Firuz Mustafa - Gözü yaşlı ağaclar
06.10.15

Hekayə
                                          
   Neçə gündən bəri dağı-dərəni ağuşuna almış dumanın ətəyi günoptadan sonra yavaş-yavaş yığışmağa başladı; elə bil sir-sifəti görünməyən küpəgirən qarı öz sehrli tumanının ətəyini dəstələyib qeybə çəkildi. Sonra Günəşin çətir-şüaları tovuz quşunun lələkləri kimi açıldı, parlaq şəfəqlər nəmli yarpaqların, şehli otların üstündə bərq vurdu.
    Dumanlı-çiskinli havaları o qədər də xoşlamayan A. Zirvə, Günəşin çıxdığını görüb həyətə düşdü. O, havalar tutulan gündən evə çəkilib öz yazı-pozularını qaydaya salmaqla məşğuldu. Düzdür, A. Zirvə özünün bütün yaradıcılığı boyu çənə-dumana, qara-çisəyə çoxlu şeir həsr etmişdi və bir çoxuna musiqi bəstələnmiş o şeirləri yerli müğənnilər, şairin  doğulub boya-başa çatdığı kəndin toylarında, ələlxüsus da, sünnət məclislərində şövqlə oxuyurdular; amma şeir də, şeirdə vəsf edilən çən-duman da öz yerində, A.Zirvə yeri gələndə özünəməxsus böyük bir səmimiyyətlə etiraf edirdi ki, o, dumandan daha çox, Günəşi və günəşli havaları xoşlayır.
     A. Zirvə Günəşin nur çilədiyi həyət-bacada bir qədər dolşdiqdan sonra təzədən evə döndü; duman köç eləyib bu tərəflərə gələn gündən yarımçıq qalmış poemasını, daha doğrusu, həmin poemanın böyük hassəsinin yazıdığı bir çəngə vərəqi dəstələyib  həyətin yuxarı başına sarı qalxdı; buradan o yana biçənək idi. Biçənəkdə iri buynuzlu, ala-bula bir inək otlayırdı. Bu, A. Zirvənin anasının inəyi idi. Ana, inəyi dünəndən biçənəyə buraxıb, qonşu kəndə öz qızının yanına, yəni A. Zirvənin bacısıgilə qonaq getmişdi.
     A. Zirvə, tənqidçilətdən birinin qeyd etdiyi kimi, təbiət şairi, təbiət aşiqi idi. Elə şeirlərinin çoxunu da təbitin qoynunda yazıb-yaratmışdı. Yeni poemasında da təbiətlə bağlı mühüm bir problemdən- ətraf mühitin qorunmasından söhbət açılırdı; o, öz yaradıcılığı üçün yeni zirvə hesab elədiyi bu əsərdə təbiətə qəsd edənlərə bədii sözün qüdrəti ilə divan tutmaq, şapalaq vurmaq istəyirdi. O, öz oxucularına ağacların adamlardan daha qiymətli olduğunu sübut etmək istəyirdi. Hətta, poemada belə bir fikir də vardı ki, kəsilən ağaclar kəsilən başlardan daha çox göz yaşı tökür.
    A. Zirvə biçənəyin ətəyindəki kətilin üstündə əyləşib poemanın ilk sətirlərinin yazıldığı kağız dəstinə ötəri göz gəzdirdi, sonra həmin parçanı ucadan, az qala avazla oxumağa başladı; bəh-bəh, misralar su kimi axıb gedirdi; yazılan hissənin  əla alındığına heç bir şəkk-şübhə ola bilməzdi. A. Zirvə bu yeni əsəri öz meşəbəyi dostu Fətişə həsr etmək niyyətində idi; bu da səbəbsiz deyildi; çünki Fətiş hər il ona bir maşın odun bağışlayirdı. Elə indi həyət-bacası silinib-süpürülmüş bu evin çardağına vurulmuş ağacları da Fətiş özü gərirmişdi. A. Zirvə ilə Fətişin şəxsi dostluğu öz yerində; ortada bundan az əhəmiyyət kəsb etməyən bir məsələ vardı və bu məsələ də ondan ibarət olsun  ki, A. Zirvə, meşəbəyi Fətişin nəvəsinin kirvəsi idi. 
