Ramiz Abbaslı - Simvolizm
22.10.15

Araşdırma

Sənət cərəyanı, eyni zamanda həm də ədəbi məktəb (literary scool) olmaqla, simvolizm XIX əsrin ikinci yarısında Fransada yaranmış, sonradan Avropanın digər ölkələrinə, ilk öncə isə Almaniya, Avstriya, Belçika və Norveçə yayılmışdır.

Alman filosofları A. Şopenhauerin, F. Nitsşenin estetik fikirlərindən qaynaqlanan simvolizmin əsasında yunan filosofu Platonun idealist fəlsəfəsi dayanır. Məlum oldugu kimi, Platon obyektiv idealizmin banisi hesab olunur. Varlığın izahı üçün o, şeylərin qeyri-cismani formalarının mövcudluğu haqqında nəzəriyyəni inkişaf etdirmişdir. Platona görə, hissi aləm həqiqətən mövcud deyil; hissi şeylər daim yaranır və məhv olur, dəyişikliyə uğrayır və hərəkət edirlər, onlarda dayanıqlı və həqiqi olan heç nə yoxdur. Hissi şeylərin əsl mahiyyəti, onların səbəbləri ağılla dərk olunan, lakin hiss olunmayan formalardı.

O səbəbləri, yaxud formalrı Platon növlər (“eydos”lar), bəzən də “ideyalar” adlandırırdı. – Platonun “ideyaları”na ötərgi də olsa nəzər salmaq ona görə lazımdır ki, son yüzilliklərin ən möhtəşəm sənət cərəynı olan simvolizm məhz Platonun ideyaları üzərində bərqərar olub.

Platona görə, ideyalar ilkindir, mühümdür, materiya isə törəmədir, mühüm deyil; materiyanın heç bir forması və xarakteristikası yoxdur, o yalnız ideyanın daşıyıcısıdır, təcəssümüdür. Platondan sonra gələn bütün idealist filosoflar, o cümlədən də alman filosofu Artur Şopenhauer Platonun davamçıları hesab olunurlar.

Şopenhauer özünün “Aləm iradə və təfəkkür kimi” adlı əsərində yazır ki, ilkin real olan ətraf aləm (materiya, zaman, məkan, səbəb-nəticə əlaqəsi) deyil, ətraf aləmdəki şeylərin əbədi formalarını – ideyalarını yaradan dünya iradəsidir. Elmin əsas vəzifəsi ətraf aləmi səbəb-nəticə əlaqəsi kontekstində öyrənməkdən ibarətdir. İncəsənət isə təmiz müşahidə zamanı dərk olunmuş ideyaları təkrar edir.

Şopenhauer öz estetik doktrinasını şərh edərək yazır ki, estetik dərketmə üzvi surətdə sıx əlaqəli olan iki tərkib hissədən ibarətdir: obyektin ayrıca bir şey kimi yox, Platonun ideyası kimi – bu cür şeylərin ümumi forması kimi dərk olunması və dərkedənin özünü bir fərd kimi yox, dərketmənin təmiz, iradəsiz subyekti kimi dərk etməsindən ibarətdir. Sənət müşahidə vasitəsidir, reallığın içərisindən əbədi formaların – ideyaların intuitiv dərk olunmasıdır.

Platonun, Şopenhauerin, Nitsşenin, Hartmanın fəlsəfəsindən, eləcə də amerikalı yazar Edqar Ponun və alman bəstəkarı Rixard Vaqnerin yaradıcılığından bəhrələnən simvolist ədəbi məktəbinin estetikası XIX əsrin 60 – 70-ci illərində R.Verlenin, S. Mallarmenin, Lotreamanın, A.Rembonun yaradıcılığında artıq formalaşmışdı. Səksəninci illərin ortalarından 1898-ci ilə
qədərki dövrdə fransız simvolistlərindən ibarət olan bir qrup da fəaliyyət göstərirdi. Simvolizm termini də həmin vaxt yaranıb.

