Kənan Hacı - Eşşəyin sevgisi
16.07.15
Lorens Sternin “Sentimental səyahət” əsərini oxuyuram. Məzəli və həm də düşündürcü kitabdır, müəllif yolboyu rastlaşdığı adi əhvalatlara elə ustalıqla ibrətamiz biçim verir ki, adamı heyrət bürüyür. Zarafat deyil, bu, həmin Sterndir ki, onu Ceyms Coysun, Virciniya Vulfun “fikir babası” adlandırırlar. Orxan Pamukun onun haqqında dolğun bir məqaləsi var, maraqlananlar tapıb oxuya bilərlər.
Orxan Pamukun yazısını oxuyandan sonra sentimentalizmin əsasını qoymuş bu böyük yazıçının yaradıcılığı üzərinə kiçik bir araşdırma apardım. Yazar dostumuz Həmid Piriyev də sağ olsun, indi oxuduğum kitabı mənə gətirdi. Sən demə, sovet dövründə onun “Sentimental səyahət” əsəri bizim dilə çevrilibmiş. Əsəri mərhum şairimiz Ələkbər Salahzadə tərcümə edib. Amma şübhəsiz ki, Sternin ən məşhur və yegan əsəri sayılan “Tristram Şendinin həyatı və görüşləri” romanı bizim dildə yoxdur. Orxan Pamukun adaşı olan gənc yazar Orxan Cuvarlı isə bu yaxında mənə yazdı ki, bəy, iki-üç aylıq Kazana gedəcəyəm, sizə ordan hansı kitabı alıb gətirim? Dedim mümkünsə, Sternin “Tristram Şendi”sini istəyirəm. Söz verib, görək.
Sözüm onda deyil, Stern səyahət zamanı başına gələn əhvalatları sarkazmla, duzlu-məzəli, bir az da əhlikefcəsinə qələmə alır. Amma cümlələrdə sözü lap janqlyorsayağı oynadır, cümlənin alt qatındakı mənanı tutmaq bəzən çətin olur. Tükü tükdən seçməyi bacaran oxucu sözsüz ki, hər fikrin arxasında gizlənmiş eyhamı göydə tutur. Biz insanların içində sevgi hissinin tükəndiyindən çox gileylənirik, rəncidəhal oluruq. Sən demə, Sternin zamanında da insanlar biganəlikdən, mərhəmət hissinin yoxluğundan əziyyət çəkirmişlər.
Müəllif öz köməkçisi ilə uzun bir yola çıxır, təbii ki, o dövrdə uzaq yol üçün yeganə minik vasitəsi fayton idi. Müəllif fayton yox, dezoblican yazır, tərcüməçi bu sözü olduğu kimi saxlayıb. Yeri gəlmişkən, bizim dildə də furqona dilican deyirlər. Yolda bir ölmüş eşşəyə rast gəlirlər. Köməkçinin atı heç cür yerindən tərpənmir, onu nə qədər qamçılasalar da irəli getmir, axırda atı açıb buraxırlar, at geriyə doğru götürülür. Sonra yol kənarında oturmuş bir qocaya rast gəlirlər, qoca çörək qırıntılarını dağarcığına yığırdı, aydın olur ki, bu qoca bayaq yolda cəmdəyinə rast gəldikləri eşşəyin yiyəsi imiş. Qocaya Allah üç oğul əta edibmiş, iki oğlu bir-birinin ardınca çiçək xəstəliyinə tutulub canını tapşırır, atası qorxur ki, üçüncü oğlu da ölər. Əhd edir ki, heç olmasa, bu uşaq sağ qalsın, İspaniyaya, Santyaqoya səyahət edəcək. Qoca danışır ki, Allah sözümü eşidib oğlumu əlimdən almadı və mən bundan sonra öz yoxsul komamdan çıxıb bu heyvanla bərabər səfərə çıxdım, yolun bütün isti-soyuğunu mənimlə bölüşmüş Allahın bu dilsiz-ağızsız heyvanı sfər müddətində mənə dostdan irəli olub, çörəyi də, suyu da aramızda tən bölmüşük. Yolda hansısa səbəbdən onlar ayrı düşürlər, ayrı düşdükləri bir müddətdə o, eşşəyi axtardığı kimi eşşək də öz yiyəsini axtarır. Onların hər ikisi bir-birini tapanacan az qala, nə bir tikə çörək yeyib, nə də bir damcı su içiblər. Hadisənin sonunda Stern belə bir cümlə yazır: “Öz-özümə düşündüm, biz bir-birimizi heç bu kasıb, qoca kişinin öz eşşəyini istədiyi qədər də sevə bilmirik!”
Məncə, artıq şərhə ehtiyac yoxdur. Stern həmişə haqlıdır! /Qafqazinfo/
|