Tofiq Hacıyev Dilçilik İnstitutunun direktoru vəzifəsinə bərpa olunub
21.10.15
"Dilçilik İnstitutunda olan fəaliyyətimi dayandırmışam. Akademiya rəhbərliyinin qərarına əsasən, bu gündən etibarən işə çıxmıram". Bunu "Report"a açıqlamasında Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən professor Möhsün Nağısoylu bildirib.
Dilçilik İnstitutundan fakt təsdiqlənib: "Direktor vəzifəsini icra edən professor Möhsün Nağısoylu İnstitutda olan fəaliyyətini dayandırıb. Akademik Tofiq Hacıyev vəzifəsinə bərpa edilib. O, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru kimi öz vəzifəsinin icrasını davam etdirəcək".
Xatırladaq ki, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev iyulun 24-də tutduğu vəzifədən azad olunması ilə bağlı ərizə yazıb. AMEA prezidenti Akif Əlizadənin imzaladığı sərəncamla Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən təyin olunub. Sentyabrın əvvəlində akademik Tofiq Hacıyev tutduğu vəzifədən azad olunmasıyla bağlı yazdığı ərizəni geri götürmək məqsədi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə yazılı müraciət edib. Sentyabr ayından etibarən institutda iki direktor bir yerdə fəaliyyət göstərirdi. /report.az/
|