Asiman Eyniyev - Romeo mənim oğlumdur
23.10.15
Hekayə
Atamı öldürmüşdülər. Hadisə barədə eşidər-eşitməz bu qərara gəldik. Bəli, o ölməmişdi, öldürmüşdülər. Bizə əvvəlcə onun meyitini göstərmək istəmədilər, dedilər ki, idarə etdiyi “99-J..-...” seriya nömrəli ağ “Renault” hansısa şirkətə məxsus “Kamaz” markalı iri yük maşınının altında xurd-xəşil olub. Cəsədini maşından çıxartmaq müşkül məsələyə çevrilibmiş. Yəni meyidə baxmağa gərək yoxdur, o, onsuz da ölüb. Amma bu işin sirri bizə– daha doğrusu mənə sonradan bəlli oldu.
Mən Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişəm. Özüm kafe işlətsəm də ixtisasca hüquqşunasam. Bizə öyrədiblər ki, istintaq zamanı dindirdiyin adama sualı verəndən sonra onun hansı hərəkətinə fikir verməlisən, yaxud ilk sualı necə qoymalısan. Atam da mənə bu barədə çox şey öyrədib. Atam hətta mənə tüfəngdən, tapançadan atəş açmağı da öyrətmişdi. Mən həm də sərrast atıcıyam.
Anamın qabağına keçib, dəniz qırağındakı bağ evimizə yağışlı payız günündə təşrif buyuran, süd rəngli plaş geyinmiş, hündürboylu, qaraşın, otuz-otuz beş yaşlarında xüsusi xidmət orqanı əməkdaşından soruşdum ki, hadisə harada baş verib? Bu vaxt anam mobil telefonun düymələrini var gücüylə sıxırdı. O əsəbiləşib telefonu yerə çırpdı. Mən də, evimizə gələn adam da hiss etdi ki, atamın telefonuna zəng çatmır. “Qonaq” soyuqqanlılıqla dedi ki, atam guya Bakı-Astara magistralında qəza törədib.
–Atam təhlükəsizlik xidmətində işləmir, bura niyə polis yox, siz gəlmisiz? Ümumiyyətlə sizin burada nə işiniz var? –ondan soruşdum. O, suala hazırlıqlı idi. Dərhal cavab verdi: –Polisdə olan məlumata görə atanız hələ də bizim əməkdaşımızdır. Ona görə də şəxsiyyətini müəyyən edəndən dərhal sonra bizə məlumat veriblər. Mən də atanızın yaxın dostunun göstərişi ilə hadisə yerinə baş çəkmişəm və xəbəri də özüm gətirmişəm. –Biz sizə niyə inanaq? Axı biz onun ölüsünü də görməmişik. Heç icazəmiz də yoxdur. –... Cavab vermədi. O qədər əsəbiləşmişdim ki, az qalırdım onu salam təpiyimin altına. Qəfil tappıltıya diksindim. Anamın ürəyi getmişdi. Xidməti vəsiqəsindən adını Cəfərov.M. kimi oxuduğum təhlükəsizlik mayoru anama heç yaxın da durmadı. Anamı qaldırıb divana uzatdım. Üzünə ehmalca bir-iki şillə vurdum. Güzgünün altındakı şkafdan dərman çıxarıb burnuna tutdum. Qadın ayıldı. Ayılan kimi də hönkürdü. Üzümü gələn qonağa tutub: –Xahiş edirəm, cəhənnəm olun evimizdən –dedim. O, üz-gözünü turşudub çıxmaq istəyəndə: “Bir dəqiqə dayanın” –dedim. Dayandı. Arxasını mənə çevirmişdi, üzümə baxmaq istəmirdi. Əllərini plaşının cibinə salmışdı. İlahi, bu qədər eqoist adam görməmişdim. İnsan tutduğu vəzifəyə görə özündən bu qədər razı olarmı? Yadıma düşdü ki, universitetin birinci kursunda oxuyanda mən də özümü belə dartırdım. Bir-iki kitab oxuyandan sonra ümumiyyətlə, insanlar mənə o qədər balaca görünürdü ki, kim olur-olsun, istəyirdim sözümü yarımçıq qoyanın qulağının dibinə bir şapalaq ilişdirim.
Atasının ölüm xəbərinə inana bilməyən çarəsiz bir uşaq kimi üzümü mayora tutub: –Atamı kim dəfn edəcək? Heç olmasa qəbirini bizə göstərəcəklər?
Mayor üzümə baxmadan qapının cəftəsini burdu, dedi ki, dövlət özü bu işi yoluna qoyacaqdır. Sonra rədd olub çıxıb getdi. Heç nə başa düşmədim. Ümumiyyətlə bu adam bizim üçün o qədər müəmma idi ki, çaşıb qalmışdıq. Onun arxasınca baxdım. Həyətdən yağışın altında qalan gülü dərdi, iylədi, sonra maşınına oturub getdi. Tək idi, maşını özü sürürdü.
Həqiqətən də atamdan xəbər-ətər yox idi. Onunla əlaqə yarada bilməmişdik. Həm qorxurduq, həm də dəliyə dönmüşdük, əsəb bizi boğurdu, udquna bilmirdik. Bilmirdik ki, nə edək, kimə nə deyək? Açığı atamın ölümünü polisə danışmağa da qorxurduq. Atam bir az sirli adam idi... Qohum-əqraba bir yerə yığıldı. Bacımgil də gəlmişdilər. Bacım rayonda yaşayır. O, rayon xəstəxanasında pediatr işləyirdi. İki uşağı var, əri ustadır. Açığı, yeznəm yaxşı boyaçıdır. Bacımın qızları analarını sakitləşdirə bilmirdilər. Bacım elə oxşama qurmuşdu ki... Düzünü desəm, həkimin bu cür göz yaşı tökməsini görmək istəmirdim. Bu qızda ürək deyilən şey yoxmuş sən demə.
