Kənan Hacı - Həqiqət və eşq
28.10.15

Esse

Qədim Çin ədəbiyyatında belə bir rəvayətə rast gəlinir. Bir nəfər Həqiqəti axtarmaq üçün uzun bir yola çıxır. Gəlib üfunətli bir yerə çatır, burda bir komanın içində qoca, olduqca çirkin, bədheybət bir məxluqun oturduğunu görür. Ona məlum olur ki, bu, Həqiqətdir. Ona deyir:

- Ey Həqiqət, insanlar məndən sənin necə olduğunu soruşacaqlar.Bəs mən onlara nə deyim? Necə deyim ki, sən bu qədər çirkinsən?

Həqiqət belə cavab verir:

-Get, onlara yalan söylə!..

Amma doğrudanmı həqiqət bu qədər çirkin imiş? Belə bir deyim də var: Şirin yalandansa acı həqiqət yaxşıdır. Doğrudanmı həqiqət acıdır? Bəs həqiqət bu qədər çirkin, idbar, acı idisə, insan oğlu nədən yaranışdan onun axtarışındadır?! Tərki-dünya dərvişlər, zahidanə həyat tərzi keçirən sufilər yerüstü dünyanın zövqündən əl götürüb İlahi ilə birbaşa təmasa can atırdılar. İslamiyyətin ilk dövrlərində yaşamış din alimi Məruf Kərxi deyirdi ki, sufilik həqiqəti tapmaq və yaradılmışların əlindən ümidsizliyi almaq deməkdir. Mövlana Cəlaləddin Rumi isə buyururdu ki, könül aynası saf olmalıdır ki, həqiqəti görə bilsin. Rumi bizə həqiqətə aparan yolu nişan verir. Könül aynası o zaman saf ola bilər ki, insan nəfsindən azad olsun, nəfs insanla mübarizədə şeytanın ən güclü silahıdır. Bütün çirkinliklər, xəbis əməllər nəfsin bətnindən doğub-törəyir. Mefistofel də Faustu doğru yoldan sapdırmaq üçün Tanrıdan izn istəyir və ona nəfs vasitəsilə qalib gələcəyinə inanır. “Faust”dakı şeytan körpüsünün təməli nəfslə yoğrulub. Faust da həqiqət axtarır və Tanrının Mefistofellə mükaliməsində dediyi kimi, “insan axtaranda səhvi olacaq”. Faust öz səhvləriylə də güclüdür və Mefistofel onun ruhunu və iradəsini özünə təslim edə bilmir. M. Bulqakovun “Master və Marqarita”sındakı Voland Mefistofelin xələfidir, onların fiziki qüsurları da oxşardır; hər ikisi ayağını çəkir. Bu axsaqlıq İblisin zatından, mahiyyətindən doğur. Xeyir qarşısında Şər, Həqiqət qarşısında Yalan zahirdə nə qədər çevikdirlərlə, mahiyyətcə həmişə axsaqdırlar və zahirdə görünən fiziki qüsur onun xislətinin, natamamlığının rəmzi kimi təsvir edilir.

Şərlə mübarizədə bəzən qütblər dəyişir, yalan həqiqət tərəfdən çıxış edir, həqiqət yalanın dilində danışır. Yəni yalan həqiqət cildinə girə bilir, donunu asanlıqla dəyişir. Həqiqət axı qeyri-səlis anlayışdır. Deyirlər mütləq həqiqət yalnız Tanrıya məxsusdur. Amma insanların da öz həqiqətləri var, xüsusən yaradıcı olan hər bir insan yaratdığı əsərlə öz həqiqətini ortaya qoyur. Tanrı yaratmaq qüdrətini yalnız insana bəxş edib və böyük mətnlər həm də ona məxsus olan mütləq həqiqətin qəlpələridir. Frensis Bekon yazırdı ki, bəşəriyyət həmişə həqiqətə möhtacdır. Sevgiyə, mərhəmətə, ədalətə möhtac olduğu kimi.

Sevgi həqiqətə aparan ana yoldur. Sevginin mahiyyətində istək, canatma var. İstək olmadan insan nəyəsə qovuşa bilməz. Həqiqəti kəşf etmək üçün onu sevmək və müdafiə etmək lazımdır. Antik yunan filosofu Sokrat məhkəmənin hökmüylə ölümə məhkum edilmişdi. Amma ölümün astanasında belə öz həqiqətindən dönmədi və dedi: “Nəfəs aldığım və ağlım başımda olduğu müddətdə fəlsəfəylə uğraşmaqdan, sizə öyüdlər verməkdən və tanıdığım hər kəsə həqiqəti anlatmaqdan vaz keçməyəcəyəm. Mənə bəraət versəniz də, verməsəniz də, yüz kərə ölməyim gərək olsa belə, bilin ki, davranışlarımı dəyişməyəcəyəm”. Həmin Sokrat deyirdi ki, yalnız bir xeyir var – bilik, yalnız bir şər var – cəhalət. Cəhalət həqiqətin üzünə çəkilmiş niqabdır, cəhalət insanın kamilləşməsini əngəlləyən ən böyük maneədir. Cəhalət insanın öz beynindəki quyudur və bilik nərdivanı o quyuya sallanmayınca o quyudan xilas ola bilməyəcək. O nərdivanı insan özü atmalıdır və özünü xilas etməlidir.