1886-cı ildə “Kantilenlər” kitabına yazdığı məqaləni “Simvolizmin manifesti” adlandıran fransız şairi J. Moreas qeyd edirdi ki, ideal başlanğıca malik olan simvolizm naturalizmi sıxışdırıb aradan çıxartmalıdır. Simvolizmin ideoloqlarından biri olan Remi de Qurmon isə 1896-cı ildə yazırdı ki, simvolizmin əsasında dünyanın ideallığı və onun insan tərəfindən dərk olunmasının mümkünsüzlüyü prinsipi dayanır.

Simvolistlər naturalist ədəbiyyatın dokumentalizminə, sosial və fizioloji determinizminə, eləcə də XIX əsr realistlərinin sosial-tarixi konkretliyinə qarşı çıxaraq, ideal-həqiqi dünyanı yaradan və intuitiv olaraq onu dərk edən azad poetik təsəvvürü önə çəkirdilər; poetik təsəvvür obyektiv-maddi aləmin qanunlarıyla məhdudlaşa bilməz, auditoriya tərəfindən onun dərk olunması da zəruri deyil. – Simvoliustlər belə deyirdilər.

Simvolist doktrinanın əsas mahiyyəti ümumi şəkildə belə ifadə oluna bilər: gündəlik təcrübədə görüb hiss etdiyimiz şeylrin daxilində ilahi bir sirr – İdeya gizlənib, onu ancaq incəsənət, ilk öncə musiqi, eləcə də insan dilinin musiqi çalarlarından bəhrələnən poeziya aça bilər. Poeziyanın əsas xüsusiyyəti ilahi sirri – İdeyanı hiss etməkdir; poeziya ən ali bilikdir, dünyanın dərk olunmasıdır.

Simvolizmin əsas yaradıcılarından olan fransız şairi Şarl Bodler (1821-1867) hələ ilk gənclik yaşlarındaykən amerikalı yazıçı Edqar Ponun əsərləriylə tanış olur. Öz vətənində bəyənilməyən, tənqidçilər və içtimaiyyət tərəfindən qəbul olunmayan, sözün qısası, gərəksiz əşya kimi zibil yeşiyinə atılmış amerikalının poeziyası və prozası Bodlerə çox güclü təsir etdi. Bodler öz təəssüratını belə ifadə edirdi: ”Edqar Po öz poeziyası və analitik prozasıyla hər bir insanın qəlbində mürgüləyən İblisin üstünə gözqamaşdırıcı, parlaq işıq saldı.”

Əsasən sənət tənqidçisi, ilk növbədə isə fransız rəssamı Delakruanın əsərləri barədə yazan, alman bəstəkarı Rixard Vaqnerin yaradıcılığına maraq göstərən Bodlerrin yeni kumiri peyda oldu – Edqar Po. Bodler özü də Edqar Ponun şeirlərinə oxşayan şeirlər yazmağa, eyni zamanda həm də öz yeni kumirinin əsərlərini fransız dilinə tərcümə edib Fransada yaymağa başladı. Bununla da simvolizm Avropada yayılıb kök atdı. – Bodler ədəbiyyatda nəsə bir yenilik etmək istəyirdi. Son nəticədə öz istəyinə çatdı: Bodlerin yaradıcılığı fransız ədəbiyyatına çox güclü təsir etmişdir.

Beləliklə, Şarl Bodler Edqar Ponu kəşf etdi, simvolistlər isə həm Ponu, həm də Bodleri kəşf etdilər. Simvolistlər üçün Bodlerin yaradıcılığı, ilk növbədə isə onun “Məktublaşma” (“Correspondences”) soneti böyük əhəmiyyət kəsb edirdi; sonetdə kökü Platona gedib çıxan belə bir fikir irəli sürülür ki, qoxular, rənglər və səslər biri-birinin vasitəsiylə ifadə oluna bilər.Bodlerə görə, simvolist şair ümumdünya analogiyasının dərinliklərindən əxz olunmuş metaforalardan, müqayisələrdən və epitetlərdən istifadə edən tərcüməçidir, şifrəaçandır; simvol ümumdünya analogiyasının ən mükəmməl ifadə formasıdır, poetik gözəlliyin zirvəsidir; simvol İdeyanın kamil təcəssümüdür və bu mənada o, metafizik ümumiləşdirici keyfiyyətə malik olub, zamanın fövqündə dayanan əzəli-əbədi dəyərləri özündə ehtiva etməlidir.

