II yazıKeçəcək bu dünyanınDərdi içimdən keçəcək...Bu dərd bulağa dönəcəkKönlüm içdikcə içəcək...Hər dəfə ötənlərdən, başıma gələn maraqlı hadisələrdən, sınaqlarla dolu bənzərsiz taleyimdən, Allahın rastıma çıxardığı insanlardan söhbət açanda dostlarım, ən çox da istedadlı yazar, “Avanqard” jurnalının baş redaktoru Səxavət Sahil, söhbət sona çatanda deyir, – Zakir müəllim, bunları memuar halında yazın, qoyun əbədi qalsın, sizdən başqa kim yazacaq ki, bunları, sizin kimi yaza da bilməzlər. İndiyədək heç bir qələm adamı başına gələnləri, öz dövrünün acı-ağrısını, yaxşısını, pisini, insani düşüncələrini, gördüklərini qələmə almayıb ki, biz nəsillərə gəlib çatsın. Bizə gəlib çatanlar daha çox şifahi ədəbiyyatdır, hərə də bir cür bəzəyib danışır. Dünya ədəbiyyatında memuar ədəbiyyatın yerini siz ki, gözəl bilirsiniz...
***
Hamıdan Uca Allahın adıyla. Dostum!
sevgisiz günlərdə
düz yol da adama yoxuş gəlir
Giley-güzardan, qeybətdən
Tanış üzdən, tanış səsdən
yorulur adam söz-söhbətdən...
Üzündəki kədər
Mənə tanış gəlir!
Gözlərindən daman qəm
Çəkdiyim qəmlər sayaq!
Hər çəkilən isti qəmin
Arxasınca yağış gəlir...
Yağış gəlir,
Yığış gedək
Qayıdaq ötən günün altına!
Qələm dostlarım, – Umud Rəhimoğlu, İlqar Əlfi, Saday Budaqlı, Etimad Başkeçid, Səxavət Sahil və İlhamla İsmayıllının Buynuz kəndindəyik. Bircə Yaşar yoxdu, qonaqları oldu deyə, gələ bilmədi (Dağıstandan Bakıya idman oyunları izləməyə gəlmişdilər). Avropa Oyunlarının açılış mərasimini qeyd etmək üçün bu heyətlə Şamaxıda, gözəl bir məkanda, Zahid Sarıtorpağın təriflədiyi soyuq bir bulağın başında toplaşmışdıq. Söz vermişdim ki, Avropa Oyunları əmin-amanlıqla başa çatsa, bağlanış mərasimini Musa Yaqubun vətənində qeyd edərik.
Təbiətin qoynunda, şırhaşır axan dağ çayının sahilində geniş süfrə açmışıq. Musa sübh tezdən nəvəsi Ayxanla birlikdə gəlişimiz şərəfinə iri bir qazanda buğlama hazırlayıb. İdmançılarımızın qələbəsi və oyunların gözəl təşkili şərəfinə badə qaldırırıq, özü də ayaq üstə, bir ağızdan dövlətimiz və bayrağımız ucalsın deyirik...
Hardansa söhbət gəlib Buynuza çəkilmiş asfalt yoldan düşür. – Ömründə bu kəndin asfalt yolu olmayıb, Musa Yaqub millət vəkili olan dövrdə də kəndin yoluna əncam çəkə bilmədi. Buynuza ilk asfalt yolu Cavid Qurbanovun sayəsində çəkildi, – deyirəm, yolun çəkilmə tarixindən qısaca söhbət açıram, kəndə aparan yolun bərbad halda, yağışda, qarda gediş-gəlişin çətin olduğunu söylədim.
Hamı bizə diqqət kəsilib, gah mən, gah da Musa Caviddən ağız dolusu danışırıq..
– O ərəfədə, həyat yoldaşım Zöhrə rəhmətə gedəndə, gecələr gözümün yuxusu ərşə çəkiləndə əlimdən, tutan, mənə təsəlli verən Zakirin çox dəyərli “ Rekviyəm” kitabı oldu. Cavidə şeir yazıb telefonda mesajla Zakirə göndərmişdim... – Musa Yaqub deyir.
Cavid ağa, könül yarın Salatın,
Köç edəndə, qırılanda qanadın
Tək qanadla necə keçdi həyatın,
Ağır dərdə dözməyi öyrət mənə.