Uzun müzakirədən sonra yaxın adamlarımızla razılığa gəldik. Lazım olan yerə yazılı müraciət etdik. Artıq atamın ölümü ilə barışmışdıq, ancaq meyitini görməkdə israrlıydıq. Belə qanun harada var ki, bir adamın ölüsünü ailəsinə göstərməsinlər? Bayaq dediyim kimi biz arxayınlıqla bu məsələnin üstündə durmuşduq ki, onu öldürüblər. Bilirdik ki, atam dövlət sirrini bilən adamdır. Düşünürdük ki, atam çox şey bilirdi, ona görə də öldürdülər...
Atam 1950-ci ilin yazında Bakı şəhərində anadan olmuşdu. Universiteti Moskvada oxumuşdu. Hüquq təhsili almışdı və bir vaxtlar KQB-nin əməkdaşı idi. Səhhətində baş verən ciddi problemdən sonra (o şəkər xəstəsi idi) polkovnik leytenant rütbəsilə təqaüdə çıxmışdı. Bakıdakı şirkətlərin birində hüquqşünas işləyirdi.
Bəli, bizim məktubumuza iki gündən sonra cavab gəldi. Ailə üzvlərilə danışmaq istəyirdilər. Bizə qəribə bir yer dedilər. Bura nə Daxili İşlər Nazirliyinin, nə Respublika Prokurorluğunun, nə də Milli Təhlükəsizlik Nazirliyinin ünvanı idi. Anama dedim ki, bura hansısa yaşayış binasıdır.
Atamın ilk aldığı maşına –qırmızı rəngli “Jiquli”yə oturub, görüş üçün təyin edilən ünvana yollandıq. Sükan arxasında özüm oturmuşdum.
Biz 30 nömrəli binanın birinci blokunun ikinci mərtəbəsinə qalxdıq. Ortadakı qapını özüm döydüm, bacım və anam məndən arxada dayanmışdı. Qapını evimizə “qonaq” gələn mayor açdı. Bizə yol göstərdi. Dəhlizə girən kimi atamın araq içəndən sonra danışdığı bəzi xatirələr yadıma düşdü. Deyirdi ki, hansısa ciddi əməliyyata hazırlaşanda biz “etibarlı ev”ə yığışırdıq. Öz-özümdən soruşdum ki, bizi niyə bura çağırıblar? Bizi hansısa əməliyyata hazırlayacaqlar? Anama baxıb dəhşətə gəldim. Üzünün rəngi qaralmış, dodaqları qurumuşdu. Yazıq arvad, elə bil, yıxılıb ölcəkdi bu dəqiqə. Anamın altmış yaşı vardı, o da atam kimi şəkər idi. Bacıma da göz qoydum, o, qürurlu idi, başını dik tutmuşdu. Ona diqqətlə baxandan sonra gördüm ki, bacım nəslimizdə yeganə adamdır ki, heç kimə oxşamır. Bir az ərinə oxşayır, o da nəsildən sayılmır.
Böyük zala daxil olduq. İçəridə üç nəfər oturmuşdu. Bunlardan ikisini tanıyırdıq. Arıq olanı isə ilk dəfədir görürdük. Tanıdığımız adamlar bizimlə saxta təbəssümlə görüşdülər. Bunlar atamın köhnə silahdaşları, iş yoldaşları idi. Mən elə biliridim ki, onlar çoxdan ölüblər. Çünki yaşları altmışı keçmişdi. Bizə oturmaq üçün yer göstərdilər. Divanda əyləşdik. Arıq, uzunburun oğlan, qələmini hazırlayıb qeydiyyat kitabçasına rəqəm yazdı. Gözümdən yayınmadı, o, bu günün tarixini yazmışdı.
Anam doluxsunub, atamın dostlarına üzünü tutub: –Nə baş verir?– deyə soruşdu. Ağ saçlı adam birbaşa dedi ki, dostumuz avtomobil qəzasında həlak olmayıb, onu öldürüblər. Anam hönkürdü, bacım onu qucaqladı, o da ağladı. Mən isə bərkdən qışqırmaq istədim. İstədim qeydiyyat götürən cavan oğlanın əlindəki qələmi alıb onun gözünə soxum, bəlkə hirsim soyuya. Niyə belə düşündüyümü xatırlamıram.
–Kim öldürüb?– bağıraraq soruşdum. Divandan qalxmışdım. Atamın dostları nəzərlərini üstümdə cəmlədilər. Mənim ani reaksiyalarımı müəyyən etmək istəyirdilər. Onlar dəqiq bilirdilər ki, ağzımdan çıxan ilk söz nə olacaq. Elə mənim növbəti sualımı da... –O, Yaponiya vətəndaşıdır. –Ağ saçlı dedi. –Atamı yapon öldürüb? –Bəli. –Hardan bildiz ki, o yapondur və Yaponiya vətəndaşıdır? –Dostumuzun işlədiyi şirkətin ətrafına nəzarət edən təhlükəsizlik kameralarından əldə etdiyimiz görüntülərdən sonra bu nəticəyə gəldik. –Atamı işlədiyi şirkətin yanında öldürüblər? –Bəli.