Bodler hesab edirdi ki, insan simvolllar vadisində gəzib-dolaşır, amma simvolların dilini bilmir. Bu yerdə şair (əlbəttə, söhbət ancaq simvolist şairdən gedir) köməyə gəlir, çünki simvollların dilini ancaq obilir.

Təbiət bir məbəddir, hərdən görürsən
Onun yaşıl budağından tutqun kəlmələr qopur.
Simvollar vadisində azıb qalmışıq, –məbəddə dolaşırıq,
O da seyr edir bizi qayğıkeş simsar kimi.

– Simvolistlər tərəfindən yüksək qiymətlədirilən “Məktublaşma” soneti belə başlayır.

Simvolist doktrina özünü ən çox fransız şairi Stefan Mallarmenin yaradıcılığında biruzə verir. Düzdür, dostu Viktor Hüqo hər dəfə onu görədə “Mənim əziz impressionist şairim” deyirdi, lakin buna baxmayaraq, Mallarme tipik simvolist idi və Parisdə uzun illər fəaliyyət göstərmiş simvolist şairlər qrupuna da özü rəhbərlik edirdi. Mallarme üçün dil ünsiyyət vasitəsi deyil, hansısa bir fikri doğuran, nəyəsə eyham vuran ecazkar təsir vasitəsidir. “Yelpik” adlanan üç şeirində o, maddi aləmin tək-tük faktlarına müraciət edir ki, bunlardan da yalnız ideal aləmin simvolları kimi istifadə olunub. Əhvalındakı səbəbi məlum olmayan pessimist ovqatı çatdırmaq üçün Mallarme söz-musiqi təlqinin köməyiylə yaranmış simvollardan istifadə edir. Onun yaraıcılığında susmaq – pauza (sükut) poeziyadan üstün tutulur, çünki poeziya varlığın mahiyyətini ifadə edə bilmir və bu səbəbdən də o özü “abstraksiyalar aləminə səssiz-lal bir uçuşa çevrilir.” – Bu mənada Mallarme ilə belçikalı simvolist dramaturq M. Meterlinkin mövqelərindəki yaxınlığı görməmək mümkün deyil. Meterlink hesab edirdi ki, insanlar arasında həqiqi ünsiyyət qəlblərin sözsüz-danışıqsız toxunuşu zamanı yaranır, çünki səs materiyasıyla həddən artıq yüklənib ağırlaşmış, real məna ilə dolub gərilmiş və bütün varlığıyla birmənalılığa can atan söz nəinki ideal dünyanın mahiyyətini ifadə edə bilmir, hətta insanlar arasında baş verən primitiv ruhi münasibətləri də əks etdirmək iqtidarında deyil. Ona görə də deyilən söz yalnız onu yuyub təmizə çıxardan sükutun sayəsində hansısa bir məna kəsb edə bilər.

1898-ci ildə Stefan Mallarme dünyasını dəyişdi. Onun rəhbərliyi altında fəaliyyət göstərən simvolistlər qrupu dağıldı. Lakin simvolist ədəbi məktəbi yaşayırdı. XIX əsrdə yaranıb təşəkkül tapmış simvolizm dünya ədəbiyyatına, ələlxüsus da Amerika Birləşmiş Ştatları və Böyük Britaniya kimi ölkələrin ədəbiyyatına çox güclü təsir etmişdir. Tək elə onu qeyd etmək yetər ki, böyük fransız yazıçısı Marsel Prust, Nobel Mükafatı laureatları sırasında yer almış irlandiyalı şair Uilyam Batler Yits və ingilis şairi Tomas Eliot simvolist ədəbi məktəbinin nümayəndələridilər.