Səndən kömək istəyəndə son anda,
Yox köməklə sən də naçar qalanda
Son nəfəsdə, lap sonuncu amanda
Əli əldən üzməyi öyrət mənə.
Çox durnalar qoşalaşıb uçdular,
Kəlbəcərdə buludları qucdular
Bəs tənhalar necə qanad açdılar,
Tək qanadla süzməyi öyrət mənə.
Yol çəkənim, o məzara cığır çək
Musa Yaqub adını da çağır, çək
Cavid Ağa, bu dərdimi ağır çək
Umudumu kəsməyi öyrət mənə.
Yadında qalıbsa, sən Allah, “Bir azda sevdim səni, amma bir az unutdum” şeirini de, – Musa üzünü mənə tutdu... Gözlərimi iti axan çaya zilləyib Cavidə həsr olunmuş şeirdən bir neçə parça deyirəm...
Dağ çayının önündə
Axar sulara baxdım.
Qoşulub göy sulara
Sular axdıqca axdım...
Yenə yadıma düşdün
Xatirə-xatirə sən
Gözlərimdən ötüşdün.
Pıçıldayıb adını
Axar sulara tutdum
Bir az da sevdim səni,
Amma bir az unutdum...
Egey sahillərində
Tənha ruhun dolaşır
Bir-birinə qaynaşır
Gömgöy ləpələr coşur
Bir vaxtsız ayrılığa
Qərib türkülər qoşur
Göynər ruhuma hopur
... xatırlaya, xatırlaya
Sahildə dolaşıram
İçimdən bir ah qopur
Dərindən nəfəs alıb
Bir udum hava uddum
Bir az da sevdim səni,
Amma bir az unutdum...
Köçəri quşlar da yox
Göy üzü bom-boş qalıb.
Payız, bahar, yay köçüb
Yuvamda tək qış qalıb.
Dərdimi suya deyib
Ürəyimi boşaltdım.
Ayrılıq quyusuna
Xatirə bir daş atdım...
O gedən qayıtmadın
Aylar, illər ötsə də,
Hər an səni gözlədim
Dönmədin... nə gizlədim
Sevginə çox umuddum...
Bir az da sevdim səni,
Amma bir az unutdum...
Mərmərəylə Qara dənizin birləşdiyi yerə yaxın, sağ sahildəki balıq restoranından çıxıb bizim üçün kirayələnmiş yaxtayla geriyə – qaldığımız “Çırağan” otelinə doğru yol aldıq. Onu da xatırlayım ki, Mərmərəylə Qara dənizi birləşdirən boğaz zəlzələ nəticəsində yaranıb. Allahın qüdrət və Hikməti sayəsində Qara dənizdən Mərmərəyə, bir çox dənizlərə, okeanlara və əksinə bu su yolu Türkiyədən keçir, dünyanın ən önəmli ticarət yollarından biridir.
Yolboyu xatirlərdən danışıb çox duyğusal anlar yaşadıq. “Bir az da sevdim səni” şeiri Cavidin söylədiyi kövrək xatirələrdən doğulub. Deyərdim ki, Cavidin iç dünyasının qapısının açarı elə bu xatirələrdi...
Cavid ucqar dağ kəndindən başlamış, dünyanın əksər ölkələrini gəzib-dolaşmış adamdı, bir sözlə, köhnə kişidi. Atası Qəmbər Şəmşiroğlu da köhnə kişilərdəndi. Əslində elə nəsli-nəcabəti köhnə kişilər olub – Miskin Abdal, Aşıq Qurban, Aşıq Şəmşir, Qəmbər Şəmşiroğlu...
İçdiyi bulaq sularının saflığını, dağların qüdrətini, el-obanın ab-havasını özündə yaşadandı Cavid.
İmam Nəsəfinin ilahi kəlamlarındandı; –
“Bizdən öncə olanlar elə biz idik. İndi olanlar da bizik. Bizdən sonra olacaqlar da bizik”.Tələbələri İsa Məsihdən:
“De, bizim axırımız necə olacaq?” – soruşanda, İsa Məsih: əvvəlini anladınızmı ki, axırını da bilmək istəyirsiniz”, – cavab verir. Əvvəl haradırsa, axır da oradır... Xoşbəxt o kəsdir ki, əvvəlində qalmağına davam edəcək. Axirətin nə olduğunu da o biləcək”...Cavid elə əvvəlində qalan Adamdı.
