Elçin İmanov - İki Don Juan 
03.12.15

Alber Kamyu “Sizif mifi” essesinin ikinci hissəsində üç tip absurd insandan söz açır. Onlardan birincisi və bizim yazımızın mövzusu – Don Juandır.

Don Juan (ad ayrı-ayrı əsərlərdə məsələn, ruslarda Don Quan, ispanlarda Don Xuan, italyanlarda Don Covanni kimi gedir) elə obrazdır ki, o, dünya ədəbiyyatında, musiqisində, kinosunda, heykəltəraşlığında, rəssamlığında – bir sözlə sənətdə yüzlərlə əsərə can verib. Ondan kimlər bəhs etməyib?! Bir balaca araşdırmaqla ortaya nə qədər imzanın çıxdığını görə bilərik. Kamyu, Kyerkeqor, Motsart, Repin, Molyer, Balzak, Bodler, Merime, Bayron, Brext, Şou, Blok, Svetayeva, Puşkin və başqaları. Görəsən, böyük sənətkarları kütlə içində heç də xoş qarşılanmayan belə bir obraza yenidən qayıtmağa, ona müraciət eləməyə nə vadar edib? Bunun səbəbi nə ola bilər?

Ümumiyyətlə, Don Juan müsbət yoxsa mənfi obrazdır? Donjuanizm, Donjuanlıq deyəndə oxucunun ağlına ilk nə gəlir? Don Juan yaramaz, əxlaqsız, hiyləgər, kələkbaz, riyakar, pozğun, eqoist, dinsiz, vicdansız, gəzəntə, arvadbaz, qadın düşkünü, hedonist (görürsünüzmü nə qədər epitetləri var?) obrazdır.

Don Juan haqda yaradılmış əsərlərin hamısında onun həyatının yalnız bir fraqmenti təsvir olunur.

Süjet hər yerdə (ən azından bizim haqqında danışdığımız əsərlərdə - Molyerin “Don Juan”  komediyası və Puşkinin “Daş qonaq” dramında) eynidir, ola bilər bəzi yerlər buraxılsın; o da ola bilər ki, hadisələrin yeri (Siciliya, Madrid, Misir və s.) başqa olsun: Don Juan və nökəri, Don Juan bir qadından ayrılıb ikinci qadına doğru səyahəti, Komandorun dəvət edilməsi, Don Juanın ölümü. Göründüyü kimi, bu, ümumilikdə, Don Juanın sonu olan, qəhrəmanın həyatındakı axırıncı fəsildir, ölümdür. İndiyə qədər bu obrazın prototipi konkret olaraq müəyyən edilə bilməyib. Orta əsrlədən gəlmə müxtəlif versiyalar, əfsanələr, miflər var. Ona görə də biz ancaq obrazın özü barəsində, əlimizdə olan haqda danışmaq məcburiyyətindəyik. Üstəlik, Don Juanın uşaqlığı və ilk gəncliyi də qaranlıq qalan məsələdir. Bu da bizi vadar edir ki, Don Juanı Don Juan olmağa vadar edən, obraz kimi başqalarından fərqləndirən səbəblər haqda yalnız davranışına və sözlərinə əsasən, yəni onun keyfiyyətinə görə fikir yürüdə bilək, nəticə çıxaraq. Oxucu başa düşəcək ki, yazının müəllifi heç də orazın tərəfini tutmur; biz sanki əlimizdə fənər qaranlıq otağa girmiş oğru kimi hərəkət edəcəyik, məqsədsə oğurluq yox, aşkara çıxarmaq, deşifrə etməkdir. Onun gözləri ilə dünyaya baxmağa çalışmaqdır. Buna nə qədər nail olacağımıza, sözsüz, həmin oxucu qərar verəcək.

Don Juan kimdir? O, aristokratik mənşəyə malikdir, əsli-nəcabəti var, yuxarı zümrədəndir.

Don Juan qarşısına hansı hədəfi qoyub? Bir qadından başqa qadına keçmək. Hər qadın onun üçün sadəcə müvəqqəti dayanacaqdır, Kamyunun dediyi kimi, onun qadınları toplamaq adlı məqsədi yoxdur, qadın kolleksioneri deyil. O, keyfiyyətə yox, kəmiyyətə üstünlük verir; hər yeni eşqdən kam almağa can atır və buna həmişə nail olur. Gördüyü hər gözəlin qəlbini ələ keçirmək onun üçün bir qaşıq su içmək qədər asandır. Sanki, Don Juan oyuncaqlarını tez-tez dəyişən uşaq kimidir. Qadınlar onu rəhimsiz adlandırmaqla yanılırlar, çünki Don Juanla aralarındakı məsafəni nəzərə almırlar. O, sevgidə səxavətlidir; qadın qəlbinin mahir mühəndisidir. O, yaxşı bilir ki, qadınlar sevgi üçün yaradılıblar. Lakin mötərizə içində qeyd eləmək lazımdır ki, onu heç bir halda əziz dostla eyniləşdirmək olmaz.