Simvolistlər simvol kəşf etmədilər. Onlar sadəcə olaraq sənətin bünövrəsi olan simvollları yenidən gündəmə gətirdilər, məsələnin bu tərəfinə daha çox diqqət yetirilməsinə nail oldular. Simvolistlər poetik obrazın çoxmənalılığını və ambivalentliyini gücləndirərək elə də böyük olmayan lirik formalar üçün qeyri-adi geniş ifadə imkanları yaratdılar. Böyük istedad sahibi olan şair və yazıçıların hər biri simvolist doktrinadan özünəməxsus tərzdə bəhrələnərək dünya ədəbiyyatını gözəl əsərlərlə zənginləşdirmişlər.

P.S.

Simvolistlər barədə danışıb, o məktəbin çoxsaylı nümayəndələrindən heç olmasa birinin yaradıcılığıyla oxucuları

tanış etməmək düzgün olmazdı. Bu mənada mən irlandiya şairi Yitsi seçdim. Ona görə ki, 2015-c ildə bütün dünya Yitsin anadan olmasınının 150 illiyini qeyd edir. Amma bu əsas deyil. Əsas odur ki, azərbaycan oxucusu Yitsi tanımır. Yitsin əsərləri dilimizə tərcümə olunmayıbsa, onun barəsində adi bir məqalə də yazılmayıbsa, oxucu onu necə tanıya bilər?

Beləliklə, UİLYAM BATLER YİTS

U. B. Yits 13 iyun 1865-ci il tarixdə İrlandiyanın paytaxtı Dublin şəhərində anadan olub. Dublin və Oksford universitetlərində təhsil alıb. Hələ gənc yaşlarındaykən yaradıcılığa başlayan Yits folklora və mifologiyaya xüsusi maraq göstərirdi. İrland folklorunun populyarlaşması üçün çox iş görüb. Yaradıcılığının ilk dövründə Yits üçün poetik simvollar mənbəyi də əsasən irland folkloru və əbədi gözəllik ideyası olub. Həmin dövrdə onun “Qamışlıq küləyi” (1889-cu il), “Ossianın səyyahəti” (1889-cu il), “Qızıl gül” (1893-cü il) adlı kitabları çap olunmuşdur.

Milli-azadlıq hərəkatı ideyasından təsirlənən şair 1902-ci ildə “Huliamın qızı Ketlin” adlı pyes yazmışdır. Ümumiyyətlə, şair Kitsin yaradıcılığında dramaturgiya xüsusi yer tutur.

Yaradıcılığının ilk dövründən başlayaraq vaxtaşırı o, həm də dramaturgiyaya müraciət etmiş, müxtəlif illərdə “Qrafinya Ketlin”, “Qəlb istəklərinin məkanı”, “Dyerdre”, “Sup qazanı” və s. pyeslər yazmışdır. 1889-cu ildə Yits İrland Ədəbiyyat Teatrı adlı teatr da yaratdı; orada irland xalqının həyatından bəhs edən pyeslər tamaşaya qoyulurdu.

Simvolist ədəbi məktəbinin nümayəndəsi olan U.B.Yitsin bütün əsərlərində simvol var. Yaradıcılığının son dövrünə aid olan şeir və poemalarda, ələxüsus da “Maykl Roberts və rəqqasə”, “Qüllə”, “Lyapis lazuli”, eyni zamanda həmçinin “Görüntü” adlı essedə isə, belə demək mümkünsə, oxucu tam bir simvollar bolluğuyla üzləşir.

Simvolist şair-dramturq Uilyam Batler Yits 1923-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
U.B.Yits 1939-cu ildə ürək xəstəliyindən vəfat edib.

U.B.Yitsin şeirləri

(tərcümə Ramiz Abbaslı)

KUKLALAR

Kukla ustasının evində kukla beşiyə baxdı,
Sonra o, şarla çəlikləri vurma oyununa baxdı.
“Bu bizi təhqir edir,” – kukla dedi.
Şoularçün bəslənmiş çox nəsilləri
Öz gözüylə görüb yola da salmış,
Qosqoca kukla taxçada qışqırdı:
– Heç kim deyə bilməz bu iyrənc,
Bu mənfur zəhlətökəni ər ilə arvad
Bizi alçaltmaqçün qəsdən gətirib.
Ustanın arvadı gördü ki, əri
Yerində qovrulub ah-uf eləyir.
Arvad başa düşdü: əri eşidib,
Bədbəxt hadisədən xəbər tutubdu.
Yumşaq kresloda yana əyilib
Ərinə pıçıldadı:”Ah, əzizim, əzizim!
Fikir vermə. Bu ancaq təsadüfdür.”