Mən otağın güncündə qurcuxan Cəfərova baxdım. O, bizə gələndə demişdi ki, atam Bakı-Astara magistralında avto qəzada həlak olub. Ağ saçlının lakonik cavabları isə məni hövsələdən çıxartdı. Yenə bağıraraq: –Oğraşın adını mənə deyin! Bilmirəm, niyə belə dedim. Niyə onun adını öyrənmək istədim. Hər halda elə düşünürdüm ki, Yaponiyaya gedib onu tapa biləcəyəm. Yaxud da Bakıdadırsa onu burada tapıb elə bir cəza verəcəyəm ki, gözləri bir az da yığılacaq. –Onun adını sizə deyə bilmərik. Onsuz da cinayətkar ölkəni tərk etmişdir. –Bəs ölkəni tərk etməsinə niyə imkan vermisiniz? –Başqa pasportla, kimliklə tərk edib ölkəni. –Hansı adla ölkədən çıxdığını bilmək istəyirəm. Ölkə, ölkə, ölkə, ölkə. İlahi, bu sözü nə qədər təkrar etdik. Bilirdim ki, yalan danışırlar. Eyni sözü təkrar etdirməklə məni dolaşığa salıb, suallarımın ardıcıllığını pozmaq istəyirlər. –Bunu deyə bilmərik. –Səbəb? –... –Atamı niyə öldürüb, səbəbini bilirsiz? –Atan Yaponiyanın ölkəmizdəki casusu idi. Yaponlar hər ay, “X” bankdakı bu hesaba –əlindəki elektron cihazda işıqlanan hansısa bankın rekvizitlərini bizə göstərmədi, amma işarə verdi ki, hesab nömrələri əlimizdədir– pul köçürürmüşlər. Qarşılığında isə atan onlara bizim verdiyimiz bəzi yalançı məlumatları ötürürdü. Onlardan isə bizə lazım olanı –cənubi Qafqazın ərazi bütövlüyü haqında nə düşündüklərini, gələcək planlarını əldə edib bizə ötürürdü. Onu kimsə deşifrə edib və öldürüblər. Əslində mən bunları deməməliyəm, amma sizi özümə yaxın bildiyim üçün bu məsuliyyəti üzərimə götürmüşəm. Səmimi etirafına görə ona təşəkkür etmək heç ağlımın ucundan da keçmədi. İstədim deyəm ki, nə bilirsiz, bəlkə atamın yaponlardan ələ keçirib sizə ötürdüyü bilgilər də yalançı məlumatlardı. Amma demədim. Düşünürdüm ki, onlar mənə doğru-dürüst cavab vermirlər. Yenə də məlum kəşfiyyat priomları. “Bütün sualları cavablandırmaq, lakin heç bir suala cavab verməmək”. Bir az atamdan öyrənmişdim bunları, bir az da mütaliəmin hesabına... Dərhal məni üşəndirən sualı verdim: –Atam ölən günə qədər sizinlə çalışırdı? –Bəli. İnanmadım. Heç birimiz inanmadıq. Ağ saçlının bu cavabından sonra anam və bacım ağlaşmanı kəsib ona diqqətlə baxdılar.
Ağ saçlı bizə dedi ki, atamın ölüsünü görə bilərik. Həmin dəqiqə başa düşdüm ki, atamın ölüm xəbərini bizə gətirən mayor, nəyə görə təkidlə bizim beynimizə müvəqqəti də olsa atamın qəza törətdiyini yeritməyə çalışırdı. Məlumdur, biz qara xəbəri təbii olaraq tanıdığımız hər bir adama bu cür çatdırmalıydıq. Bizə yenidən qəti tapşırıq verildi, qohum-əqraba yenə də elə biləcəkdi ki, atam avtomobil qəzasında həlak olub. “Yayılan şayiə deyil, həqiqətdir”. Dəfndə isə hamı iştirak edəcəkdi. Bacıma bir neçə dəfə təkrar-təkrar tapşırdılar ki, ərinə heç nə danışmasın. Sonra bizə dedilər ki, evimizə gəlib atamın otağı ilə tanış olacaqlar. Axtarış aparacaqlar. Onlar qəti əmindilər ki, atam ölümünü qabaqcadan hesablayıb və onlar üçün vacibi məlumatı öz otağında gizləyib. Ailə başçımızın morqda saxlanılan meyitinə baxandan sonra evə gəldik. Onu tapança ilə ağzından, sonra isə alnından vurmuşdular. Bilmirəm, bəlkə də birinci alnından vurub öldürəndən sonra ağzına atəş açımışdılar. Özüm peşəkar atıcı olduğum üçün yapon oğraşın gördüyü işin qiymətini yüksək balla qiymətləndirdim. Evə çatan kimi yeznəm soruşdu ki, necə olub? Dedim ki, deyilənlər həqiqətdir, biz meyitə baxdıq, o avtomobil qəzasında həlak olub. Sabah dəfn edəcəyik.
