İstanbulda azərbaycanlı yazarın kitabı işıq üzü görüb
21.09.15
İstanbulda azərbaycanlı yazar Orxan Fikrətoğlunun “Ölü metin” adlı kitabı çapdan çıxıb.
”İz” nəşriyyat evinin buraxdığı kitabı çapa Türkiyənin Bakıdakı səfirliyinin keçmiş mədəniyyət attaşesi, professor Fəthi Gədikli hazırlayıb. ”Ölü metin” kitabının təqdimat mərasimində çıxış edən professor Fəthi Gədikli indiyədək Türkiyədə çap edilmiş Azərbaycan ədəbiyyatı örnəklərinin biblioqrafiyasının hazırlanmasının və sərgisinin keçirilməsinin vacibliyini qeyd edib: “O vaxt biz təxminən 100 ildən bəri Türkiyədə çap edilmiş Azərbaycan ədəbiyyatı örnəklərinin hamısını bir yerdə görə biləcəyik”. Azərbaycan ədəbiyyatının Türkiyədə nəşri məsələsinə də toxunan professor Fəthi Gədikli, münasibətlərin inkişaf etdirilməsi üçün qarşılıqlı kitab nəşrlərinin müstəsna əhəmiyyəti olduğunu vurğulayıb. “Ölü metin” kitabına ön söz yazmış Fəthi Gədikli, kitaba daxil edilmiş 2 povest, 3 hekayə və ssenarilərin ədəbi-bədii və estetik məziyyətlərinə diqqəti cəlb edərək “Ölü metin” kitabının Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin gələcəyində önəmli rol oynayacağını deyib. Kitabı çap edən “İz” nəşriyyat evinin sahibi Hamdi Akyol indiyə qədər Azərbaycan ədəbiyyatından 7 kitab çap etdiklərini xatırladıb: “Azərbaycan ədəbiyyatının önəmli nümunələrinin Türkiyədə nəşrinə önəm veririk. Çünki bir-birimizi daha yaxından tanımağımız üçün ədəbi-bədii əsərlərin rolu misilsizdir. Bundan sonrakı fəaliyyətimizdə də professor Fəthi Gədikli hocamızın tövsiyələrinə əsasən, Azərbaycan ədəbiyyatından önəmli əsərlərin çapını davam etdirəcəyik”, deyə Hamdi Akyol deyib. Təqdimat mərasimində çıxış edən “Ölü metin” kitabının müəllifi Orxan Fikrətoğlu deyib ki, bu kitab bizi bizə yaxınlaşdırmaq məqsədi daşıyır. “Bu coğrafiyaya bağlılıq mənim üçün çox mühümdür. Yeni fikirlərin bu coğrafiyaya bizdən gəlməsi çox önəmlidir. Məşhur söz var: özünə qayıt. Bu kitab bizim özümüzə qayıtmağımızın örnəyidir”, deyə Orxan Fikrətoğlu vurğulayıb. Təqdimat mərasiminə gələnlərin suallarını cavablandıran yazar Orxan Fikrətoğlu, daha sonra “Ölü metin” kitabını oxucular üçün imzalayıb. /APA/
|