İLLLƏR İNSANI ÖYRƏDİR

Coşqun dalğaların cənginə düçüb
Sularda batıb-çıxan mərmər triton kimiyəm,
Xəyallar yorub məni.
Oturub bütün günü
Bu gözəl qadına baxıram, – elə bil,
Kitabda tapdığım gözəl rəsmdi.
Elə məmnunam, gözüm yaşla dolub,
Kiçik həniri də qulağım alır.
Heyrət içindəyəm, fəqət ağlım başımdadı,
Çünki ömür keçir – illər insanı öyrədir.
Amma dayan görüm bu nədir belə:
Mənim xəyalımdı, yoxsa həqiqət?
Bəlkə də, gənc ikən görüşmüşük biz!
Fəqət bax, budur, xəyallar içində
Qocalmışam mən, – dənizdə
Batıb-çıxan mərmər triton kimi.


ANN QRİQORİYƏ

– Sırğaların qulağında,
Elə bil, bal damcısıdı,
İndən sonra çox kişinin
Ağlını başdan alacaq,–
Fəqət o kəs özünü yox,
Sarı saçını sevəcək.
– İstəsəm saç rəngi alıb,
Saçlarımı boyayaram:
Qızılı, qəhvəyi, qara;
Dərdimdən ölən kişi qoy
Tək elə özümü sevsin.
Sarı saçı neyləyəcək?
–“ Əlimdə qədim yazı var,–
Qoca kahin dünən dedi,–
Orada belə yazılıb:
Özgə heç kim, yalnız Allah
Sarı saçına baxmayıb
Tək özünü sevə bilər.”


MAHNI

Deyirdim, gəncliyin ömrün
Uzatmaq heç lazım deyil,
Bədən gümrah qalsın deyə,
Bir az idman bəs eləyər.
Kimin ağlına gələrdi,
Qocalan ürək olacaq?
Qadının qəlbin oxşayıb,
Danışmağa sözüm çoxdu.–
Deyirsən, ona görə ki,
O deyir zəif deyiləm?
Kimin ağlına gələrdi,
Qocalan ürək olacaq?
Həyat eşqim sönməyibdi,
Amma ürək... Mən deyirdim,
Bədənimi yandırıb o,
Kül edəcək. Amma ürək...
Kimin ağlına gələrdi,
Qocalan ürək olacaq?


VƏHŞİ QAZLAR KULİDƏ

Payızın əvvəli – qızıl don geyib ağaclar,
Talalar hələ qurudu.
Sakit səmanın əksi
Sulara düşübdü alatoranda,
Qayalıq tərəfdən suyun üzündə
Bir dəstə qaz üzür – əllidən çoxdu.
İlk dəfə bu yerə gəldiyim gündən
Saymışam: on doqquz payız ötübdü.
Gölün sonuna çatmamış gördüm
Dəstə qalxdı – qanadları şaqqıldadı,
Sınıq üzük kimi, əyri bir xətlə
Uçaraq səmaya yayıldı qazlar.
Quşlara baxdığım yerdə birdən
Ürəyim ağrıdı: hər şey necə də dəyişib!
İlk dəfə bu yerə gəldiyim zaman
Qazlar qanad çalıb başımın üstə
Beləcə uçurdular, mənsə sahildə
Gəzib-dolanırdım – quş kimi yüngül.
Yorulmaq bilməyir bunlar,
Ürəkləri qocalmayır,
Soyuq suyun içində də
Sevən sevdiyilə yanaşı üzür.
Odur, uçdular: harda istəsələr gedib
Yuvaların qurar, məskən salarlar.
Sakit suların qoynunda
Nə sirli, nə gözəl varlıqlar üzür!
Bir gün yuxudan ayılıb,
Mən onları görməyəcəm.
Hansı çayın əyrisində, hansı gölün qırağında
Gedib məskən salacaqlar?

/azyb.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.