Oğuz Ayvaz - Unutmaq bütün sevdiklərini...
01.12.15
Anti-kədər
bu gün dərdlərə ara vemək lazımdı, gəzmək dəniz sahillərini, qulaq asmaq suyun daşlara dəyən səsinə, baxmaq dənizin üzərində uçuşan qağayılara unutmaq bütün sevdiklərini... bu gün dərdlərə ara vemək lazımdı.
bu gün hər şey istədiyin kimi olmalıdı, gəmilər kədərləri uzaqlara aparmalıdı, kədərlər duman şəklində çıxmaldı borulardan sonra kiçik qayıqlar sevinc gətirməlidi, sevgilər limana çıxmalıdı səssizcə... bu gün hər şey istədiyin kimi olmalıdı.
Yazıla bilməyən şeir
küçələr adamsızdı, külək səkilə sevişir, bu gün adamlar yoxa çıxıb qəssab dükanın yanında erkək buğa miskin baxışları ilə öləcəyi saatı gözləyir, arxasında küçə pişiyi ət axtarışında, buğanın adı birazdan ət olacaq, bu mənzərəyə hansısa filmdə baxmışdım: orda pişiyə buğanın əti çatmırdı. buğanın gözlərində isə saysız-hesabsız ulduzlar axışır, göy üzünə qaranlıq ilxı tək sürünür, qəssabın əlindəki bıçağın parıltısı buğanın gözlərindən daha zəif, daha sönük. küçə rəssamı bu mənzərəni çəkə bilməyəcək qədər aciz, miskin... mən isə bu şeiri yaza bilməyəcək, narkozdakı kimi onların hərəkətlərini izləyəcək...
Həyat
qaranlıq çökəcək evlərin üstünə, yağış damcıları düşəcək yollara, top oynayacaq uşaqlar çığıra-bağıra, bir quş çiçək gətirəcək dimdiyində pəncərəm önünə buraxacaq və yox olacaq qaranlıqda.
|