“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
26.10.15
Jurnalın ilk səhifəsi tanınmış yazıçı-publisist Sadıq Elcanlının “Bütöv oxuduğum ilk jurnal” adlı ekspert yazısı ilə açılır.
Nəşrin “Şeir vaxtı”, “Nəsr”, “Debüt”, “Tərcümə saatı”, “Hücrə” və digər rubrikalarında maraqlı yazılar, şeir və nəsr əsərləri, tərcümələr yer alıb.
Jurnalın bu nömrəsində filologiya elmləri doktoru Vaqif Yusiflinin Xalq Yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 80 illiyinə həsr etdiyi “Deyilənlər gəldi başa…”, şair Qəşəm Nəcəfzadənin Elməddin Nicatın yaradıcılığına həsr etdiyi “Qoy dağlada qar ərisin” sərlövhəli yazıları dərc olunub.
“Nəsr” bölməsində tanınmış telejurnalist Telli Pənahqızının “Son məktub” povesti, Alpay Azərin “Ətirli məktub” hekayəsi və digər yazılar dərc olunub.
Əsasən gənclərin nəşr olunduğu jurnalın budəfəki nömrəsində ənənəvi olaraq əlavə kitab rubrikasında - filologiya elmlər doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin “Füzuli poetikası” kitabı çap olunub.
Qeyd edək ki, jurnalın redaktoru Qulu Ağsəsdir.
|