Xəyalə Sevil - Bütün güclü qadınlar bədbəxtdir
29.09.15
Biz azad doğulmamışıq
Sən də istəyirsən, “ Mən də” Deməyə utanıram. Əllərin isti bir əlcək Geyməyə utanıram.
Eh! Yalan söhbətdi azadlıq, filan, Biz azad doğulmamışıq. Alnımızın yazısından Bir dəfə yıxılmamışıq.
Yıxılmaq istəyir adam, Önümüzə qoyulan bu həyatdan Çıxılmaq istəyir adam. Bir azca gecikən bu məhəbbətin Öpüm üz-gözündən, Öpüm, yeri get. Məni sevdiyini heç kim bilməsin, Bilməsin, bilməsin, Kiri, kiri get.
Bütün güclü qadınlar bədbəxtdir
Qurduğun xəyallarından Geriyə dönmək qədər Çətin yol yoxdu bu dünyada. Gözlərindən yıxılan göz yaşlarını Yanağın da qaldıra bilmir. Baxışların buz kəsilir. Başını qaldırıb göyə baxırsan, Göy üzündə sənin çarəsizliyinə Qurbanlıq qoyun kimi bir ulduz kəsilir. Qaralır dünyan, qaralır, Həyatın göz qapaqlarının Arası qədər daralır... Bütün güclü qadınlar bədbəxtdir, bilirsinizmi? İçindəki təkliyi heç kim görmür...
|