dilində heç vaxt öz işlərinin çətinlikləri barədə söhbətlər eşitməzdim. Əgər eşitsəydim, təbii ki, çətinlikləri əziyyətləri təsəvvür edərdim, onla gözümdə qəhrəman kimi canlanardılar. Amma eşitmirdim, ona görə elə bilirdim ki, çox rahat bir yerdə işləyirlər, orda hər şərait var, heç bir təhlükə yoxdu, narahatlıqlar filan da əbəsdi…. Bəli, onlar üçün bütün bu əziyyətlər çətinliklər adi şeylər idi. Adi iş qayğıları - buruğu silkələyən tufan da, özülün dayaqlarına çırpılan on metrlik ləpələr də, adamın ruhuna işləyən dəniz şaxtası da, iliyi kəsən rütubət də, yataqdan böyük təzyiqlə çıxan neft də, qaz da, ağır dəmir borular da, müxtəlif ekstremal situasiyalar da, daimi qəza, partlayış və yanğın təhlükəsi də adi iş idi. Məhz buna görə də onlar necə böyük qəhrəman olduqlarını özləri də hiss eləmirdilər… Hətta sovet vaxtı telekanalda, qəzetlərdə neftçilərin qəhrəmanlığından söhbətlər gedəndə dodaqucu gülürdülər də - Bunun nəyi qəhrəmanlıqdı ki? Adi işdi də işləyirik… Adi iş… Dənizin ortasında, tufanın çovğunun qucağında, soyuğun şaxtanın qoynunda, har an qəza, yanğın, partlayış təhlükəsi altında «Adi iş»… Həmkəndlim, sovet dövrünün məşhur jurnalisti Nuhbala Quliyev Neft daşları haqqında bir oçerkində, ordakı yataqxananı təsvir edərkən belə bir cümlə işlətmişdi: Buranın bütün pəncərələri dənizə açılır… Amma mən bu sözü neftçilərimizə aid edərək bir qədər dəyişmək istərdim: Onların bütün pəncərələri qəhrəmanlığa açılır… Əsl qəhrəmanlığa. *** Sovet dövründə əməyin və əməkçilərin ideallaşdırılması ifrat dərəcədəydi. Başqa sahələrlə bağlı deyə bilmərəm, amma konkret neft sənayesiylə bağlı zənnimcə nə qədər yazılsaydı və deyilsəydi də, yenə az idi. Ancaq hər halda bu sadə insanların «adi iş»i kifayət qədər işıqlandırılırdı. Həm mətbuatda, həm ədəbiyyatda, həm kinoda, həm də mədəniyyətin başqa sahələrində… Nəhayət sovet hakimiyyəti bitdi. Mədəniyyətdə və ədəbiyyatda sosializm realizmini də dəfn elədik… Əmək qəhrəmanlığı da keçdi mətbuatın, ədəbiyyatın, mədəniyyətin on beşinci planına… Amma neftçilərimizin «adi iş» davam edir. Məlumdur ki, Azərbaycan neft sənayesi bu saat ölkənin bütün iqtisadi-mədəni inkişafının səbəbkarıdır. Diqqət eləsək görərik ki, bu saat göyə ucalan binalardan da, əlvan villalardan da, müasir çoxulduzlu otelərdən də, yeni çəkilən yollardan da, təmirdən çıxan təhsil və mədəniyyət obyektlərindən də, sürdüyümüz bahalı maşınlardan da, yediyimiz naz-nemətlərdən də, gözəl vaxt keçirtdiyimiz restoranlardan, istirahət mərkəzlərindən də, qısası hər yerdən və hər şeydən neft qoxusu gəlir… Bütün bunlar neftin hesabınadı. Amma evə girib işığı yandıranda, qaz plitəsini qoşanda, televizoru açanda görəsən nə qədər adam fikirləşir ki, sənin məhz bu cür rahat şəkildə işıq yandırmağınçün, evini istiləndirməyinçün, istirahətinçün, əyləncənçün və daha nələrçün-nələrçün, minlərlə neftçi bu saat dənizin üzündə soyuqda tufanda çalışır, vuruşur, əziyyət çəkir… Fikirləşmirik … Çoxumuza elə gəlir ki, neft də elə məhz evimizə çəkilən su kimidi - nə vaxt krantı açsan gələcək… Bəli, məhz belə düşünürük… Hətta çoxu neftçilərə paxıllıq da edir - niyə maaşları bizdən bir az çoxdur? Dəniz amansızdı - sərvətini bizə verir, amma əvəzində qurbanlar tələb edir… Və zaman-zaman neft mədənlərində baş verən müxtəlif həcmli qəzalar zamanı ölən neftçilər sanki dənizə verilən qurbanlardı… Bu həftə isə birdən-birə otuz neftçimizi qurban verdik. Otuz qəhrəman. Otuz igid. Otuz şəhid… Bəli, şəxsən mənim nəzərimdə onlar məhz şəhidlik zirvəsinə ucalan qəhrəmanlardı… Allah hamısına rəhmət eləsin… Ən kədərlisi isə başqa şeydir. Budur, indi bütün saytlar, qəzetlər bu hadisədən yazır, telekanallar danışır, hər yerdə bu xüsusda söhbətlər gedir. Kənardan elə görünür ki, bu faciə milləti əməlli-başlı sarsıdıb. Amma bir həftə sonra internetdə Aygün Kazımovanın yeni 18+ fotoları çıxacaq, Rəqsanənin 35-ci plastik əməliyyatı barədə şayiələr yayılacaq, Əli Mirəliyev kimisə ekrandan söyəcək, ardıyca hansısa məmur oğlunun iki yüz minlik maşın almağı deyiləcək, hansısa oliqarxın yeni ticarət mərkəzinin təqdimatı olacaq… və belə "maraqlı" hadisələrin fonunda bu faciə də hiss olunmadan unudulacaq… Bəli, bizimçün Aygünün büstqalterinin razmeri, Faiqin hansı model maşın sürməyi, Nadir Qafarzadənin kostyumunun qiyməti daha maraqlıdı, daha aktualdı… Bəli, yenə hamı unudacaq ki, Azərbaycanın bugünkü inkişafına, ətrafımızdakı cah-calala görə borclu olduğumuz adi insanlar-qəhrəman neftçilər var… və bu qəhrəmanlar diqqətdən kənarda qalmaqlarına baxmayaraq yenə başlarını aşağı salıb öz işlərini işləyəcəklər… Öz «adi iş»lərini… Dənizin ortasında, tufanda, şaxtada «adi neftçi»nin «adi iş»i… Bircə dəniz heç nəyi unutmayacaq, müvəqqəti sakitləşəcək və pusquya çəkilib növbəti qurbanlarını gözləyəcək… P.S. Əfsuslar olsun ki, nə şəhərətrafı gözqamaşdıran villalarda, nə parlaq göydələnlərdəki apartamentlərdə bircə nəfər də «adi neftçi» yaşamır… Onlar bunun üçün həddən artıq «adi»dirlər… /Kulis/
|