      A. Zirvə öz dostu Fətişə əvvəllər də bir neçə şeir həsr etmişdi.  Amma indi qələmə alınan əsərin həcmi daha böyük olacaqdı. Və o, illərdən bəri söz meydanında meydan sulayan təcrubəli bir şair kimi yeni əsəri təqdim etmək üçün orijinal bir janr da fikirləşib tapmışdı- “ekoloji poema”. Qoy təzə səslənsin. Bəzi özündənmüştəbeh gənc tənqidçilər son vaxtlar onun söz bostanına daş atır, şeirlərinin naftalin iyi verdiyini iddia edirdilər. Bu cür müqayisələr onu qətiyyən açmırdı: axı, təbət hara- naftalin hara? A. Zirvə bu yeni əsərlə onu mühafizəkarlıqda, qafiyəpərdazlıqda ittiham edənlərə ağır, lap elə öldürücü bir zərbə vuracaqdı. Poemada milli və bəşəri poeziyanın bütün janr, vəzn, forma, təsvir nümunə və növlərindən istifadə olunacaqdı. Özlərini modernist və ya nədi o elə... hə, postmodernist adlandırıb hay-küy salanlar, qoy A. Zirvənin yeni əsərini oxuyub şoka düşsünlər. O, öz düşmənlərini infarkt edəcək, böyük-böyük mükafatlar alacaq, uzun müddət ekrandan-efirdən düşməyəcəkdi. Başqasına dərs deməyə nə var ki, oğulsan özün ortaya bir şey qoy...
     A. Zirvənin, daha doğrusu, onun anasının tənha yaşadığı kənd evi köhnəlmişdi. Üstəlik bu yaxınlarda dədə-babadan qalma mal tövləsinin damı  da çökmüşdü. Hələ canı sulu olan ana, inəklərin sayını artırmaq, qoyun-keçi almaq, təsərrüfatı genişləndirmək, bir sözlə, tövləni təzədən tikmək barədə düşünürdü.
       Fətiş üç-dörd gün əvvəl A. Zirvəyə baş çəkmiş, meşədən gətirdiyi ağacları səliqə ilə həyətin bir küncunə yığmış, sonra yaşına uyuşmayan möhkəm-samballı addımlarla eyvana qalxıb şairlə xeyli dərdləşmişdi. Fətişi də lap eləA. Zirvə kimi meşənin taleyi narahat edirdi; onun dediyindən belə çıxırdı ki, meşəyə diş qıcayanların sayı-hesabı yoxdur; sən demə, rayon başçılarından tutmuş meşə nazirinəcən, hamının Fətişdən, daha doğrusu, onun göz bəbəyi kimi qoruduğu meşədən umacağı varmış. A. Zirvə öz meşəbəyi dostu ilə yeyib- içəndən sonra yarımçıq poemadan parçalar oxumuş, ilk oxucu rəyini dinləyib xeyli məmnun olmuşdu. Fətiş bu əsərin baş qəhrəmanı kimi kirvəsinin onu nəzərdə tutduğunu eşidəndə elə bil qanadlanıb uçmuş, cəld ayağa durub qollarını geniş açaraq əvvəlcə A. Zirvəni, sonra isə şairin canısulu anasını bağrına basıb öpmüşdü. Araqdan vurduqca elə əzəldən qırmızı olan yanaqları get-gedə daha da allanıb xoruz pipiyinə dönən Fətişin arabir şairin anasına şirin-şirin söz və qaş-göz atması bu kiçik məclisin dadını-duzunu daha da artırırdı...
      İndi duman, bulud çəkilib getmiş, göyün üzü açılıb ağ vərəqə dönmüşdü.