Leyli Məcnunun həqiqətidir, “lövhi-aləmdə” onun gözünə eşq sözündən savayı ayrı bir söz görünmür. O, özünü Leylinin yanında cahil hesab edirdi, ona yazdığı məktubda belə deyirdi: Mən naqisəm, ey hərifi-qabil, sənsən rəhi-eşq içində kamil”. Amma Məcnun eşqdə ən kamil insan idi. Tarixi mənbələrdən bilirik ki, Məcnun da, Leyli də gerçək simalar olublar. Məcnun Amirilər qəbiləsindəndir və VII əsrdə yaşayıb, çöldə qoyun-quzu otararkən Leylini görüb və ona aşiq olub. (Sonra yazılacaq “Leyli və Məcnun” dastanlarında isə onların məktəbdə bir-birlərinə mehr-ülfət bağladığı təsvir olunur.) Onların sevgisi dilə-dişə düşüb, Məcnun Leylinin eşqilə qəm, möhnət dolu qəzəllər yazıb. Həmin qəzəllər bu günümüzəcən gəlib çatıb. Məcnunu özündən sonra gələn bütün aşiqlərin Ustadı saymaq olar. Füzuli isə özünü Məcnundan da üstün tuturdu və yazırdı:
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

Aradan dörd əsər keçəndən sonra isə özünü Füzulinin yadigarı sayan Vahid belə yazdı:
Məndən əvvəl yoxdu bir aşiq diyari-eşqdə,
Eşq dərsin mən gedib Məcnuna elan etmişəm.

İki nakam aşiqin hekayətini hələ Füzulidən çox-çox əvvəl nəzmə çəkmiş dahi Nizami isə yazırdı: “Yalnız həqiqətdə ölməz qüvvə var”.

Mövzunu Məcnuna ürcah etməkdə məqsədim başqadır. Demək, qədimlərdə yaşamış naməlum Çin filosofu yanılırmış. Həqiqət heç də çirkin deyilmiş! Qəzavü-qədərin yazıldığı lövhi-məhfuzda həqiqət Tanrı varlığının sübutudur. Həqiqətə üz çevirmiş adamlar onu həmişə çirkin adlandıracaq. Həqiqətə heç vaxt zaval yoxdur, o suda batmaz, odda yanmaz. İnsanların çoxu şeytana lənət oxuya-oxuya özləri də şeytanın itaətində olduqlarını anlamırlar, şeytanlaşırlar. Çünki şeytan həmişə cəhalət olan yerdə at oynada bilir, elmsiz, biliksiz adam şeytanın nökəri yox, elə özüdür ki, var. Fransız yazıçısı Müriel Maufroyun “Eşqin kimyası” romanı uzaq bir kənddə doğulmuş Kimya adlı qızın taleyindən bəhs edir. Bu, həmin qızdır ki, uşaqlıqdan oxuyub-yazmağa can atır, evdə ona dəli kimi baxırlar, onun bu marağını anlamaqda çətinlik çəkirlər, çünki ailədə hamı savadsızdır, atası onu Konyaya, Mövlananın yanına gətirir ki, qızı ondan dərs alsın. Qız bir müddət Mövlananın evində qalır, amma görür ki, ustad ona dərs keçmir. Bir gün soruşur ki, bəs nə vaxt dərs alacağam? Mövlana qıza diqqətlə baxıb deyir: “Elə təhsil alırsan da. Biliyə çatmağın bir çox yolları var. Bəzi yollar gözəgörünməzdir. Narahat olma, yolu görməməyin o demək deyil ki, həmin yolda deyilsən”.

Kimya Mövlana ilə Şəmsin ruhani münasibətlərindən çox şey əxz etdi. Onları bir-birinə bağlayan ezoterik bağları anlamaq üçün İlahi eşqin fəzilətlərindən agah olmaq lazım idi. Kimya Ruminin evində yaşayırdısa, bu hikmətlərə də vaqif olmalıydı. Onun Şəmslə izdivacı zahirən xoşbəxt bir izdivac olmaya bilərdi, çünki onlar ər-arvad kimi yaşamadılar. Yazıçı yazır ki, insan hava şəraitini necə qəbul edirsə, o da Şəmsi elə qəbul edirdi. Qismətə boyun əyib yaşamalı idi. Amma Kimya Mövlananın evində İlahi eşqin həqiqətinə yiyələndi. Şəms Təbrizi öz gəlişilə Mövlananın həyatını dəyişmiş bir adam idi və Mövlana Kimyanı ona etibar etmişdi. Fransız yazıçısının romanı Mövlana dövrünün, Elif Şafakın “Eşq”i isə Mövlananın nöqtəsindən sonrakı dövrün mətnidir. Mövlana eşq şəriətini ayrıca bir din kimi görürdü. Əlbəttə, hamının təsəvvüf fəlsəfəsinə yiyələnmək məcburiyyəti yoxdur. Hər kəs öz həqiqətini özünün seçdiyi yöndə axtara bilər. Bostonda yaşayan bədbəxt, əri tərəfindən xəyanətə uğramış qadın Mövlanada həqiqəti, öz həqiqətini axtarır. Mövlana ona eşqi öyrədir və Ella öz həqiqətini tapır.

Axtarış motivi dünya ədəbiyyatının əksər böyük mətnlərinin onurğa sütunudur. Həqiqət və eşq. Həqiqətdən xali eşq olmaz, eşq olmasa, həqiqətə yetilməz. Şair necə deyirdi?  “...eşq olmasa, varlıq bütün əfsanədir”.
/Ədəbiyyat qəzeti/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.