Günəşli bir gündü. Biz, şam ağaclarının arasından keçib atam üçün qazlımış çuxura çatdıq. Öz-özümə dedim ki, necə də qəribə ad qoyublar bu çuxura. “Son Mənzil”. Mənə kömək etdilər, qəbirə düşdüm, sonra yavaş-yavaş atamın ölüsünü ora qoyduq. Molla “Quran”dan hansısa surəni oxudu. Başımız qarışıq idi. Bacım anamı qucaqlamışdı, ikisi də ağlayırdı. Birdən gözüm dayıma sataşdı. O, telefonuna baxıb gülürdü. İstədim onu təhqir edəm, söyəm, amma dinmədim, fikirləşdim ki, mədəniyyətsizlik etmiş olacam. Atamın qəbrinin yanında bir ağac göyərirdi. İndi böyüyüb, qaragilə ağacına çevrilib, amma meyvə vermir. Qəribədir... Təhlükəsizlik xidmətinin əməkdaşları səhərisi bağ evinə gəldilər. Nəzərə almamışdılar ki, yas saxlayırıq, evə gəlib-gedən çox olur. Onlara dedim ki, burdakı otaqda atamın ancaq kitablarıdır, onun əsas kabineti şəhərdə Hüsü Hacıyev küçəsindəki mənzildədir. Dedilər, buradan başlaya bilərik. Üç nəfərdilər, mayor da başlarında dayanmışdı. Otağı ələk-vələk elədilər. Atamın sevimli yazıçısı olan Virciniya Vulfun kitabının vərəqləri arasından nəsə tapdılar. Mayor leytenantdan vərəq parçasını alıb baxdı. Atam həmişə anama deyərdi ki, mən üç qadına etibar edə bilərəm. Biri sənsən, biri qızımdır, biri də Virciniya Vulf. Anam da deyirdi ki, mən də üç kişi ilə rəqs edə bilərəm. Biri sənsən, biri oğlum, biri də Şerlok Holms. Atam gülüb deyirdi ki, ay xanım, Şerlok həyatda yaşamayıb o sadəcə obrazdır. Anam da –o sənə elə gəlir–deyirdi.
İndi atamın sevimli yazıçısının rus dilində çap olunan kitabının vərəqləri arasından kağız parçasının tapılması mənə qəribə görünmədi. Yəni atam hardasa Vulfa inanırdı. Ona gizli bir şifrə əmanət etməsini normal qarşıladım. Mayor kağız parçasını göstərmədi, amma mənə elə gəldi ki, orda bir neçə rəqəm yazılıb. Bəlkə də hansısa poçt qəbzinin qrif nömrəsi idi. Saata baxdım, artıq iki saatdan yuxarı idi ki, otağı gəzirdilər. Mən də usanmadan, səbrimi basaraq “qonaqlar”a nəzarət edirdim. Anam otağa girib düz altı dəfə çay təklif etmişdi, amma “qonaqlar”ımız heç “sağ ol” da deməmişdilər qadına. Dözə bilmədim, anama dedim ki, biz səhrada deyilik, susayan olsa dillənəcək, özünü yorma. Anam bir də o otağa gəlmədi. Düz iki saat qırx dəqiqədən sonra qonaqlarımız evdən çıxdılar. Sonra şəhərdəki mənzilimizə yollandıq. Burada da saata baxdım, iki saat qırx dəqiqədən sonra işlərini yekunlaşdırdılar. Atamın otağından heç nə tapmadılar. Mayor çıxanda atamın kükürd iyi verən parfümündən boğazına sıxdı. O qoxunu sevmirdim. Həmin dəqiqədən sonra mayora iki qat nifrət etməyə başlamışdım...
Maşında mayordan soruşdum ki, qatili tapsalar bizə məlumat verəcəklər? Yəni mən heç olmasa atamın qatilini görə, əsl adını öyrənə biləcəyəm? Bilirdim yox deyəcək. Elə də oldu. Mənə başa salmağa çalışdı ki, elə adamlar lazımlı olur. Yəni belə başa düşdüm ki, atam ölsə də eybi yox, o adamdan qisas almaq mənə düşməz. Yaponu tapandan sonra onu yumşaldıb, iki tərəfli casus kimi öz tərəflərinə çəkəcəklər. Sonra Yaponiyaya göndərib, oralar haqqında geniş məlumatlar əldə edərək gələcək işlərimizi asanlaşdıracaqlar.
Yol gedə-gedə maşının dumanlı pəncərəsindən şəhəri seyr edirdim. İşıqforda dayandıq. Tıxac yaranmışdı. Səkini süpürən qadının narıncı köynəyinin arxasında yazılan yarısı qopmuş hərflər gözümə sataşdı. Oxuyub tamamlaya bilmədim. İstədim hərfləri beynimdə nizamlayıb, nə yazıldığını çözəm. Birdən atam yadıma düşdü, fikrim dağıldı. Onun evdə gizlətdiyi dəqiq məlum olmayan rəqəmlər gözümün qabağına gəldi. Bir anlıq düşündüm ki, atam da iki tərəfli oyun oynayırdı, yaponiyalı oğraş kimi... Anama nə vardısa hamsını ətraflı danışdım. Yas mərasimi yekunlaşdı. Qohum-əqraba yavaş-yavaş evimizdən çəkildi. Ara soyudu. Bacım rayona qayıtdı. Anamla şəhərdəki evimizə köçdük. Qabaqdan qış gəlirdi...
Qış gəldi... Daha bir qışı yola saldıq. Atamın ölümündən iki il keçdi. Eşitdiyimə görə qatil hələ də tapılmamışdı. Bəlkə də tapılmışdı, amma boyunlarına almırdılar. Hərdən fikirləşirdim ki, görəsən, atam hansı bankda özünə hesab açdırıb? Hər halda başqa kimliklə hesab açdırmışdı özünə. Bəlkə də Vulfun kitabından tapılan rəqəmlər Azərbaycan əlifbasının otuz iki hərfinin sıra sayını göstərirdi. Məsələn, hansısa rəqəmləri düzgün sıralasan, atamın bankda açdırdığı saxta kimlik ortalığa çıxacaqdı. Amma bunlar mənim uydurduğum fərziyyələr idi. Hərdən də alçaqcasına fikirləşirdim, bəlkə də atamın bank hesabında yaxşıca pul yığılıb. O pulla kafemi təmir elətdirə bilərəm. Sonra fikrimi dəyişib deyirdim ki, axı casusluqla, belə demək mümkünsə xəyanətlə qazanılan pulu necə yeyə bilərəm? Ümumiyyətlə, biz o pulları necə yeyirdik? Axı atam, hər halda uzun illərdir ki, ikitərəfli oyun oynayıb –casusluq edib pul qazanırdı. Bu pulla da dolanırdıq. Çox fikirləşib ürəyimi sıxmaq istəmirdim. Düzdür, hərdən beynimi deşirdi bu sual. Amma çalışırdım ki, özümü çox yormayım...