      A. Zirvə qaşlarını çatıb dərın fikrə getmişdi. İçində nəsə tanış bir şey gumuldanırdı; həmin “nəsə” söz yox ki, ilham pərisinin gəlişindən xəbər verirdi. Şairin əbədiyyətə zillənmiş nəzərləri birdən necə oldusa eyvana qonan göyərçinə sataşdı. A. Zirvə qeyri-ixtiyari gülümsədi: mənzərə tanış idi; o, yaxşı bilirdi ki, bir azdan ilham pərisi də bax o göyərçin kimi uçub-uçub düz onun çiyninə qonacaq, allı-güllü misralar bahar yağışından sonra cücərib boy verən çiçəklər kimi ağ vərəqlərin üstündən baş qaldırıb onun üzünə gülümsəyəcəkdi. 
      Oxucular bu yeni əsəri- ekoloji poemanı oxuduqca göz yaşları tökməli idi və o tökülən yaşlar ağacların göz yaşlarına qarışmalıydı. Hələ ola bilsin ki, A.Zirvə öz dostu Fətişə həsr edəcəyi bu əsəri elə bu cür- “Ağacların ğöz yaşı” adlandırsın. O, əsəri tamamlayandan sonra mütləq yüksək çinli tanınmış tənqidçi-alimlərdən parlaq rəylər alacaqdı. Onun belə dostları həm yaşlı, həm də gənc qələm sahibləri arasında az deyildi. Bir iş vardı ki, qocaman ədəbiyyat cəfakeşləri belə yazıları, adətən, şəhərətrafı dəbdəbəli dağüstü restoranlarda, gənc söz sahibləri isə daha çox şəhərin içindəki  ucuz yeraltı yeməkxanalarda yeyib- icəndən sonra yazmağa üstünlük verirdilər.
     A.Zirvə bir sıra mükafatların laureatı idi. Evdə onun yazı stolunun, daha doğrusu, başının üstundən   “Qızıl lələk” mükafatının zər-zibalı diplomu asılmışdı və bu nüfuzlu mükafatı ona köhnə tanışı kiçicik bir xərcin müqabilində vermişdi. Həmin tanış, həmin mükafatı verən komissiyanın üzvü idi və A. Zirvə, nədənsə, hər dəfə axşam Günəşinin al şəfəqləri kimi  başının üsündə par-par yanan o mükafata baxdıqca özünün sərçə lələyinə həsr etdiyi altı misralıq şeirini xatırlayırdı. Məsələ burasında idi ki, “Qızıl lələk”mükafatını ona məhz bu şeirə görə vermişdilər. İndı həmin şeir aşağı sinif şagirdlərinin dərsliyinə salınmışdı və A.Zirvə o altı misralıq əsərin dərsliyə düşməsi üçün düz altı il əzab-əziyyət çəkmiş, təhsil nazirindən tutmuş ta dövlət başçısına qədər bir çox rəsmi adamlara çoxsaylı rəsmi ərizə və teleqramlarla müraciət etmişdi.
   O, adətən, öz ağır təbiətinə uyğun olaraq, ünvanına deyilən atmacalara o qədər də fikir verən deyildi; amma bu yaxın günlərdə əvvəllər tənqidçilik, son vaxtlarsa şairlik edən birisinin qəzerlərdən birində dərc etdirdiyi “A kirvə” adlı həcvini oxuyandan sonra bərk qəzəblənmişdi. A. Zirvə bu ağır daşın kimin poetik bostanına atıldığını o dəqiqə anlamışdı: “A kirvə” əslində elə “A. Zirvə” demək idi. Xitab kimi qələmə alınan şeirdə müəllif öz qəhrəmanının acgözlüyündən, qarınqululuğundan, naqqallığından, sırtıqlığından, yaltaqlığından söhbət açırdı. Bunlar hələ bir yana; şeirdən belə bir nəticə çıxırdı ki, O, yəni kirvə (əslində isə A.Zirvə), bütün ömrü boyu təbiəti vəsf edib, onun, yəni kirvənin (əsl həqiqətdə isə A. Zirvənin), poeziyasında insan yoxdur; indi şairlik eşqinə düşüb həcv yazan keçmiş tənqidçi, guya hansısa kirvənin (əslində isə A.Zirvənin), pullu-vəzifəli adamların uşaqlarına kirvəlik etməyə can atmasından, məclislərdə bir tamada kimi gəvəzəlik etməsindən, kitabxanalardan daha çox kababxanalara can atmasından dəm vururdu.
