Xoşbəxtliyin reseptini bilən yazıçı - Hans Xristian Andersen
12.10.15
Hans Xristian Andersen sadəcə yazmırdı, həm də balacalara və böyüklərə yaşamağı öyrədirdi. Axı “əsl xoşbəxtlik - dünyaya faydalı olmaqdır”. Böyük nağılçı belə düşünür, nağıllarını da bu istəklə yazırdı.
Danimarka kralının dostu
…Məşhur Danimarka yazıçısı Hans Xristian Andersen 1805-ci ildə Fyun adasındakı Odnes adlı yerdə dünyaya gəlmişdi. Andersenin valideynləri varlı deyildilər; atası başmaqçı, anası Anna Mari Andersdatter isə paltaryuyan idi. Buna baxmayaraq, Danimarkada indiyə qədər Andersenin kral ailəsindən olması haqqında əfsanələr gəzir. Axı özünün ilkin bioqrafiyasında yazıçı dəfələrlə təkrar edirdi ki, uşaq vaxtı o, sonralar Danimarka kralı olmuş şahzadə Fritslə dostluq edib, onunla birlikdə oynayıb. Andersenin sözlərinə görə, onların dostluğu bütün ömür boyu, Fritsin ölümünə qədər davam eləyib...
Bəs bu əfsanələr necə yaranıb? Doğrudanmı Andersen yalan danışırdı? Məsələ burasında idi ki, Hans bu nağıllarla böyümüşdü, hələ balaca olanda atası danışardı ki, o, hansısa kralın yaxın qohumudur. Andersen hələ uşaqlıqdan güclü fantaziyaya və təxəyyülə malik idi. Nağıl aləmində yaşayar, özünü də bu nağıllara inandırmaq istəyərdi. Məşhur teatr tamaşalarını evdə improvizə edər, səhnəciklər qurardı. Böyüklər onun göstərdiyi səhnəciklərə baxıb gülər, yaşıdları isə lağa qoyardı. Onun ən böyük arzusu teatrda işləmək idi.
1816-cı il onun üçün ağır il olur, atası dünyasını dəyişir. Andersen özü işləyib çörəkpulu qazanmalı olur. Əvvəl toxucuya şəyird olur, sonra dərzi yanında, daha sonra tütün fabrikində işləyir. Gözəl səsi vardı, amma hələ həddi-buluğa çatmadığından qadın səsinə bənzəyirdi, bu da dinləyənlərdə gülüş doğururdu... Arıq, uzunboylu, mavigözlü, sivriburunlu bir gənc idi. Uzun əlləri və ayaqları vardı, küçəylə gedəndə ona “leylək” ya da “fənər dirəyi”deyib lağa qoyardılar. Uşaqlıqdan təkliyi sevirdi, bir küncdə oturar, kuklalarla oynayardı. Kukla teatrına olan məhəbbəti o, bütün ömür boyu ruhunda daşımışdı.
Yaşamaq dalınca
14 yaşı olanda Hans Danimarkanın paytaxtı Kopenhagenə yollanır. Anası onun üçün narahat idi və ümid edirdi ki, tezliklə geri dönəcək. Hansın qərarı isə qəti idi. Nəyin bahasına olursa olsun, məşhur olmalıydı.
Hans qısa bir vaxtda teatrda iş tapacağına ümid edirdi. Amma bir il ərzində teatrların heç birində işə düzələ bilmir. Bir gün çarəsiz qalıb məşhur bir aktrisanın evinə gəlir və göz yaşları içində ondan kömək istəyir. Aktrisa bəlkə də bu yöndəmsiz cavandan yaxasını qurtarmaq üçün ona kömək edəcəyini deyir, amma vədinə əməl eləmir. Uzun illərdən sonra aktrisa etiraf edəcəkdi ki, o zaman həmin cavan oğlanı ağlı başında olmayan bir sərsəri hesab edib...
Hans Xristian çox-çox sonralar yazacağı nağılın qəhrəmanı olan çirkin və yöndəmsiz “ördək balası” idi, fərqli olduğuna görə ona ikrah hissi ilə baxırdılar.
