Oda Teatrının rəhbəri Elmin Bədəlov daha bir müstəqil teatr təsis edib. Teatr rəhbəri ölkə mədəniyyətinə daha bir yenilik gətirmək üçün ADO adlı teatr açdığını deyib. Onun sözlərinə görə, yeni teatrın yaxın günlərdə açılışı da olacaq: “Bu teatr üçün artıq yeni stildə bir tamaşa da hazırlamışıq. Teatrın açılışı günü həmin tamaşanın premyerasını da edəcəyik. Premyara 3 gün – 16, 17, 18 oktyabrda baş tutacaq”.
Yeni yaranan ADO Teatrının təsisçi və bədii rəhbəri Elmin Bədəlov onu da bildirib ki, Azərbaycanda bu səpkili teatr yoxdur və təzə tamaşa ölkədə böyük diqqətə səbəb olacaq: “Oda Teatrı ölkədəki teatrlara alternativ idisə, ADO bütün teatrlara, o cümlədən Oda-ya da alternativ olacaq. Çünki bu teatrın öz xətti, özünəməxsus tamaşaları olacaq ki, bu da Azərbaycanda bir ilkdir. Bu teatrda artıq tamaşaçı da tamamilə hadisələrin içində olacaq. Biz qabaqcadan elan edirik ki, ADO-ya gələnlər istənilən hadisə ilə qarşılaşa bilərlər. Bu baxımdan səhifəmizdə teatr haqda yayacağımız elanları diqqətlə izləsinlər. Eyni zamanda yeni teatr yaratmaqla ölkədə müstəqil teatr ənəsi formalaşdırmaq istəyirik. İndi artıq təkcə Oda yox, onunla bərabər ADO teatrı olmaqla ölkədə 2 müstəqil teatr olacaq. Həm də müstəqil teatrlar arasında yaxşı bir rəqabət olacaq ki, bu eləcə də Oda-nın inkişafına da kömək olacaq. Nəinki Oda-nın, ölkədə teatr mədəniyyətinin inkişafına bir təkan olacağına inanırıq”.
Qeyd edək ki, ADO teatrının qurulmasına sentyabrın 1-dən start verilib. Yeni teatrın yaranmasında artıq 3 ildir ki, fəaliyyət göstərən ölkənin ilk və yeganə müstəqil teatrı olan Oda-nın dəstəyi olub. Elə bu səbəbdən də yeni teatrın adı Oda Teatrının adının tərsinə olaraq ADO qoyulub.
ADO Teatrının rəsmi Facebook səhifəsi: fb.com/adoteatr
Ünvan: Bakı, Dilarə Əliyeva 141
E-mail:
[email protected]Əlaqə: 050 394 48 64
Qeyd edək ki, teatrın ilk və yeni tamaşası haqda daha ətraflı məlumatlar ADO-nun rəsmi səhifəsində yayılacaq.