Moskvada Azərbaycan Yazıçılar Birliyinin nəşri olan "Dünya ədəbiyyatı. Rusiya" jurnalının təqdimatı keçirilib.“Rusiyada ədəbiyyat ili" çərçivəsində işıq üzü görmüş jurnalın bu sayının təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar bildirib ki, XX əsr rus ədəbiyyatının bütün genişliyini dərginin bir sayında əhatə etmək mümkün deyil. Xalqları bir-birinə tanıtdıran və yaxınlaşdıran ən yaxşı vasitənin bədii söz olduğunu vurğulayan yazıçı kitabın Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına yeni töhfə verəcəyinə əminlik ifadə edib.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev Azərbaycan-Rusiya mədəni əlaqələrindən danışaraq qeyd edib ki, “Dünya ədəbiyyat. Rusiya” jurnalının Azərbaycan dilində çap edilməsi iki xalq arasındakı tarixi əlaqələrin möhkəmliyindən xəbər verir.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Natalya Krasovksya kitabın “Rusiya ədəbiyyatı ili” çərçivəsində, xüsusilə də Azərbaycan dilində buraxılmasını yüksək qiymətləndirərək deyib ki, bu gün Azərbaycan oxucusu qarşısında rus ədəbiyyatının səhifələri bir daha açılır.
Xalq Yazıçısı Fikrət Qoça, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndəsi Manaf Ağayev, Azərbaycan və Rusiya yazıçılar birliklərinin üzvü Afaq Şıxlı və başqaları Azərbaycan və Rusiya ədəbi əlaqələrindən danışıb, hər iki ölkənin ədəbiyyat, xüsusilə də tərcüməçilik məktəbi tarixində görkəmli simalar olduğunu söyləyiblər. Qeyd olunub ki, “Dünya ədəbiyyatı” jurnalının bu sayı rus ədəbiyyatının 1950-ci illərdən bu günədək olan mühüm bir dövrünü əhatə edir. Jurnalda yaradıcılığı ya qismən, ya da tamamilə bu dövrə düşən rus ədiblərinin, o cümlədən Aleksandr Soljenitsın, Vasili Belov, Yuri Trifonov, Vasili Aksyonov, Aleksandr Yaşin, Vasili Şukşin və digərlərinin seçmə əsərləri toplanıb. Onların arasında əsərləri ana dilimizdə ilk dəfə nəşr olunan müəlliflər də var. Nəşr Rusiyada yaşayan soydaşlarımız üçün də bu ölkənin mədəniyyəti və ədəbiyyatının öyrənilməsi baxımından faydalıdır.
Sonda xalq artisti Mələkxanım Əyyubovanın ifasında Azərbaycan musiqisi səslənib. /Azərtac/