Nəhayət zahiri görünüşünə baxmayaraq, Hansı teatra işə götürürlər. Amma təəssüf ki, onun uğur qazana biləcəyinə inanmır və ikincidərəcəli rollar verirdilər. Andersen teatrda özünü doğrulda bilmir, yetkinlik yaşından sonra isə səsi də dəyişib öz gözəlliyini itirir. Beləliklə, onu teatrdan tamamilə uzaqlaşdırırlar.
Hans ümidini itirmir, 5 pərdəlik pyes yazır və krala məktubunda pyesin çapı üçün maddi yardım göstərməsini xahiş edir. Kitab çap olunur və müəllif onu satmaq üçün əlindən gələni edir. Reklam aksiyaları keçirir. Amma satış gözlədiyi kimi olmur. Hans işi belə görüb pyesi teatrda tamaşaya qoymaq istəyir, amma müəllif kimi təcrübəsiz olduğundan xahişi rədd edilir.
Amma Hans Andersen təslim olmaq istəmirdi. Onun teatra böyük həvəsini görüb krala xahiş məktubu yazırlar və Hansın hökumət hesabına oxumasını xahiş edirlər.
Hans təhsil almağa başlayır. Tələbələr bir qayda olaraq yemək və yaşayış yeri ilə təmin olunurdu. Buna baxmayraq, Hansın həyatı heç də asan keçmirdi. Birincisi, məktəb yoldaşlarından yaşca xeyli böyük idi, onların arasında çirkin ördək balası kimi fərqli və yöndəmsiz görünürdü. Üstəlik məktəbin rektoru onu tez- tez tənqid edir və danlayırdı. Hans bundan çox mütəəssir olurdu. Məktəb və müəllimləri gecələr yuxusuna kabus kimi girirdi. Sonralar deyəcəkdi ki, məktəb divarları arasında keçən illər onun ömrünün ən sönük çağları olub...
...Və nağıllar yazmağa başladı...
Andersen küsəyən və həssas idi, tez-tez depressiyaya düşürdü. Qəribə vərdişləri vardı. Məsələn, yanğından çox qorxurdu, ona görə özüylə həmişə kəndir gəzdirərdi ki, yanğın baş versə, kəndirin köməyi ilə xilas ola bilsin. O, diri-diri dəfn olunacağından yaman qorxurdu, ona görə dostlarından xahiş etmişdi ki, onu tabuta qoymazdan qabaq hər ehtimala qarşı damarını kəsib öldüyünə əmin olsunlar. Xəstələnəndə stolun üstünə “Siz yanlış olaraq elə güman edirsiniz ki, mən ölmüşəm” sözləri yazılmş kağız parçası qoyardı.
Andersen “Amagerzə səyahət” adlı ilk hekayəsini elə tələbəlik illərində yazır. Bu yumoristik hekayə ona uğur gətirir. Yazıçı bu illərdə “Şəkilsiz şəkilli kitablar” toplusunu dərc etdirir. 1838-ci ildə “Nağıllar”ın ikinci cildini, 1845-ci ildə isə üçüncünü yazır. Andersen dünya şöhrətli yazıçıya çevrilir. 1847-ci ildə ilk dəfə İngiltərəyə səfər edən yazıçını təmtəraqla qarşılayırlar.
Andersen folkloru çox sevirdi, nağılları el ədəbiyyatından qaynaqlanırdı. Amma zaman keçdikcə, bu əlaqə zəifləyir. Anderseni artıq pərilər, sehrbazlar, tilsimli əşyalar deyil, canlı insanlar, onların taleyi cəlb edirdi. O deyirdi: “Ən yaxşı nağıl həyatın özünün yazdığı nağıldır”.
Günlərin birində özünün parlaq nağılbaz kostyumunu nəzərdən keçirir, fərqinə varır ki, kostyumu əyninə daralıb, düymələri bağlanmır, alabəzək şalvarı isə öz ömrünü başa vurub. Anlayır ki, artıq bu geyim üçün çox yaşlaşıb. Xoşbəxt sonluqlu nağıllarla da o, beləcə vidalaşır. Məsələ burasındadır ki, Hans Andersen çoxdan yalnız uşaqlarla deyil, böyüklərlə də danışmaq, dərdləşmək istəyirdi.
Məşhur nağılbazın böyüklər üçün yazdığı nağıllardan biri ona çox böyük şöhrət gətirən, “Kölgə”dir. Nağıl birbaşa cəmiyyətə ünvanlanıb. O, ayna kimi cəmiyyətin qüsurlarını əks etdirir.
