Elnur Astanbəyli - Saatı ən yorğun vaxta qurdum
13.10.15
Qızların ən yorğunu
Bara getdim dünən gecə Qızların ən yorğununu seçdim Şərabların ən yorğununu içdim
Dəniz kənarına getdim Ən yorğun skamyaya oturdum Saatı ən yorğun vaxta qurdum Uzanıb yatdım Günəşin ən yorğun şəfəqinə durdum
Evə gəldim ən yorğun barmağımla basdım qapının zilini səsinin ən yorğun yeri ilə soruşdu qadınım «hardaydın bütün gecə?»
Nə desəm, nə cavab versəm - bilməm ki… ən yorğun qızı ən yorğun şərabı ən yorğun skamyanı ən yorğun vaxtı ən yorğun barmağı necə anlada bilərdim ki… necə?..
2011
Elçin Səlcuqdan məktub var
bəy, orda dostlar necədi orda havalar necədi? bəy, iş-güc necədi orda, evdə balalar necədi?
sizin dağların dumanı bizim yayladan keçirmi Seymur hələ yazırmı, bəy? bəy, Murad hələ içirmi?
məni soruşsan… yaxşıyam yaman özlədim dostları hə bir də… bir də… orda yağışlar yağanda burda yanaqlar islanır
dekabr 2010
Niyyət axşamı
(«Unudulmuş dəftər»dən)
bir qaraca daş olaydım daşlara qardaş olaydım bir yaralı quş olaydım qızlara qonmuş olaydım
keçəydi aclar ordusu yoxsullar lütlər ordusu əllərində əkmək olaydım əyinlərində könək olaydım
asılaydı dost körpüsü üstündən keçmiş olaydım səndə bir damcı gözəllik olaydı mən «hop» deyə içmiş olaydım
2004
Ayrılıq yeməyi
hər şey hələ də hər şeydən xəbərsiz pırıl-pırıl yanan restoran işıqlarının müşaiyəti ilə baş verdi öncə o çəkib getdi və arxasınca nə vardısa çəkib apardı masadan çörək qırıntılarını əzik-üzük salfetləri boş araq şüşəsini siqaret kötüklərini diş çöplərini hamısının yerində bir hüzn buraxdı bir ağrı bir səssizlik bir kədər indi ödəyə biləcəksənmi bütün bunların hesabını varmı üstündə sevgi o qədər?!.
Noyabr 2010
/edebiyyat.biz//
|