Nicat Həşimzadə - Qadın ola bilməyən arvadlar
07.12.15
Yaşım azdır, gəncəm. Başımdan böyük danışmaq istəmirəm. Qəzet cümlələri yazmaq da mənlik deyil. Həmişə içimdən gələn fikirləri səmimi şəkildə yazmışam. Qadın ola bilməyən arvadlar beynimi, gəncliyimi zorlamaqla məşğuldurlar. Kişilər də onlardan geri qalmır. Evdə arvadıyla bacarmayan kişilər, övladına söz deyə bilməyən arvadlar 3-5 nəfər azad, vicdanlı yazarı tənqid edirlər. Öz qızına ağıl öyrədə bilməyən analar facebook da yüzlərlə kitab oxuyan gənclərə səy-səy nəsihətlər verirlər. Bu tip adamlar öz köləliklərini anlayır və bizim kimi azad fikirli gənclərdən öz köləliklərinin qisasını almaq istəyirlər. Övladları bizim kimi açıqsözlü deyil. Gənc nəsildən hörmət tələb edən bu arvadların və arvadağız kişilərin elmə, sənətə maraqları yoxdur. İşləri-gücləri ancaq ictimai nəqliyyatlarda gənclərdən yer tələb etməkdir. Bir reper dostum bu haqda yaxşı deyib.
“ Azərbaycan qadınları ictimai nəqliyyatda yer uğrunda apardıqları mübarizəni ictimai mövqe uğrunda aparsaydılar avara gənclər yetişməzdi”
Yazırıq, mübarizə aparırıq. Maksimum 10-20 nəfər oxuyur, dəyər verir. Oxucusuz qalmaq qarşılıqsız sevgidən daha ağır dərddir. Kitaba pul xərcləmə mədəniyyətinə sahib ola bilməmişik. Bütün problemlərinin səbəbi bizim kitabsız xalq olmağımızdır. Qızlarımız xarici oğlanları, oğlanlarımız da əcnəbi qızları sevir. 5-10 nəfər oxucu var. Onlar da xarici müəllifləri oxuyurlar. Azərbaycan xalqında qısqanclıq duyğusu çoxdur. Biri- birilərinin inkişafına mane olurlar.
Bir dəfə avtobusda rus qadına yerimi təklif etdim. Təxminən 70 yaşı olardı. Qadın yerimdə əyləşməkdən imtina edərək dedi: - Mən təqaüd alan qoca adamam. Bütün günü evdə yatıram, sənsə gəncsən yəqin tələbəsən, ya da işləyirsən. Əyləş, oğlum. Qadın aşkar hiss ediləcək rus aksentiylə danışırdı. Bu da, bəyənmədiyiniz rus qadını. Azərbaycan qadını dünyasında belə hərəkət etməz. Metroda dəfələrlə fikir vermişəm, rus qadınları, rus qızları ciddi bədii əsərlər oxuyurlar. Azərbaycan qadınları isə ən yaxşı halda Ahmet Batmanla Çingiz Abdullayevi oxuyurlar. Hətta 50 yaşlı Azərbaycan kişisinin Kahraman Tazeoğlu oxuduğunu görmüşəm.
Azərbaycan qadınından uğurlu gələcək yaradacağını gözləmək olarmı? Bu suala müsbət cavab vermək üçün inandırıcı əsaslarımız varmı? Məncə bu haqda ciddi düşünmək lazımdır. İlk növbədə arvadları qadınlaşdırmaq lazımdır.
|