Kafedəki işlər zəifləmişdi. Paralel iş axtarırdım özümə. Bir dəfə atamın bir dostu məni yolda gördü. Dedi ki, o boyda universitet bitirmisən, gəl səni məhkəmədə vəkilin yanına qoyum, bir az praktika keç, sonra dövlət qulluğuna imtahan verərsən. Beynimə batdı. Kafeyə nəzarəti yaxın dostuma tapşırdım. Gedib vəkillə tanış oldum. Məhkəmədə ikinci günüm idi, özümə söz verdim ki, mən vəkil ola bilmərəm, bacarmaram. Səbəbi: gələcəkdə özümə “müəllim” sayacağım adam kimi iyirmi manat pula görə mantiyamın yaxasını cırıb zalın ortasında artistlik edə bilməzdim. Yoxsa, budamı praktika idi? Yox, bu nədisə başqa bir şey idi. Atamın dostunu yolda görəndə yolumu dəyişirdim, bilirdim ki, soruşacaq, işlərin necə gedir?
Kafedə dostumla pivə içirdik. Dostum mənə dedi ki, sən o vaxtı hekayə-zad yazırdın, bəs nə oldu? Dedim ki, daha yazmıram. Dedi, hərdən qəzetlərə, elektron dərgilərə yazılar göndərə bilərsən. Düzü yazılan məqalələri oxumuram, çünki ciddi bir yazı tapmaq müşkülə çevrilib. Beş-on manat qazanmaqdan ötrü insanlar nə gəldi yazırlar. Hərdən fikirləşirəm ki, bazara girib aldğın tərəvəz haqqında qəzetdə və ya elektron dərgilərdə nəsə yazıb pul qazanırsansa, vallah halal olsun sənə. Mən bacarmazdım, ən başlıcası utanardım. Amma dostum beynimi zorlayırdı. Mənə təpinmişdi ki, get bir maraqlan. Dostuma dedim ki, bu barədə fikirləşəcəyəm. Hər gün, hər dəqiqə olduğu kimi yenə də öz-özümə fikirləşirdim –əsasən də gecələr, yatmamışdan qabaq, tavana baxanda– görəsən, o cür məqalə yazası olsam, həqiqətən utanıb xəcalət çəkəcəyəm, yoxsa yox?
Qəti qərara gəlmişdim. O qədər də məşhur olmayan bir qəzetin redaksiyasına gedib baş redaktorla danışdım. Dedim ki, maraqlı insanları danışdırıb müsahibə hazırlamaq istəyirəm. Baş redaktor əvvəlcə ixtisasımı soruşdu, sonra narazılıqla başını yelləyib dedi ki, bir iş götür gəl, görək alınır, yoxsa yox. Redaksiyadan çıxanda atamın iş barəsində dediyi sözlər yadıma düşdü. O deyirdi ki, özün bu məsələni həll etməlisən, mən sənə köməklik edib iş tapası, heç kəsə ağız açası deyiləm. Universiteti bitirmisən, əla, çalış, işi də tapasan. İmtahan ver, maraqlan, əlləş-vuruş...
Səhər tezdən yollandım dəniz qırağına. Sahildə yaşlı bir kişi tor açırdı. Yaxınlaşdım. Kişinin əlləri, gözləri, üzünün qırışı, ayaqqabıları, hətta velosipedi də o qədər kədərli idi ki, adam istər-istəməz gözünü yayındırırdı, baxmaq istəmirdi. Salam verdim, başını yellədi. Özümü təqdim etdim. Soruşdu: – Bala nə istəyirsən? KQB-dən gəlmisən? –Yox, KQB çoxdan süquta uğrayıb –dedim. KQB adını eşidəndə tüklərim biz-biz oldu. Atam yadıma düşmüşdü. Öldürülən casus... –Bəs kimsən, nə istəyirsən məndən? –Axı dedim ki, jurnalistəm. İşini sevən insanlardan müsahibə alıram. Dedi ki, o da çoxları kimi işini sevmir. Ardınca yaşını dedi, yetmiş səkkiz. Bu işdən zövq almadığını, zəhləsi getdiyini dedi. Sonra dərdini açıb danışdı. Dedi ki, uşağı qırx il əvvəl dənizin bu səmtində yoxa çıxıb. Nə ölüsünü, nə də dirisini tapa biliblər. Kövrələn gözlərini üzümə zilləyib: –Bala, mənimki balıq tutmaq deyil, altı yaşlı oğlumu axtarıram –dedi. Diktofonu söndürdüm. Sahilə atılan iri qayığın sökülüb-dağılmış parçalarına çırpılan dalğaların səsini artıq eşitmirdim. Qulaqlarıma küy dolmuşdu, gözlərim qamaşırdı. Ayaqlarıma güc verib, iti sürətlə sahildən uzaqlaşdım. İstədim yolda kimdənsə siqaret alıb çəkəm. Deyilənə görə, siqaretin tərkibindəki nikotin, qismən də olsa adamı sakitləşdirir. Sonra düşündüm ki, həyəcanlanıb fikir eləmək lazım deyil, həyatda hər şey baş verə bilər. Avtobusa minib şəhərə qayıtdım. Birdən yadıma düşdü ki, bir rəssam tanışım