"Qanun"da “Qar adam”, “Sonuncu Don”, "Sirlər qapısı" çap olundu
26.11.15
YU NESBÖ - QAR ADAM
Həqiqətən, ilk qarın öz füsunkarlığı var. O, sevgililəri görüşdürür,
səsləri batırır, kölgələri uzadır, izləri gizlədir. Harri Hole itkin
düşmüş Birta Bekkeri axtara-axtara belə bir nəticəyə gəlir ki, ilk qar
yağan günü Norveçdə neçə illərdir ərli qadınlar izsiz itirlər. İlk
dəfədir Harri silsilə qətllər törədən qatillə öz vətənində üzləşir.
Qəzetlərin “Qar adam” ləqəbi verdikləri cinayətkar, sanki baş inspektora
bilərəkdən sataşır, onu dəli olmaq dərəcəsinə gətirib çıxarır...
Bakı, Qanun Nəşriyyatı, 2015, 652 səhifə. Tərcümə: Müqəddəs Şahbazov
MARİO PUZO - SONUNCU DON
Mario Puzonun adını tanıtdırmağa ehtiyac yoxdur. O, məşhur “Xaç atası”
romanının müəllifidir. “Sonuncu Don” romanında da həmin ailənin
taleyindən bəhs olunur. Lakin burada hadisələr otuz il sonra baş verir. Qoca
Don öz nəvələrinin gələcəkdə qanuna hörmət göstərən dövlətli insanlar
kimi yaşamasını təmin etmək istəyir. Ancaq otuz il əvvəl baş verən
hadisələr qanlı bir əks-səda kimi qəfildən ortaya çıxaraq vəziyyəti
fəlakətə doğru aparır. Bu fəlakətin qarşısını təkcə Don ala bilər. Ancaq
nəyin bahasına – çox, yoxsa az qurban verməklə? Axı söhbət Ailədən
gedir...
Bakı, Qanun Nəşriyyatı, 2015, 688 səhifə, Tərcümə: Sədaqət Əhmədova
ƏHMƏD ÜMİD - SİRLƏR QAPISI
İtkin atası ilə dünyaya gətirəcəyi uşaq arasında qalmış bir qadın...
Həyatın mənasını axtaran bir insan: Karen Kimya... Qapıları sirlərə
açılan bir şəhər... Sirlərin möcüzələrə çevrildiyi gecələr. Möcüzələrin
həqiqət sayıldığı zamanlar... Yeddi yüz əlli il öncədən eşidilən
pıçıltı... Eşqi yalnız eşqlə dadanların ətirşah nəfəsi... Ölümün yox edə
bilmədiyi bir sevda... İllərə dayaqlanan bir sevgi: Şəms Təbrizi və
Mövlana Cəlaləddin Rumi... Günümüzdən təxminən yeddi yüz əlli il əvvələ
uzanan gərginlik dolu, həyəcan yüklü, mistik bir macəra...
Bakı, Qanun Nəşriyyatı, 2015, 456 səhifə, Tərcümə: Əziz Rzazadə
|