Etimad Başkeçid - Necə ki, insan ətiylə qidalanır ümidlər
14.07.15



Bu gün tanınmış yazıçı Etimad Başkeçidin ad günüdür. Hər kəs onu yazıçı kimi tanısa da,
Etimad Başkeçid həm də özünəməxuz şeirlərin müəllifidir. Avanqard.net sənətkarın ad günü münasibətlə şeirlərini təqdim edir.






***
necə ki, insan ətiylə qidalanır ümidlər,
gorükməz od misalı can evində.
necə ki, birər səni tərk etdilər
adsız bir köşədə,
meyxana dibində.

necə ki, ayağı çidarlı atın
astarında özğə bir at cıdırır.
necə ki, tamu tarlasıdır həyatın-
hər nə əksən təkrar zəqqum bitirir.

elə də yazdıqların, pozduqların.
bir ümid,
bir dost kimi,
qardaş kimi,
astar üzündəki sən, tamu tarlası təkin,
yazıb pozduqların, pozub yazdıqların.

necə ki, çarmıxa çəkdilər İsanı
sırtına yükləndiyi xaçın üstə,
bir-bir hamını hesaba çəkəcəklər
yazdıqlarının, pozduqlarının üstə.

necə ki, insan ətiylə qidalanır ümidlər,
görükməz od misalı can evində,
necə ki, birər səni tərk etdilər
adsız bir köşədə,
meyxana dibində…



MƏCAZLAR

dost ordusumu, düşmanmı –
hər baxdığın yerdə
bozqırlara səpələnmiş intəhasızlıq,
eynən bir cocuq misalı ölümsüz,
cocuq dilimin ucundakı söz misalı.

söz bir arı misalı, gen dünyaya  inad,
bircə yol sancmağı üstlər yaşamaqdan.
azmı duydyq bu öfkəli  vızıltıları
arı yeşiyi misalı açılan hər kitabdan.

kitabsa…
evi tikilsin kitabın,
neçə adla, ayamayla çağrılarmış.
nəymiş kitab-
qoca şəhvət zor gələndə gözlərdən oğurlanıb
üzünü köçürtdüyün yüngül əxlaqlı qadın.

dost ordusumu, düşmanmı,
hər baxdığın yerdə!
bozqırlara səpələnmiş intəhasızlıq,
eynən bir cocuq misalı ölümsüz,
cocuq dilimin ucundakı söz misalı…



VAQEƏ                       

yenə də heç şey oxuya bilmirsən, gördün ki,
axşamın birrəngli, birmənalı üzündən
və kirimişcə (hətta bir qədər mütiliklə deyərdim),
cismini yatağına uzadırsan-
( onsuz da bu ömrü yaşayıb tükətmək mümkün deyil,
başına belə sovursan).

fikirləşirsən ki, nolar, ölümlük ha deyil,
axı sən heç kəsə yenilməmisən, sadəcə yorulmusan,
uzanırsan, çarpayının baş tərəfi qəbir daşı kimi
üstündə dikəlir
və bu mənzərə yeni bir koordinat  əmələ gətirir.

bir azdan gözlərin qapanır,
qulaqların eşitməkdən qalır,
bir canlı kimi bütün imtiyazların alınır,
və yox edilirsən dünyadan ansızın,
Yox və Var arasında aralıq atı kimi
(səndən nəm - nişan adına)
yalnızca nəfəsin qalır.


səhər-səhər obaşdan göz qapaqlarını
aralayır mələklər: ölümün ertələndi, dur!
və budur, dünən sənin qeyb olduğun yerdən
bir başqası durur.