var, maraqlı adamdır. Gedim onun yanına. Diktofonumu hazırlayıb qoydum cibimə, qələm, qeydiyyat kitabı və.s. Emalatxanaya girən kimi istər-istəməz boya qoxusunu içimə çəkdim. Nədənsə yüngül baş gicəllənməsi baş verdi. Öz-özümə dedim ki, bu əksər adamlarda olur, tanımadığın bir yerə qəfil girəndə elə bilirsən ki, başın gicəlləndi. Yox, gördüm ki, nəfəs aldıqca mənə nəsə olur. İri bir taxtanı itələyib divanda sərələnən dostumu gördüm. Lüt idi. Bu da mənim müsahibə götürəcəyim ikinci adam. Budur, mənim yerə-göyə sığdıra bilmədiyim rəssam, öz kefindədi, marixuana çəkir. Gözləri xumarlanıb, ayağının biri yerdə o biri divanın başında. Penisi büzüşmüşdü. Məni görüb güldü. Gülmədi, dişlərini sıxıb, gözlərini yığıdı. Təqribən “sxfkxs” elədi. Soruşdum, nə baş verir? Dedi, gəl, gəl otur, iki tüstü vur. – Sən belə iş görürsən?– soruşdum. – Dostum, özüm ölüm belə daha diqqətli, dəqiq işləyirəm. Tabloya baxanda işləyəcəyim əsərin konturlarını daha tez hiss edir, görürəm. “Balıqçı Qayıqları” əsərimi marixuana çəkə-çəkə işləmişdim. Berlindəki sərgidə on min avroya satıldı –dedi, yenə bayaqkı kimi güldü. –Rəssam, mən bu günə kimi heç siqaret də çəkməmişəm, o ki qaldı marixuana tüstülədim. Dostumun üzərində işlədiyi tabloya fikir verdim. “Keçinin belində oturan lüt, yaşlı bir kişi, çərpələng uçururdu”. Fikirləşdim, yəqin abstrakt bir zibildir. Elə həmin dəqiqə də özümə söz verdim ki, bu qəzet-məzet işi də mənlik deyil.
Hallı dostumun plastik qabdakı mineral suyunu başıma çəkib, çıxıb gəldim evə. Hava qaralırdı. Anam plov bişirmişdi, amma özü yemədi, şəkəri imkan vermirdi. Mən də udquna-udquna birtəhər yedim. Boğazımda ilişib qalmışdı. Duş qəbul edib, dişlərimi fırçaladım, üzümü qırxmadım. Saçım da əməlli-başlı uzanmışdı. Saçımı qurudub arxadan yığdım. Özümü fransızlara oxşatmışdım. Atamın bahalı parfümlərindən birini biləngimə sıxdım, sonra boğazıma. Qara uzunboğaz köynəyimi əynimə keçirib üstündən atamın ad günümə Vyanadan hədiyyə aldığı tünd göy rəngli paltonu geyindim. Uzunboğaz çəkmələrimi anam elə təmizləmişdi ki, istədim birinci anamın əllərini öpüm, sonra ayaqqabılarımı. Cibimdə bir qəpik də pul yox idi. Dedim kafeyə dəyərəm, kassada nə varsa silib-süpürərəm. Bir də gördüm ki, sevgilimdən üç cavabsız zəng gəlib. Dərhal ona zəng vurub “kafeyə gəl” dedim. Yenə həmişə olduğu kimi : –Kolderə? –soruşdu, sonra güldü. Mənim kafemin adını “Kolder” qoymuşdu. Aleksandr Kolder, rəssam, heykəltaraş. Nə var, nə var, qapımın ağzında dəmirdən gitara düzəltdirmişdim. Karaokeyə gələnlər özlərini xoşbəxt hiss etsinlər deyə... Sevgilimə –hə ora gəl –dedim. Evdən çıxanda anama söz verdim ki, kafeyə gedirəm, iki saata qayıdacağam. Piyada, qənbər daşlarını döyəcləyə-döyəcləyə küçəni üzüaşağı düşdüm. Hava tutqun idi. Yağış yağmışdı. Küçə fənərlərinin ölgün işığında səkilərin, asfaltın nəmli olduğunu gördüm.Yolda yaşlı bir qadına rast gəldim. Rus idi. Qadın üşüyə-üşüyə sol əlini köhnə paltosunun yaxasından çıxarıb mənə tərəf uzatdı, sonra rusca: –Allah xatirinə –dedi. Xəcalət çəkdim. Ayaq üstə əridim, öldüm. Həyəcanla, yalandan da olsa ciblərimi eşələdim, guya qəpik tapa bilmirəm. Qızarıb-bozarıb rusca –bağışlayın –dedim. Qadın bəlkə də elə düşünürdü ki, yaxşı geyinmişəmsə cibimdə pul olmamış olmaz. Buna görə də mənə əl açmışdı...
Kafedə kassirə dedim ki, seyfi aç, pul lazımdır. O da dərhal seyfi açdı. Pulları cibimə qoydum. Qırx manat. Dedim çatar, çatmasa, sevgilim kömək edər. Atası bankirdir. Hər halda posterminala sürtəcək kartı boş olmaz. Özümü heç vaxt belə pulsuz hiss etməmişdim. Heç vaxt imkan verməzdim ki, qızlar mənə pul xərcləsin.