Don Juanın silahı sözdür. Adamların ürəyini yumşaltmağı məharətlə bacarır, onları razı sala bilir. Bu kontekstdə onun sosial talantı ortaya çıxır. Məsələn, Molyerin Don Juanında özünə borcu olan adamı yola saldığı səhnəni xatırlaya bilərik. Amerikan psixoloqu Riçard Bendler dilin fokuslarına ustalıqla yiyələndiyinə görə Don Juanı NLP ustası adlandıra bilərdi.
Don Juan əxlaqsızdırmı? Kütlə üçün, çoxluq üçün bəli. Çünki əxlaq onun üçün kütlənin qəbul etdiyi anlamı vermir. O cəmiyyətin dəyərlərini saymır, bu mənada o nihilistdir. Müəyyən məalda o, həm də “artıq adam”dır. Amma o, peçorinçilik, oblomovçuluq eləmir, həyata passiv münasibəti yoxdur.

Kamyu yazırdı ki, onu heç immoralist də saymaq olmaz. Əgər Don Juan əxlaqsızdırsa onda ona inanan (yaxud aldanan) qadınlar kimdir? Qurban yoxsa sadəlövh? Axı qadınlar ona biganə deyil.

Don Juan macəranı sevir. Amma o pikaresk obraz deyil.

Don Juan riyakar adamdırmı? O nə zaman, nəyə və kimə görə yalan danışır? Molyerin Don Juanı deyir: “İkiüzlülük dəbdə olan xəstəlikdir. Dəbdə olan xəstəliklər isə xeyirxahlıq hesab olunur. Bizim zəmanəmizdə ikiüzlülüyün böyük məziyyətləri var. Bu sənətin sayəsində yalan həmişə hörmətdədir.”

Don Juana niyə nifrət edirlər? Bunun səbəbi, onun heç kimdə olmayan azadlığı ola bilər. Kamyu bu azadlığı absurd azadlıq adlandırırdı. O mərddir, cəsarətlidir. Onunçün bir qadına əbədi bağlanıb qalmaq sarsaqlıqdır. Qadınlardan qopardığı hər görüş onu xoşbəxt edir. Əlindəki ilə heç vaxt qane olmur. O, istəyinə nail olmaq üçün oddan-sudan keçməyə, hətta zəfər ilahəsi Nikanı belə yoldan çıxarmağa hazırdır. O, qələbədə-qələbəyə yaşayan fateh kimi ömür sürməyi özünün həyat missiyası seçib. Bu, həm də monoton zadəgan həyatına olan qiyamdır. Belə bir missiya onun üçün artıq vərdişə çevrilib. Biz heç yerdə onun vərdişindən bezdiyini görmürük. O, belə xoşbəxtdir. Onun evdemoniyası maksimuma çatmaqdır. Amma bu haraya qədərdir - o bunu bilmir və heç bu barədə də düşünmür.

Don Juan üçün din, etika hansı mənanı verir? O, Allaha, ruhlara, o biri dünyaya inanmır.  Tez-tez işlətdiyi “göylər”, “müqəddəs göylər” sözü belə bir obrazın dilində ironik səslənir. Halbuki o çox rahat şəkildə içini dini doqmalarla, aldanışlarla doldura bilər, necə ki hamı edir. O bilir ki, əgər xırda da olsa dini hissi daxilinə buraxsa o zamanla böyüyüb onu tam “kor edəcək”. Ona görə də, sadəcə, təhlükəli oyundan kənarda autsayder qalmağı seçir.

Onun zadəgan ləyaqəti var. Sözünün üstündə durur. O bilir ki, dünya ədalətsizliklə, hər cür şərlə doludur. O düşünür ki, əgər fövqəltəbii qüvvələr, varlıqlar yoxdursa, bütün yaxşılıqların ilahi qarantı mövcud deyilsə, deməli günah da, o günahların cəzası da yoxdur və “hər şeyə icazə verilib”. Amma o anarxist də deyil. Və maraqlıdır ki, onun axırına, inanmadığı o biri dünyadan gəlmiş obraz çıxır.

O bilir ki, din kimi, sevgi də illüziyadır. O, bütün Verterlərin düşmənidir, antipodudur. Don Juan başına güllə çaxan sentimental Verterlərə həmişə gülür. Amma o özü də xəyalpərəstdir. Puşkinin Don Quanı, Anna Axmatovanın yaxşı qeyd elədiyi kimi, həm də şairdir, söz də qoşa bilir.

