Seymur Baycan - Kişilər bir olmur
02.11.15
Qadınlar deyirlər kişilərin hamısı bir bezin qırağıdır, amma elə deyil. Şair demişkən, kişilər bir olmur, müxtəlif cür olur. Elə kişi var xəsisdir, elə kişi var səxavətlidir. Kişi var boyu ucadır, kişi var boyu gödəkdir. Elə kişi var sakit yatır, səsi çıxmır, eləsi var xoruldayır. Kişi var üz cizgilərinin hamısı yerindədir, amma bir qram xarizması yoxdur. Kişi var üz cizgiləri yerində deyil, amma güclü xarizması var. Elə kişi var saqqal ona yaraşır, elə kişi var saqqal ona yaraşmır. Kişi var balıq yeməyi xoşlayır, kişi var balıq yeməyi xoşlamır. Bəxti gətirən kişi var, bəxti gətirməyən kişi var. Kök kişi var, arıq kişi var. Elə kişi var danışmağı sevir, elə kişi var danışmağı sevmir. Elə kişi var toyda oynayır, elə kişi var toyda oynamır. Elə kişi var çox yeyir, elə kişi var az yeyir. Kişi var arıq qadınları xoşlayır, kişi var kök qadınları xoşlayır. Kişi var başında beyin gəzdirir, kişi də var başında beyin əvəzinə peyin gəzdirir. Kişi var arvaddan qorxur, kişi var arvaddan qorxmur. Kişi var yaltaqlanmağı bacarır, kişi var yaltaqlanmağı bacarmır. Kişi var qısqancdır, kişi də var nə edirsən et, heç cür qısqanmır. Kişi var əlindən hər iş gəlir, kişi var Allahın bir mıxın divara vura bilmir. Kişi var qəddardır, kişi də var mərhəmətlidir. Kişi var gözü toxdur, aza qane olur, kişi də var itə də tamah salır. İndi durub necə deyəsən kişilərin hamısı bir bezin qırağıdır. Kişilərin hamısı bir bezin qırağı deyillər, ayrı-ayrı bezin qırağıdırlar. Yuxarıda sadalanan növlərin hamısına ayrı-ayrılıqda münasibət bildirsək gərək uzun bir dastan yazaq. Biz bu yazıda iki cür kişilərdən söhbət açacağıq. Söhbət uşaqlıqda birbaşa ana qayğısı görən və ana qayğısı görməyən kişilərdən gedir. Ana qayğısı görən kişilər analarına oxşar qadınlar axtarırlar. Əlbəttə ki, analarına oxşar qadınları çətinliklə tapırlar. Tutaq ki, analarına oxşar qadın tapıldı, axı uşaqlığı hansı qadın qaytara bilər? Bu mümkünsüz bir şeydir. Qadın nə qədər fədakar və qayğıkeş olsa da kişinin uşaqlığını geriyə qaytara bilməz. Əgər uşaqlıqda kiçik bir hədiyyə, nə bilim bir oyuncaq, bir şirniyyat növü adama sevinc bəxş edirsə yaşlanandan və dünyanı az-çox dərk edəndən sonra bu cür kiçik hədiyyələrlə adamı xoşbəxt etmək qəlizləşir. Bığlı-saqqallı kişiyə şirinquş verib necə deyəsən get xoşbəxt ol? Bığlı-saqqallı kişiyə bir oyuncaq hədiyyə edib necə deyəsən get sevin? Bir az qanandan, dünyanı dərk edəndən sonra xoşbəxt olmaq şansları da azalır. Uşaqlıqda ana qayğısı görməyən kişilərin vəziyyəti uşaqlıqda ana qayğısı görən kişilərin vəziyyətindən daha pisdir. Əgər ana qayğısı görən kişilər analarına oxşar qadın axtarırlarsa, ana qayğısı görməyən kişilər isə ümumiyyətlə qadınlara inanmırlar. Uşaqlıqda ana qayğısı görməyən kişilər dedikdə uşaqlıqda yetim qalmış kişilər nəzərdə tutulmur. Sadəcə elə qadınlar var uşaqlarını oxşamırlar, əzizləmirlər. Təbiətləri belə deyil. Amma bu o demək deyil ki, övladını oxşamayan, əzizləməyən analar fədakar analar deyillər. Ola bilsin uşağını oxşamayan, əzizləməyən qadınlar uşağını oxşayan və əzizləyən qadınlardan bir ana kimi daha fədakardırlar. Bir daha təkrar edək, sadəcə oxşamaq və əzizləmək təbiətlərinə yaddır. Uşaqlıqda ana qayğısı görməyən kişilər dedikdə biz belə anaların övladlarını nəzərdə tuturuq. Bu bölgü daha çox yazıçılara aid olunur. Ana qayğısı görmək və görməmək yazıçıların yaradıcılığına, qadınlara münasibətinə kəskin təsir göstərib. Uşaqlıqda ana qayğısı gördün, ya görmədin fərqi yoxdur, hər iki halda yazıçını təəssüf gözləyir. Əsas odur ki, işini yaxşı bacarasan. Həyat çətinləşdikcə işinə daha çox sığınasan. İtirilmiş zamanın, təəssüflərin, məğlubiyyətlərin, şəxsi həyatdakı uğursuzluqların acığını, əvəzini işlə çıxarasan. İşləmək, işləmək, işləmək. Başqa yol yoxdur. Necə deyərlər, diyirlənən daşı yosun basmaz. P.S. Yazıda Qriqoriy Çxartişvilinin “Yazıçı və intihar” əsərindən istifadə olunmuşdur. /Kulis/
|