O, gülə-gülə mənə sarı gəlirdi. Allaha and olsun ki, xoş təbəssümü içimə yayıldı, bunu hiss etdim. İstədim sağ tərəfimdə ucalan nəhəng, qarşıdan gələn yeni il üçün bəzədilən yolka ağacının başına çıxıb bərkdən qışqıram ki, səni sevirəm, xahiş edirəm, mənə bunu çox görmə! O, mənə çataçatda qaçmağa başladı. Qurulmuş kombinasiya idi. Qollarımı açıb onu qucağıma götürdüm. Üzümü ipək kimi saçlarının arasına salıb, dərindən nəfəs aldım. Ciyərlərim guruldadı. Qarışıq meyvələrin qoxusu gəlirdi saçından. Ən çox da yaşıl alma iyi. Bir dəfə kafedə oturmuşduq, sevgilim sumkasından cib kitabı boyda moda dərgisi çıxarıb yaz geyimlərini mənə göstərirdi. Həmin dəqiqə onun jurnalından gələn limon qabığı iyi mənə o qədər ləzzət eləmişdi ki, elə bilmişdim təsvir olunan cənnətdəyəm. Və burada hər şey öz qaydasındadır, Allah insanlara nəzarət etməyi vacib bilmir.
Sevgilim mənim sol yanağımdan öpəndə bir anlıq düşündüm ki, sağ böyrü üstə yerə uzanmışam və qar ancaq mənim sol yanağıma yağır. Amma qar yağmırdı... O, ağ enliyaxa plaş geyinmişdi, plaşın altından isə qara uzunboğaz köynək. Köynəyin üst hissəsi qırmızı, incə sapla toxunmuşdu. Boz rəngdə parçadan şalvar geyinmişdi. Ayaqqabısının rəngini xatırlamıram. Deyəsən qara idi... Əl-ələ verib düşdük küçələrin canına. Saatıma baxdım, 21.35. Yağış yağmırdı, amma hava soyuq idi. Sevgilim qoluma girdi. Ay Allah, özümü necə xoşbəxt hiss edirdim, elə bilirdim hallüsinasiyadır.
Biz, lüks kafelərin birində oturub, Bakının füsnkar panoramasını seyr edirdik. Alov dilimləri, teleqüllə, sayrışan işıqlar, zala yayılan Vaqif Mustafazadə klassikası və.s. Kafe, yeni il dizaynı ilə bəzədilmişdi. Qəhvə sifariş etdik. Qarson gülümsəyib uzaqlaşdı. Sevgilim mənə qolundakı toxunma ipi göstərdi. Dedi ki, bunu Yaponiyadan göndəriblər, xüsusi hazırlanıb, tərkibində almaz var. –Açığı başa düşmədim, ipdə almaz nə gəzir? Üstündə çox durmadım. Sevgilim dedi ki, yaxın dostu Kito Ayakamo atama bu hədiyyəni göndərəndə deyib ki, qızıma verərsən. Bir də üzündən öpərsən qızımın. Mənə qızım deyir, deyir ki, guya onun Kanadada oxuyan qızına çox oxşayıram. –Bunu deyib, gülməkdən uğunub getdi sevgilim...
Qəhvəmiz gəldi. İki fincan südlü qəhvə. Qəhvədən içib, sevgilimin gözlərinin içinə baxdım. Onun qapqara göz bəbəklərinin içində alov dilimlərini görürdüm. O gülümsəyirdi, mənsə yox, o məni dəlicəsinə sevirdi, mənsə yox... Yox, bunu yalan dedim, onu sevirdim, özü də dəlicəsinə. İndi də sevirəm... ****
Beş gün əvvəl yazdığım hekayənin bir sonluğu mütləq olmalıydı. Hekayəmi tamamlayandan sonra bir-bir güvəndiyim dostların elektron poçtlarına göndərəcəyəm. Hətta sevgilimə də. İnanıram ki, bu əhvalatı dostlarım insanlara danışıb, paylaşacaqdır... Bu gün bazardır. Hər şey planlaşdırdığım kimi gedir. Sevgilim də sağ olsun, bilmədən mənə bu işdə kömək edir. O məni sevir, mən də onu. Ancaq bilirəm ki, onu bu zalımca oyuna dəvət etdiyimə görə məni heç vaxt bağışlamayacaq. Ona tapşırmışam ki, atan, anan və özün, üçünüz də eyvana çıxarsız, sizə surprizim olacaq. Çox ucuz bir taktikadır, bilirəm, nə edim, əlimdən ancaq bu gəlirdi. Həyəcanımı boğmaq üçün yüksək dozalı dərman qəbul etmişəm. Çantamdan lazımı əşyaları çıxarıb hazır vəziyyətə gətirmişəm, notbukumu da açmışam. Hekayəmi bitirən kimi yeddi dostuma birdən göndərəcəyəm dosyeni. Sonra hard diskim bloka düşüb məhv olacaq. Təhlükəsizlik əməkdaşları notbukumda heç nə tapa bilməyəcəklər. Tutduğum otel otağının yeddinci mərtəbəsindən dünyanın ən böyük gölü –Xəzər görünür. Bura beş ulduzlu oteldir. Bir gecəsi, səhər yeməyi də daxil olmaqla 221 manatdır. 221 rəqəminin sirrini mən deyərdim ki, anamdan tez heç kim aça bilməz. Çünki bu nömrə onun sevimli, real qəhramanı Şerlok Holmsun qapısının üstündə yazılan yaşadığı ünvanın nömrəsidir. “221B”.