Don Juan gələcəyə necə baxır? Onun arzuları hansıdır? Onun konkret arzuları yoxdur. O, gələcəyi olmayan dünyada yaşayır, yəni bugünlə yaşayır, həyatın və bütün fəlsəfənin mənasını və səmərəsini indidə görür. O heç vaxt hədəfinə çata bilmir, çünki onun hədəfi konkret birisi deyil. Bu mənada o bir növ Tantal iztirabları yaşayır. Çünki o bilir ki, əgər bir qadında ilişib qalsa o artıq Don Juan olmaqdan çıxacaq və azadlığını itirəcək. Onunçün azadlıq hər şeydir.

Don Juana sadəcə ehtiras qurbanı, bədbəxt erotoman kimi baxmaq da fikrimcə sadəlövhlük olardı.

Don Juan rasionaldır, ağlı başındadır, amma müdrik deyil. O, ağalar-qullar dünyasının qanunlardan, həyat oyunun qaydalarından, təbiətin necə qurulduğundam, sosial instinktlərdən çox gözəl xəbərdardır, onun xəyalpərəstliyinin də sərhədləri var. Onun Dona Annaya dediyi sözlərə baxaq: “Dəlilik sanılır ölüm arzusu?!.../Mən dəli olsaydım vardı nə dərdim,/Sizsiz iztirablar içrə yanmazdım,/Dünyanı cəhənnəm odu sanmazdım...”. Burada onu da qeyd eləməliyik ki, hər müəllif Don Juana özündən bir pay əlavə edib. Anna Axmatova deyirdi ki, Don Quan Puşkinin özüdür.

Don Juan haqda yazılmış əsərlərin hamısında sonda Don Juan ölməlidir. Bu, obrazın ədəbi və əbədi taleyidir. Bu ölüm yerin dibinə gömülməklə baş verir. Miskin ölümdür bu. Molyerdə göy gurlayır, şimşəklər çaxır, yerin dibindən alov boylanır. Yarğan və alov cəhənnəmin işarəsidir. Bundan sonrasını yazmaq artıq, Bodlerə aiddir. Hər dəfə obrazın məhv olduğu yeri oxuyanda mənə elə gəlir ki, Don Juanın ölümü kütlənin marağına, onu razı salmağa hesablanıb. Sanki oxucu komedik sonluğu oxuyub sevinir, gülür, obrazın cəzalanmasına ürəyində təskinlik tapır, “belə də olmalıydı” deyir. Axı o nifrət və lənət obyektidir və universal əxlaq – daş qonaq, heykəl tərəfindən cəzalanmalıdır. Mən bir müəllif kimi belə bir obrazı heç vaxt öldürməzdim. Buraya qədər yazdıqlarımın hamısı bir Don Juan haqqında idi.
İkinci Don Juan oxucunun təsəvvür elədiyi obrazdır. Biz burada ənənəvi mətndən çıxırıq və təxəllüyümüzə güc verib yeni mətn, mif yaratmağa cəh edirik. Borxes deyirdi, ədəbiyyat miflə başlayıb miflə də bitir. Məqsəd onu miskin sondan xilas etməkdir.

İkinci Don Juan qoca Don Juan ola bilər. Məsələn, Kamyuya görə əsl faciə əslində daşı qonağın gəlməməsində idi; onu qocalmış halda bir monastrda təsəvvür edirdi. Amma o biri tərəfə – axirətə inanmayan birisi günahlarına görə tövbə edə bilərdimi? Bu, məntiqəuyğun deyil. Çünki ahıl Don Juan heç kimə lazım deyil, amma mən belə təsvirə üstünlük verməzdim. Çünki bu, zəngin, dolu, maksimum həyat yaşamış birisi üçün, azadlığı dadmış birisi üçün sevgidən uzaq, alçaldıcı, olduqca kədərli, melanxolik, dekadent və əlbəttə ki, absurd sonluq olardı. Yaxud da Rudin kimi barrikadalarda bir əlində bayraq ölə bilər, onun zadəgan ləyaqəti buna tam haqq qazandırır. Buna şərəfli son deyərdim. Mümkün variantlardan biri də budur ki, Don Juana daha heç kim inanmır. Bu, Biseyin taleyinə bənzəyir, qəmgin sonluqdur. Dördüncü variant da var. Bu, əbədi səyahətdə olan Duan Juandır. Fikrimcə bu variant daha yaxşıdır, burada ölüm, o biri dünyanın simvolu olan komandorun addım səsləri, daş qonağın soyuq əli, qyenna yoxdur, ölüm üfüq kimi uzaqdır. Burada nə başlanğıc, nə də son var. Burada gənc Don Juan, onu sevən qadınlar və azadlıq var.

Beləliklə, əziz oxucu, başlanğıca qayıdırıq: Don Juan müsbət yoxsa mənfi obrazdır?

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.