Vasif Əlihüseyn - Qaz da çəkmədilər kəndimizə
14.10.15
MÜHARİBƏ VETERANININ QIZINA DEDİKLƏRİ
Saçımın ağlığı da, yaşımdandı qızım. Sən inanma yerimizə ağlayan şairlərə.
Sən nağıllardakı qəhrəmanlarını görürdün yuxuda. Mən səni oyatmadan üzündən öpüb müharibəyə gedəndə.
Bax, toyuna da çatdırdım özümü Amma, ayaqlarımı qoyub gəldim. İndi pilləkənləri qalxmağı da bacarıram. qapınızın zəngini çalmağı da.
Bilirsən qızım, torpaqları itirmək, ayaqlarımı itirməkdən daha ağrılıdı mənə.
mən ayaqlarımı itirəndə, o, yerləri öz qanımla boyadım. “Vətən” möhürü vurdum o yerlərə. Hələ də, o torpaqlarda. Neçə-neçə qan təzələnir qanımın üstündən.
KƏNDİMİZ
Bu ildə qar yağdı, Bu ildə, İsinməyə ümüd gəzdi kəndimiz Aldatdılar... Qaz da çəkmədilər kəndimizə. Babamdan yadigar, “Tut” ağaclarının, budaqlarını qırdıq, yenə də. bacalar tüstülədi göylərə, soyuqdan
Ərləri xaricə çörək dalıyca getmiş, gəlinlər. Bir toyuq başı kəsdirməyə, kişi tapmadılar. sünnət olunmamış uşaqlara, “Bismillah” deməyi, bir də “Qiblə”ni göstərdilər.
Beləcə hər qış, kəndimiz neçə ağac yandırıb çəkdi ciyərlərinə.
Ümüdləri bir az daha çox qırıldı gəlinlərin toyuq başı kəsən uşaqların sayı azaldıqca.
GÜNÜ MANATA İŞLƏYƏN RAYON QADINI
Yaxşı ki, sən getdin. Sənin bilmədiyin hüzün başladı ömrümdə.
Bütün çay evlərinin iki müştərisi azaldı onda. Günü on manata işləyən rayon qadını, dodaq boyalarına bələnmiş stəkanları yudu deyinə-deyinə.
Sonra, səni qısqandığım paltarlarda şəkillərini paylaşdın. Bircə yol üzüm gəlmədi ki, soruşam: -Müəllif kimdi?
Qayıdıb öz evimə gəldim qapımı döydüm. qonşu uşağı, qaçdı üstümə: - əmi, muştuluğumu ver, evdə heç kim yoxdu.
|