Nağılın qəhrəmanı bir alimdir. Onun kölgəsi var; hər zaman yanında olan kölgəsi. Günlərin birində kölgə yoxa çıxır və bir neçə vaxtdan sonra insan surətində yenidən peyda olur. Amma onun kölgə olduğunu alimdən yaxşı kim bilir ki? Kölgə ona birlikdə səyahətə çıxmağı təklif edir. Yolboyu kölgə alimə “sən” deyə müraciət edir və təklif edir ki, alim ona “siz” deyə müraciət etsin. Onlar yad bir ölkəyə gəlib çıxırlar. Burda alimi və onun kölgəsini heç kim tanımır. Bu halda kölgə özünü insan, alimi isə kölgəsi kimi təqdim edir.
Artıq kölgə zahirən insana çevrilməyə başlayır. Məsələnin mahiyyətinə varmaq isə çox müşküldür. Alim özünün kölgə olmadığını sübut etməyə cəhd etsə də, artıq ona heç kim inanmır. Beləcə sonda alim özü də fərqində olmadan kölgənin kölgəsinə çevrilir.
Əsl xoşbəxtlik nədir?
Hans Xristian Andersen öz nağıllarında məharətlə iki janrı - sehrli nağılları və məişət nağıllarını birləşdirirdi. Dünyada elə şeylər var ki, onlara sehrlə sahib olmaq olmaz. Necə ki, “Su pərisi” nağılında sualtı dünyadan gələn qızcığaz sevgi əzabı çəkir, onun hissləri gerçək insan hisslərinə çox bənzəyir.
Amma təəssüf ki, o dövrün tənqidçilərinə Andersenin nağılları xoş gəlmirdi. Məsələnin məğzinə varmadan ucdantutma tənqid edirdilər. Ona sübut etmək istəyirdilər ki, Hans Andersen Danimarka ədəbiyyatının ögey övladıdır və o, “çəkməçi oğlu” kimi öz yerini bilməlidir. Bəs buna səbəb nə idi? Məsələ burasında idi ki, o, yoxsul idi, şair təbiətli idi və “yaşamağı bacarmırdı”. Axı Andersenə görə, hər şey - ağac da, çiçək də, hətta şüşə qırığının özü belə poeziya idi, çünki ağacın, çiçəyin, hətta şüçə qırığının da taleyindən gözəl bir nağıl ərsəyə gəlirdi...
Maddi ehtiyac və tənqidçilərin təzyiqi onun daxili dünyasına təsir etməyə bilməzdi. “Məni şübhələr didib-dağıdır, görəsən, yazdığım heç olmasa bircə əsər məndən sonra yaşayacaqmı?”, - deyə dostuna məktubunda yazırdı.
Andersenin məyusluqları nağıllarına da sirayət edirdi. Onun ömrünün ahıl çağında yazdığı nağıllarda daha çox kədər və göz yaşı vardı. Andersen erkən yaradıcılığında olduğu kimi artıq xeyirxah və ümidli deyildi. Onun nağıllarındakı pərilər artıq gücsüz idilər. Anderson adi insan kimi yaşayır, yaşlanırdı. “Yaşamaq üçün günəş, azadlıq və xırda bir çiçək lazımdır”,-deyən nağılçı artıq dünyanın xilasına inanmırdı. Bəlkə də elə ona görə zaman keçdikcə, o, öz nağıllarına az qala nifrət edirdi. O, roman, pyes, başqa bədii nümunələr də yazırdı, amma onlar nağılları kimi məşhurlaşmır, yenə nağıl yazmalı olurdu. Bəlkə də onun romançı kimi şöhrət tapmasına nağılları mane olurdu. İnsanlar zərif duyğuları heç nə ilə əvəz etmək istəmirdilər.
Böyük nağılbaz sonuncu nağılını 1875-ci ilin Milad bayramı günlərində yazır. 3 il qabaq o, yıxılıb əzilmişdi, bu müddət ərzində tam sağala bilməmişdi... O, 1875-ci ilin avqustunda dünyasını dəyişir. “Xoşbəxt olmağın yeganə yolu - dünyaya faydalı olmaqdır”- deyən yazıçını son mənzilə yola salanlar artıq əsl xoşbəxtliyin nə olduğunu bilirdilər...
/"Aydın yol", Günel Natiq/
|