Azərbaycanlı yaçıya qarşı erməni “hücüm”ları
18.09.15
2013-cü ildən beynəlxalq aləmə çıxmağa başlamış yazıçımız Varis Qarabağ həqiqətlərini dünya oxucusuna çatdırmaq missiyasını həyata keçirməyə çalışır. Qarabağ mövzusu, demək olar ki, yazıçının bütün roman və hekayələrinin içindən keçir.
Yazıçının İstanbulda dərc olunan, türkdilli ədəbiyyatın mütaliə edildiyi böyük coğrafi ərazidə (Türkiyə, Almaniya, Bosniya, Bolqarıstan, Şimali Kipr və d.) müvəffəqiyyətlə satılan, nüfuzlu «1000 kitap.com» portalının «Ən populyar kitablar» reytinqində müasir və klassik türk və dünya yazıçılarının 41000 adda kitabı arasında 56-cı pilləyə yüksələn, nüsxəsi hətta dünyanın ən böyük universitet kitabxanası olan Böyük Britaniyadakı Birminqem Universiteti fonduna daxil edilən «Son məktub» romanında epizodlarla erməni faşizminin Xocalıda törətdiyi tükürpədici vəhşiliklərdən bəhs edilir.
Yazıçının Rusiyanın ən böyük ədəbiyyat serveri hesab olunan, 4 milyondan artıq ədəbi nümunə bazasına malik Proza.ru serverində yerləşdirilmiş əsərlərində Azərbaycan - Ermənistan münaqişəsi barədə düşmən ölkənin yeritdiyi təbliğatın yalanlarının ifşa edilməsiylə rastlaşırıq. Bütün dünyaya 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrini özlərinə qarşı genosid kimi qələmə verməklə ermənilər gözə kül üfürməyə cəhd etsələr də «Əzilmiş fotoşəkillər» romanında əsl həqiqəti üzə çıxaran məqamlar var. Hadisələrin təşkilatçılarından və əsas icraçılarından birinin – Eduard Robertoviç Qriqoryanın milliyyətcə erməni olması, guya Azərbaycanda hüquqları taptanan, iqtisadi durumları ağır olan ermənilərin əslində azərbaycanlılardan daha firəvan yaşamaları (1988-ci ildə Azərbaycan SSR dövlət bankının Sumqayıt filialında əmanətlərin 21,6%-nin əhalinin cəmi 5,6%-ni təşkil edən ermənilərə məxsus olması, Sumqayıtda istismarda olan yeganə «Şkoda-1202» markalı 14-69 AQA dövlət nişanlı xarici avtomobilin erməni avtokrançı Sergey Akopyana məxsusluğu və s.) faktlarla ortaya qoyulmuşdur.
Yazıçının Torontoda nəşr edilən «Metamorfoza. Bir gecənin əhvalatı» romanında Mübariz İbrahimovun timsalında azərbaycanlı döyüşçülərin mərdliyi tərənnüm olunmuş, qəhrəmanımızı öldürdükdən sonra belə ondan qorxduqları üçün qollarını bağlayan ermənilərin miskinliyi əks olunmuşdur.
Bu günlərdə isə Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəsmi internet səhifəsi «Oxumaq üçün məsləhət görülən ədəbiyyat» böyümündə Varisin erməni-daşnakları tərəfindən 1918-ci ildə Qubada 4 mindən çox türkün, yüzlərlə ləzginin, yəhudinin amansızlıqla qətlə yetirildiyi soyqırımdan bəhs edən «Xrizantema dəstəsi» hekayəsini yerləşdirmişdir. Hekayənin yəhudi mənbəyi vasitəsi ilə dünyanın böyük oxucu auditoriyasına ünvanlanmasından bərk təşvişə düşən erməni dairələri hər gün rəylər bölümündə azərbaycanlıların və türklərin ermənilərə qarşı genosid həyata keçirdiyi barədə «maxpark», «salda» kimi portallardakı uydurma materialları iqtibas verməklə özlərini aciz duruma düşdüklərini etiraf etməkdədirlər. Yazıçımız yaxın aylarda xarici ölkələrdə nəşr ediləcək yeni kitablarında da Qarabağ həqiqətlərini dünya oxucusuna çatdırmaq fikrindədir.
|