“Ortaq Atalar Mirası” adlı 100 cildlik nəşr hazırlanacaq
12.11.15
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Jandos Asanov ilə görüş keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonağı salamlayaraq Akademiyanın yarandığı vaxtdan etibarən ötən fəaliyyət müddətində qazandığı mühüm nailiyyətlərindən, beynəlxalq elm strukturlarına inteqrasiyasından danışıb. Hazırda elmi təşkilatın 70 illik yubiley ərəfəsində olduğunu vurğulayan akademik Akif Əlizadə artıq yubileylə bağlı bir sıra tədbirlərin həyata keçirildiyini bildirib.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Ədəbiyyat İnstitutunun Beynəlxalq Türk Akademiyası (BTA) ilə əməkdaşlığından danışıb. Bildirib ki, bu əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilir. BTA-nın təşkilatçılığı ilə 2015-2016-cı illərdə “Ortaq türk ədəbiyyatı” proqramının və dərsliyinin çap etdirilməsi üçün ilkin hazırlıq işlərinə başlanılıb, eləcə də “Ortaq Atalar Mirası” adlı 100 cildlik nəşrin ilk 10 cildinin çapı üçün müzakirələr aparılır. Bundan başqa, AMEA “Ortaq Atalar Mirası” layihəsinə daxil edilmiş “Kitabi-Dədə Qorqud” dastanlarının Drezden və Vatikan nüsxələrinin çapını, “Koroğlu” dastanının və Məhəmməd Füzuli bircildliyinin nəşrə hazırlanmasını öz üzərinə götürüb.
|