Yetim Qacar - Saqqallı uşaqlar
15.07.15
Sərasər iki gündür bir ilham pərimin dəyənəyidir, bir də mənim boş başım. İlham pərim dayanmadan bu dəyənək ilə başıma "sığal" çəkərək dur ayağa, bütün işini at qırağa, "Böyüyə bilməyən uşaqlar" adlı bir yazı yaz deyir.
Ağıllı şeytan isə deyir ki, sən böyümüsən uşaqlara qoşulma. Amma dəli şeytan da salıb dəliliyinə inad edir ki, bəyəm Cəlil Məmmədquluzadə "Saqqalı uşağı" yazmaqla uşaqlara qoşulmuşdu? Əksinə, o uşaqları yersiz qınaqdan qorumaq üçün öz saqqallı uşaq qəhrəmanı - Kəblə Əzimi bizə tanıtmışdı.
İndi baxıram həm xarici pasport, həm də şəhərimizi bəzəyən müasir İran dükanları sayəsində "Kəblə Əzim"lər daha qapımızı döyməsə də, bu dəfə saqqallı uşaqlar nəinki ədəbiyyatımızın qapısını döyürlər, hətta artıq o qapıda buraxılış məsələsinə də nəzarət etmək iddiasına düşürlər...
Düzdür, mənim Cəlil Məmmədquluzadə olmaq kimi iddiam yoxdur və üstəlik indi Məmmmədhəsənlərin Kəblə Əzimliyi savadsızlıqdan yox, çoxbilmişlikdən qaynaqlanır...
Müasir Kəblə Əzimlərin menyusuna Ramiz Rövşəndən bir-iki misra atmaqla istəyirəm onlar da anlasın ki, göy üzünə daş atmaqla ən yaxşı halda müasir ədəbiyyatımızda "Don Kixot"luq edə bilərlər.
Durub göy üzünə daş atan oğlan, Göy üzü daş saxlamaz. Oğul belə baş saxlamaz, atam balası, Kim qırxıb başını, salıb bu kökə? Şalvarın, pencəyin özündən yekə, Baxırsan, göy üzü gözündən yekə,- Durub göy üzünə daş atan oğlan.
Kəblə Əzim(lər) ədəbiyyatda daş atmaqla qalmaq olmaz. Vallah olmaz! Billah olmaz. Bəsdir başqasının oyunlarının qəhrəmanı oldunuz! Gedin sarılın qələminizə özünüz öz qəhrəmanınız olun. Bir də unutmayın, biz tərəfdə belə bir misal var: "Ovçu da ol, ov da ol zərər etməz. Təki ovçunun vurduğu ovu gətirən tula olma".
|