Xalça Muzeyində “Sevinən ölkəm” adlı tədbir keçirilib
19.10.15
Azərbaycan Xalça Muzeyinin (AXM) uşaq muzeyi şöbəsi Müstəqillik Günü münasibətilə “Sevinən ölkəm” adlı tədbir keçirib.
AXM-nin mətbuat xidmətindən bildirilib ki, tədbirdə uşaq muzeyi şöbəsinin “Uşaq teatrı” dərnəyinin üzvlərinin əl işlərindən ibarət “Sevinən ölkəm” adlı rəsm sərgisi və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunub. Tədbirdə iştirak edən məktəblilər üçün “Mənim müstəqil dövlətim” adlı intellektual oyun təşkil edilib, onlara Müstəqillik Günü ilə bağlı suallar verilib. Uşaq muzeyi şöbəsinin “Naxışlar aləminə səyahət” (milli geyim növləri, xalça elementlərinin təqdim olunması), “Özün toxu” (kilim, palaz toxunmasının nümayişi), “Öz xalçanı yarat” (kompyuterdə naxışlar vasitəsilə xalça kompozisiyalarının yaradılması), “Face-art” (uşaqlarda vətənə sevgisi aşılamaq üçün üz və əllərinə xüsusi boyalarla Dövlət atributlarının təsviri) mövzularında təqdimatları şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir Maisə Əzizovanın bədii rəhbərliyi ilə “Uşaq teatrı” dərnəyinin üzvlərinin ifasında Tofiq Quliyevin “Bakı haqqında mahnı” sı, Nikolay Ostrovskiyin “Qoy, həmişə günəş olsun”, “Arşın mal-alan” operettasından qızların xoru, “Qaynana” filmindən “Biz mehriban ailəyik” və Emin Sabitoğlunun “Siravi Əhməd” adlı musiqi nömrələri ilə davam etdirilib.
|