     A. Zirvə əvvəlcə istədi ki, öz opponentinə elə şeirlə tutarlı bir cavab yazsın. Amma tezliklə bu fikirdən vaz keçdi. Açıq cavab yazmaq, qarğa məndə qoz var-demək idi; adamdan soruşardılar ki, soğan yeməmisənsə için niyə göynəyir və ortaya düşüb özünü nə üçün həcv qəhrəmanı elan edirsən? Hədəf aydın idi. Bir də ki, A. Zirvə çörəyi, lap eləkababı qulağının dibinə yemirdi ki. Belə yerdə diplomatik addım atmaq lazım idi. O, belə bir addımı atdı; qələm dostlarından birinə yaxşı bir qonaqlıq vəd edib tezliklə öz ədəbi qisasını aldı; dərgilərdən birisində çıxan məqalənin elə təkcə adı açıq ədəbi səmada ildırım kimi guruldayıb səs saldı. Yazının sərlövhəsi belə idi- “Gah tənqidçi, gah da şair olursan”. Bax belə. Görünür, hələ həmkarlarının çoxu dərk etmir və ya etmək istəmirdi ki, onun çoxdan bərkiyib polad zirehə çəkilmiş lələkləri, fəth etmək üçün daha əngin fəzalar, yəni daha böyük mükafatlar axtarışındadir...
     A. Zirvə çoxdanın şairi idi və dünyanı ğörə-ğörə ğəlmişdi. Amma ədəbiyyat aləmində olanların çoxu onun adını düz-əməlli bilmirdi. O, hələ gəncliyindən müdrik tərpənib öz  əsl adından imtina edərək “A. Zirvə” təxəllüsünü götürmüşdü. Zirvənin təbiətdə, illah da ki, ədəbi mühitdə nə olduğu hər kəsə məlumdur; zirvə- hər zaman hər yerdə, yəni təbiətdə də, poeziyada da ölçüdür, etalondut- ta ondan o yanası yoxdur. O ki, qaldı “A.”- ya, bu,  onun ikimərtəbəli, arxaik adının baş hərfi idi və o uzun addan yeganə miras kimi bu hərf qalmışdı; özü də bu, elə-belə, sıradan bir işarə deyildi, əlifbanın baş hərfi idi. Burası da vardı ki, sairlə ünsiyyətə girən, söhbət eləyən hər bir kəs istər-istəməz ona “A Zirvə”-deyə müraciət etməli olurdu. Bu cür xitabın özü çox şeydən xəbər verirdi. Bu, onun zirvə olduğuna bir işarə idi. A Zirvə... Bəh-bəh... Necə poetik, necə əzəmətli səslənirdi...
     Artıq uzun-qısa mistalar qarışqa köçü kimi ağ vərəqlərin üstündə sıralanmağa başlamışdı. İndi ilham pərisi onun çiyninə qonmuşdu. A. Zirvə qələmi əlinə alıb başına gələn fikirləri tez-tələsik ağ vərəqlərə köçürməyə başladı. O, indi ağacların ğöz yaşlartını təsvir edirdi; axı, insan kimi ağlayan ağacları başdansovdu, soyuq-hissiz ürəklə təsvir etmək olmazdı...
      Eyvana qonmuş göyərçin öz balaları üçün yuva qurmağa münasib yer axtarırdı. 
      Ala-bula inək biçənəkdə otlayırdı.
      Rəngi otdan seçilməyən yamyaşıl bir çəyirtgə A. Zirvənin dalğın-dağınıq saçlarının arasında nə isə axtarırdı.