Ömür ötür pərdə-pərdə
Həsrət məni saldı dərdə
Dağlar qaldı Kəlbəcərdə
Dağlar bizim dağlar deyil!..
Baxın, İsa Məsih dediyidi. Əvvəlində qalmayıbmı bu Adam? Harda olmağından asılı olmayaraq, ruhu Kəlbəcərdə, yurdda, uşaqlığında, dupduru bulaqlarda, yamaclardakı cığırlarda, zirvələrdəki qarda, yağışlarda, dumanlarda, gömgöy otlardakı şehdə, layla dinləyib şirin-şirin yatdığı beşikdə qalmayıbmı bu Adam? Qalıb, qalıb... Cavidi hər görəndə onun üzünün nuru, gözlərindən boylanan kövrək duyğular istər-istəməz məni mistik aləmlərə, metafizik düşüncələrə qaytarır.
İndi adda-budda belə Adam qalıb, belə köhnə kişi qalıb. “Köhnə kişi” sözü hər adama deyilməyib. Dünyanın gərdişindən hali, dünyagörüşü, ağlı, kamalı, çətin anlarda qərar verməyi, yol göstərməyi bacaran “yol” adamlarına deyiblər. Ən böyük titul imiş “köhnə kişi” adını qazanmaq.
Getdi köhnə kişilərlə,
Sevgi, hicran nəğmələri.
Şoran dillərdə bitməz
Sevgi, vüsal kəlmələri.
İndi ağaclar başqadı,
İndi çiçəklər başqadı.
İndi yarpaqlar başqadı
İndi ləçəklər başqadı.
Leyli pərdə arxasında
Dolaşır səhnədə Məcnun...
İndi üzü boz dünyada
Nə Leyli var, nə də Məcnun...
Ürəyi xeyirxahlıqla doludu Cavidin. İmam Həsən Bəsri deyir:
– “Əbədi cənnət bu dünyada gördüyün xırım-xırda işlərə görə yox, ürəyində daşıdığın xeyirxah niyyətlərlə qazanılır...”Allah kəlamlarına tez-tez üz tutmağımın bir səbəbi də İsa Məsihin kəlamlarıdı:
– “İnsan tək bir çörəklə tox olmaz, onu Allahın kəlamı doyurar...”Böyük sufi şeyxi İmam Nəsəfinin sözüdü,
– “Sən ruhlar dünyasından gəlmisən, ora da qayıdacaqsan”.Cavid ruh adamıdı, onu bədən yox, ruh idarə edir. “Ruh Allahın sirridi”. Cavid həm də dərd Adamıdı. Dərdi dərd çəkənə verər Allah. Dərd – Allaha sevgi, şükranlıq, məzlumlara rəhm hissi, yol azana bələdçi, dünyanın fənalığına eyham, işarə, qazandığın hər şeyin, var-dövlətin belə Aləmlərin Rəbbinə məxsus olduğunu anlamaq, dərk etmək deməkdi. Və Haqqın özüdü. Mənim kimi şairin dərdini çəkmək dünyanın dərdini çəkmək deməkdi...
Şairim, dünyanın dərdini çəkmək
Dünyanı çiynində saxlamaq imiş.
Şairin dərdinə ağlamaq özü
Dünyanın dərdinə ağlamaq imiş...
Dərd – kasıblıq, kimsəsizlik, xəstəlik demək deyil. Dərd – eynəkdi, o eynəkdən baxanda hər şeyi görürsən, görüb anlayırsan. O eynəyi Allah hər kəsə verməz... Dərd haqda yazdığım bir şeir də var.
Göylərin yeddi qatından,
Qəriblərin ovqatından,
Qəmlərimin çatından
Keçib, sinəmə tuş gəldin
Xoş gəldin dərdim, xoş gəldin!
Yelkən oldun, üzdü gəmin
Çiçəklədi qüssəm, qəmim.
Tumurcuqladı qələmim
Qaşsız baxtıma qaş gəldin,
Xoş gəldin dərdim, xoş gəldin!
Gözündən yüz bulaq oydum,
İçdikcə demədim doydum.
Mizan tərəziyə qoydum
Sevgimlə başa-baş gəldin,
Xoş gəldin dərdim, xoş gəldin!
Həyatımda önəmli rol oynamış Cavid Qəmbəroğlu, şair taleyimə və qələmimə, əbədiyyata xoş gəlib!
Zakir Fəxri,
Memuardan bir parça