Kənan Hacı - Hötenin Fausta bənzəyən müasiri
16.11.15

Elə əsərlər var ki, insan ömrü boyunca axtardığı sualların cavabını o əsərlərdə tapır və buna görə də hər dəfə həyatın axarı bizi dolaşıqlığa salanda həmin əsərlərə müraciət edirik. Çox qəribədir ki, bu əsərlər hər dəfə oxunanda oxucuya başqa gizli mətləbləri, indiyə qədər nədənsə onun gözündən yayınan ayrı mənaları nişan verir. Təəccüblənirsən ki, necə olub, bu qədər aydın, lap üst qatda sayrışan fikri tuta bilməmisən, o ki, lap sənin gözünün önündədir!

Yohan Volfqan Hötenin “Faust” əsəri mənim üçün məhz bu tipli əsərlərdəndir. Höte ömrü boyu nifrət etdiyi mühitə uyğunlaşmaq məcburiyyətində idi. O, saray naziri idi, amma bütün yaradıcılığı boyu ictimai quruluşun eybəcərliklərinə qarşı döyüşmüşdü, azad insan cəmiyyəti qurmaq arzusuyla alışıb yanmışdı. O, anlayırdı ki, belə bir cəmiyyətdə yaşamaq ona nəsib olmayacaq, buna görə də bütün zəkasını, istedadını səfərbər edib “Faust” kimi möhtəşəm bir söz abidəsi ucaltdı. Arzusunda olduğu ideal cəmiyyəti “Faust”un sonunda yarada bildi. “Faust” haqqında o qədər yazılıb ki, mənim düşüncəm bu yazılmış, deyilmiş fikirlərin ötəsinə adlamaq iqtidarında deyil. Bu yaxınlarda əsəri yenidən oxudum və içimi qəribə bir məğlubiyyət hissi bürüdü. İnsan oğlu bu cür möhtəşəm əsərlərdən sonra da əlinə qələm alıb nəsə yaza bilərmiş. Höte ona qədər xalq rəvayətlərində dolaşan  doktor Fausta ədəbi vətəndaşlıq pasportu verdi. Düzdür, ondan əvvəl XVI əsr ingilis dramaturqu Kristofer Marlo “Doktor Faustun faciəli əhvalatı” dramını yazmışdı. Amma Höte yunan mifologiyasına, qədim yunan şairi Homerin “İliada” və “Odisseya”sına söykənərək “Faust”u bəşəri düşüncənin yaddaşına əbədilik həkk etdi. “Faust” 1774-cü ildə yazılmağa başlayıb və Hötenin ölümündən bir il öncə, 1831 ci ildə tamamlanıb. Höte bu əsərin yazılmasına 57 il (!), yarım əsrdən də çox vaxt sərf edib.

Göydə Tanrı ilə şeytan arasında mübahisə gedir. Şeytan Faustu asanlıqla əyri yola çəkə biləcəyini iddia edir.Tanrı isə insanın yaradılış etibarilə mükəmməl olduğunu, bəzən səhv etdiyini, bütün bunlara baxmayaraq şeytanın toruna düşmədən doğru yolu tapa biləcəyini söyləyir və şeytana Faust üzərində sınaq aparmağa icazə verir. Bundan sonra ömrünü elmə sərf etsə də, istədiyi nəticələri əldə edə bilməyib təbiət üzərində öz hökmünü yeritmək üçün cadugərliyə əl atmış Faust özü də bilmədən Mefistofelin əlində oyuncağa çevrilir. Hötenin ehtişamlı bədii təfəkkürü yerdən göyə ucalmış sütunlar kimidir, bu sütunlar sanki Atlant kimi əsərin ideyasını öz çiyni üzərində saxlayır.

Hötenin ədəbi təfəkkürü misilsiz xəzinə olan yunan mifologiyasından bəhrələnirdi. Yunan mifologiyasını bilməyən adam “Faust”un sıx söz meşəsində azmağa məhkumdur. Faustun Marqarita ilə din barədə söhbəti isə avtobioqrafik təsir bağışlayır. Çünki Hötenin bioqrafiyasına bələd olanlar bilir ki, o, xristian əxlaqına hörmət bəsləsə də heç vaxt kilsəyə dua etməyə getməyib. O, xristian dinini kilsənin təlqin etdiyi mənada yox, özünün analitik təfəkkürünə əsaslanaraq qəbul edirdi. Marqarita Faustu dini ayinlərə hörmət etməməkdə ittiham edir, ondan “Allaha necə, inanırsanmı?” deyə soruşur. Faust belə cavab verir:

Kim deyə bilər ki, inanıram çox,
De, bunun cavabı səncə, asanmı?
Soruşsan keşişdən, müdrik qocadan,
Heç kəs bu suala bil ki, heç zaman
Cavab verə bilməz...


Əlbəttə, Faust dinsiz deyildi, az sonra dedikləri də bunu göstərir:

Bütün kainatı təmsil eləyən
Və bütün varlığı hifz edən odur.
Onun hökmündəyik sən, mən əzəldən.