      Nəhayət, A. Zirvə başını qaldırıb üfüqlərə ğöz gəzdirdi. O, yazdıqlarından məmnun idi: bir nəfəsə poemanın böyük bir fəslini yazıb başa vurmuşdu. Ayağa durub dizinin üstündəki vərəqləri  dəstələyərək kiçicik taxta parçaları kimi çinləyib, səliqə ulə kətilin üstünə yığdı. Hər ehtimala qarşı yerdən yumruq boyda  bir daş parçası götürüb ustufca üst-üstə qalaqlanan vərəqlərin üstünə qoydu: təbiətin işini bilmək olmaz, birdən qəfil külək və ya meh qalxar- kağızları biçənəyə səpələyər.
      Bu ilhamlı anlardan sonra bir limonlu çay içmək pis olmazdı. A. Zirvənin dəmli çayı həmişə olduğu kimi yenə eyvandakı iri termosda onun yolunu gözləyirdi. O, purrəngi çaydan iki stəkan nuş edib hündür eyvandan qarşıdakı dağın zirvəsini, o zirvəni dövrəyə alan və son illər ağacları gözğörəti xeyli seyrələn meşəni seyr etməyə başladı. Ürəyində bir səs əks-səda verdi: “Ağacların göz yaşı”. O, indi öz ekoloji poemasının böyük bir hissəsini yazıb başa çatdırmışdı və dostu Fətiş ona bir tövləlik ağac material gətirməyə söz vermişdi.
    A. Zirvə eyvandan həyətin yuxarı başına, biçənəyə sarı boylandı; ala-bula, iri buynuzlu inək aşağı enib bayaq onun ilhamlı anlar yaşadığı yerdə- kətilin yanında dayanıb gövşənirdi. A. Zirvənin dalağı sancdı; o, cəld pillələri enib iti addımlarla inəyə, daha doğrusu, kətilə yaxınlaşdı. İnək həyasız-həyasız onun üzünə baxaraq süpürləyib ağzına təpdiyi vərəqləri şirin-şirin çeynəyirdi. Elə bil A. Zirvəni ildırım vurdu. Axı, bu vərəqlərə onun poemasının mühüm, həm də ən gözəl bir  parçası yazılmışdı... Adı “Ağacların göz yaşı” olacaq o poemaya şairin öz göz yaşları da qarışmışdı.
A. Zirvə əl atıb kağız parçalarını inəyin ağzından dartıb çıxarmaq isrədi;
 əl boyda vərəq parçası cırılıb onun əlində qaldı; bu, poemanın yazıldığı sonuncu səhifədən bir parça idi. Qalan vərəqləri inək çeynəyib həzm- rabedən keçirmişdi...
      A. Zirvə hiddətindən əsim-əsim əsməyə başladı. Əyilib yerdəki yumruq boyda daşı götürərək inəyin düz təpəsinin ortasına ilişdirdi. İnək iri buynuzlarını yelləyib  irəli yeridi və qəfildən at kimi fınxıraraq ağzında çeynədiyi kütləni- sulu kağız parçalarını, açıq hissolunan bir qəzəblə onun sifətinə püskürdü. İnəyin yapışqanlı seliyə bənzəyən tüpürcəyi A. Zirvənin sifətinə səpələndi. Şair geri-geri addımladı; onun ayağı nəyəsə ilişdi. Adam kimi hiddətlənib özündən çıxmış inək irəli yeridi və mayallaq aşıb yerdə iməkləyən A. Zirvəyə baxaraq başını, daha doğrusu, iri buynuzlarını yellədi. Deyəsən, bu anlarda heyvanın, büdrəyib yerə yıxılan şairə yazığı gəlmişdi; çünki o, az sonra geri qanrılıb uzun quyruğunu belinə düyünləyərək bicənəyin dərinliyinə sarı götürüldü. 
       A.Zirvə ayağa durdu, üst-başını çırpıb ağır addımlarla həyətə endi. Hələ qəzəbi, hirsi soyumamışdı. Dünən Fətişin üst-üstə yığıb ipçinlədiyi yaş ağac parçalarından birini əlinə aldı. Ağac parçasının kəsik yerindən yaş axırdı.
Günəş tovuz quşunun lələkləri kimi bərq vuran çətir-şüalarını
 yiğib qaşıdakı dağın, daha doğrusu, zirvənin arxasına çəkilməkdə idi.

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.