Yatağımın üstünə ağappaq, yüngül yorğan atıblar. Bilirəm orada yatmağa imkanım olmayacaq. Yatağımla üzbəüz divara boz rəngdə monitor vurublar. Dioqnalı təqribən səksəndir. Televizorun altnda isə uzun bir qarderob var. Bəh-bəh, içində soyuducu, rəngli saplar və iynə varmış. Bir də ayaqqabıgeyən. Bir dəqiqə, aha, deyəsən şokalad tapdım. Püf, köhnəlib. Hər halda soyuducuda da konyak-zad var. Bir baxım... Yox, tamam boşdur. Əgər rahat yatağıma uzanıb bahalı otağımı təsvir etsəm, deyə bilərəm ki, məndən solda hansısa xarici rəssamın çəkdiyi rəsm əsərini divara vurublar. Sağımda isə iri bir lampa var. Lampanın böyründə iri şüşəli, təmiz pəncərə... Bayırda narın yağış yağır, qoy yağsın, mənə ziyanı yoxdur. Lap siyasətçilər kimi danışdım, mənə ziyanı yoxdursa, əladır. İndi mən pəncərəni açacam və optik nişangahdan istədiyim ünvanı aydınca görəcəm. Hə, bax budur əsl mənzərə. Düz iki dəqiqədən sonra işimi tamamlayacam. İndisə lazımı yerə mesaj göndərməliyəm. Xoşlamadığım mayorun telefonuna. Ola bilər, onlar məndən əvvəl bu işi araşdırıb tapıblar. Çünki bankın rekvizitləri əllərində vardısa deməli rəhbərin, işçilərin kim olduğunu da bilirdilər. Bunu mən o vaxt onlardan soruşmadım. Daha doğrusu soruşmaq yadımdan çıxdı. Məni dolaşığa salıb, suallarımın istiqamətini dəyişmişdilər. Eybi yox, artıq gecdir. Bilirəm ki, bankın işçilərini və rəhbərliyini nəzarətə götürüb müşahidə edirlər. Axı təhlükəsizlik əməkdaşlarının başlıca işi tapılan canini birbaşa həbs etmək deyil, onlar cinayətkarın arxasında dayanan fərdi və ya qruplaşmanı aşkara çıxartmaqdan ötrü ən zəif oyunçunun müvəqqəti (bu uzun müddət də ola bilər) ortalıqda gəzməsinə icazə verirlər. Mən bunları yaxşı bilirəm. Oxumuşam, atam danışıb. Amma gərək məni bağışlasınlar, işlərinə çomaq soxacağam. Düzünü desəm, yuxarıdakı fikirlərimdə yanıla da bilərəm. Yəni bəlkə də bizə göstərmək istəmədikləri bank rekvizitləri heç də mənim tapdığım adamın rəhbərlik etdiyi banka aid deyil. Onlar tamam ayrı bir istiqamətdə hərəkət edirlər. Mümkündür ki, tutduğum işdən sonra onlara kömək etmiş olam.
Budur, ailə eyvana çıxdı. Mən “obyekti” yaxşı görürəm. Ana da, qızı da gülümsəyir, atanın elə bil kefi yoxdur, narahatdır... Hiss etmişdim ki, mənə lazım olan adam yaxın ətrafımdadır. Atamı yaponlara satan bankirin, sevgilimin atası olduğundan, sevgilimə bir-iki dolaşıq sual verəndən sonra şübhələndim. Düzdür, buna qəti əmin deyildim, heç indi də bu barədə özümə haqq qazandırmıram, yəni dəqiq deyə bilmərəm ki, bu odur, amma hisslərimə güvənirəm. İtirəcəyim bir şey yoxdur... İtirəcəyim heç nə yoxdur deyəndə, anamı hesaba qatmıram. O, bu dəqiqə də gözümün qabağındadır. Bircə anamı düşünürəm, başqa heç nə. Onu itirəcəyəm hər halda. Allah kərimdir...
Bağışla məni, ana! Bağışla məni, sevgilim... Snayper tüfənginin tətiyinə barmağımı qoyanda fikrimi dəyişdim. Elə bil kimsə məni səslədi, dedi ki, ayıl! Boşluqdan gələn vəhy, atamın səsinə bənzəyirdi... Mən atamın iki qatilindən birini, onu satanı –insanı satmaq, elə onu öldürməkdir – sevgilimin atasını öldürməliydim. Bir anlıq fikirləşdim ki, gərək əsl qatili də tapıb öldürəm, yoxsa ölənə kimi bu mənim içimi deşəcək. Bunu necə bacara biləcəyimi dəqiqləşdirə bilmədim. Yapon oğraşı tapmağım olduqca müşkül məsələ idi. Ona görə də beynimdəki qarmaqarışıqlıq məni ani olaraq fikrimdən daşındırdı. Fikrimi dəyişdim. Günlərlə çalışıb qurduğun bir planın üstündən yerində və vaxtında xətt çəkib, başqa bir planla əvəzləmək metodunu da atam mənə öyrətmişdi. Vaxt yox idi... İndi mən atamın qatillərinin ortaq nöqtəsini tapmalıydım. Tapdım və tətiyi çəkdim... Bağışla məni, sevgilim!
Atamın qatillərinin ikisi də mənim sevgilimə qızım deyirdi... Tüfəngi elə pəncərədə saxladım. Özümü o qədər rahat hiss edirdim ki, heç sevgilimin arxasınca ağlamaq da keçmədi könlümdən. Qəti əmin idim ki, elə belə də olmalıydı... Heç nəyə əl vurmadım. Bilirəm, çox keçməz, uzağı yarım saatdan sonra bura gələrlər. Axı telefonumu burda söndürmüşəm. Yer təyin etmək indi olduqca asandır. Amma inanıram ki, birinci evimizə gedəcəklər. Qapımızı döyüb anamdan mənim burada yaşayıb-yaşamadığımı, hal-hazırda evdə olub-olmadığımı soruşacaqlar. Bilirəm, xəstə anam da ağlaya-ağlaya, dili topuq vura-vura deyəcək ki, bəli, düz gəlmisiz, bura onun evidir. Romeo mənim oğlumdur...
13.07.2014 –17.07.2014.
|