Burda Faust Tanrını Marqaritaya öz bildiyi kimi izah edir: “Ona istədiyin adı ver sabah, de sevgi, səadət, ürək ya Allah!” Faustu Mefistofelin qarşısında əl buyruqçusuna çevirən də içindəki tərəddüdlər idi, Mefistofel onun zəif nöqtələrini yaxşı bilirdi, o, nəyə can atırdısa, bu məkrli məxluq onun istəklərini həyata keçirirdi. Onun əlilə Marqarita fəlakətə düçar olur. Sonra araya gözəl Yelena girir, amma... Faust istəyinə çatdığı andan həyat onun üçün bitir. O, xoşbəxtliyi fəaliyyətdə tapır. Volterin Kandidini xatırlayın, insanın səadəti öz bağını əkib-becərmək və öz zəhmətinin bəhrəsini görməkdədir. “Kandid” bu fikirlərlə tamamlanır. Faust da insanın həyatının mənasını çalışmaqda görür. Höte mələkləri yollayır ki, Faustun ruhunu qorusunlar. Mefistofel onun ruhunu ələ keçirə bilmir.

Bütün Avropanı böhran bürüdüyü vaxtda artıq öz gücsüzlüyünü hiss edərək arvadıyla birlikdə Braziliyada intihar edən yəhudi mənşəli Avstriya yazıçısı Stefan Sveyqin “İblislə savaşanlar” əsəri XIX əsrin üç böyük dahisi – alman şairi, Hötenin müasiri Yohan Fridirix Holderlin (1770 -1843), yenə alman şairi və dramaturqu Heynrix von Kleist (1777-1811, o da Hötenin müasiri idi – K. H), bir də alman filosofu Fridrix Nitşe (1844 -1900) haqqında portretlərdən ibarətdir. Holderlin haqqında bölümdə Sveyq onun xarakterini və yaradıcılığını Höte ilə müqayisəli şəkildə təhlil edir və çox maraqlı nəticələrə gəlib çıxır. O, “İblislə savaşanlar” kitabında belə yazır: “Höte özü ilə tam barışmış insan idi, o, faciəvi obraz kimi tanınmamışdı, əksinə, onun son dərəcə güzəştə gedən, tez razılaşan təbiəti vardı. O, haqqında bəhs edilən digər üç şair kimi əbədi müharibəyə can atmır, özünü “mühafizəkar və həyatsevər qüvvə” adlandırırdı. O, həyata hissləri ilə tabe olurdu, elə hisslərə ki, onları ruhanilikdən başqa bir şey adlandırmaq olmazdı, o, həyata nə isə ali, qarşısında baş əydiyi yüksək bir amal kimi yanaşırdı. ...Hötenin dünya malına, varlığa olan bu sevgisi bütün səylərini şeytan təbiətinin əleyhinə yönəltməyə imkan verir, bu yolla o, möhkəmlik qazanır, müdrikcəsinə özünüqoruma instinktlərinə yiyələnir”. Daha sonra isə Sveyq qeyd edir ki, Hötenin həyat formulu bir çevrə yaratmaqdan ibarətdir, bu, qapalı bir çevrə, öz ətrafında tam dövrə vurmuş, özünə qapanmış, daim özünə qayıdan, həmişə öz mərkəzində eyni uzaqlıqda olan bir çevrədir. Şeytaniliyin formulu isə çevrə deyil, paraboladır, onun sürətlə zirvəyə doğru irəliləyən və ordan eyni böyük sürətlə sərt eniş edən trayektoriyası var. Onların ən yüksək mövqeləri (həm poeziyada, həm həyatda) istisnasız bir enişlə nəticələnib, sanki onlar sirli bir qüvvə ilə zirvədən dibə doğru yuvarlanıblar. Bunun üçün də şeytani təbiətin həlak olması, Hölderlinin, Kleystin, Nitşenin həlak olması onların talelərinin ayrılmaz bir parçası, məntiqi sonluğu idi. Höte ilə müqayisədə Hölderlinin poetik varlığı olduqca yoxsul görünür. Sveyq yazır ki, “bəlkə də alman tarixində heç vaxt belə cüzi poetik vergiylə, istedadla belə böyük şair yetişməmişdir”.

Şiller və Höte onu şeytaniliyin və divanəliyin cəngindən qoparmağa çalışsalar da sonda bunun mümkünsüz olduğunu görüb beli qırılana qədər diz çökmüş halda buraxırlar. O, öz qəlbini klassiklərin soyuqqanlı sınağından xilas edir və özünü içindəki fırtınaların ixtiyarına buraxır. Özünü “tale sərxoşu kimi ikinci dəfə həyatın qoynuna atır”. (Stefan Sveyq)

Hölderlin özünün ipə-sapa yatmazlığı ilə, ruhunu şeytana təslim etməklə Hötenin Faustuna çox bənzəyir. Onun xarakteri ilə Faustun idealları arasında qəribə bir paralellik var.Faustu da fəlakətə sürükləyən elə bu coşqun xəyallar olmamışdımı?!

/Ədəbiyyat qəzeti/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.