YOL

- Sən getdikcə uzanan yolda,
                            nə gördün?
- Üfüqlər genişləndikcə dünya daralır…
- Mən isə bir yedim, beş də götürdüm.
- Halal xoşun olsun.
- Yaxşı, nə öyrəndin, nə bildin?
- Bu gözü tutursan, o biri gözə xeyri dəyməz.
- Bunu mən sənsiz də bilirdim.
  Məhəbbət varmı bu dünyada,
                          sən bilərsən.
- Hər halda olmamış olmaz.
- Day belə olmaz dostum, billah olmaz,
  amma hünərdən gəlmiş kimi görünürsən,
- Əğstəfürullah.
- Yəni tarixə də qazanmadın adını?
- Yox.    
- Vardığın mənaya ulaşdınmı barı?
- Yox. Hər dəfə
  sal divar kimi
  bir sonsuzluq çıxdı önümə.
- Oralar buralardan nəylə seçilir?
  heç olmasa bunu de.
- Nə deyim?
  Orayla bura tam tarazıdı.
  Çünki, canım-qardaşım, hər şey
  bu fanidə bir-birinin məcazıdır.
- Bəs onda nəymiş bu yol dediyin?
- Yol bilirsənmi nədir, dostum.
- Nə?
- Hamının sürü-sürü daşlandığı
  və bir gün geriyə dönmək üçün
  uğraşdığı nəsnə…

   

* * *
öz yanından ürkən dosta söyləyin,
elə getsin, geri daha dönməsin,
düyün düşsün hədyan deyən dilləri,
la ilahə illəllaha dönməsin.

mən demirəm qalsın yavan, yalınçaq,
ilan yürsün, balası da dalınca,
tərəfimdən deyin ta mən ölüncə,
peşimana verməm baha, dönməsin.

Başkeçid der, ələlbaşdı qol, sinə,
dəccal minər ulağını tərsinə,
axır-əvvəl dönər, əlbət, yol sinə,
ha bulansın, imana ha dönməsin. 


***
hafizəm o qədər azalıb, o qədər pozulub ki,
Başkeçidi çox zor xatırlayıram doğrusu-
Xram çayı uzun bir titr kimi
gəlib keçir gözlərim önündən
gözümü  axıdıb  aparır axar su.

öz kölgəsinə çəkilir Əyriqar, Şamdüyə,
qoyun sürüsünə dalıb yox olur yağmurlar,
nənəm bir çimdik duz atır yağış suyuna
canavar qoyunları aparmasın deyə.

xatırla!
xatırlamağa çalışıram, qaşlarım
çatılır, alnım düyülür, düyümlənir,
bu yalançı güzgü güzgümü, yoxsa
Başkeçidin xatirimdə olmayan yerləri?

hafizəm o qədər azalıb, o qədər pozulub ki,
Başkeçidi çox zor xatırlayıram doğrusu-
Xram çayı uzun bir titr kimi
gəlib keçir gözlərim önündən
gözümü  axıdıb  aparır axar su.





DÖSYE


Orxan Vəliyə

doğum ili 1970.
atası…
anası…
nə qardaşı var, nə bacısı
orta məktəbi 1988-də bitirmiş.

getmək varkən durub-durmağa nə hacət,
18 yaşında evi tərk edib getmiş
(hankı səmtə, hankı yana – Allah bilir),
Qırmızı Vəli derlərmiş adına –
hər kəsin haqqında üzünə deyirmiş.

ardı-sıra gələnə-gedənə, ötənə
atası şəklini göstərirmiş
anası həftədə, on gündə bir,
onun evdəki paltarlarını
yuyurmuş, sərirmiş…

öldüyü il 1995,
hər kəsin başına gələcək bir iş,
1995-in qışında
Rusiyanın hansı vilayətindəsə
vurub öldürüblərmiş…


* * *
hər şey öz çevrəsində, fağır,
göy qübbəsi,
yer üzü,
can mücrüsü,
it əl-ayağı yemiş kimi rüzgar,
çevrələrə hökm və fərman daşıyır.

hər şey öz çevrəsində qısır,
ölüm hər şeyi birləşdirir bir cür-
payız budaqdan üzülən yarpaq kimi,
insan da öz kölgəsinə qovuşur.

hər kəs öz çevrəsində qoçaq,
hər şey öz çevrəsində fağır,
göz yaşlarıyla maddiləşir yalnızlıq,
hər şey kəndi çevrəsinə qısılır.

haçan ki, yer göylə birləşəcək,
min səbəb olacaq bir ucuz ölümə,
tox toxundan öləcək,
ac acından,
it yalnız itin günündə öləcək.

indidə axar su misalı əcəmi,
bir qədər nəşəli,
havalı bir  az,
yürürkən əl havası,
ay qarası,
kor atın belində, baxta şah Abbas.

keçmiş heç zaman qatlamaz qırağın,
hənuz başdadır tarix, yenə başda,
vaxt neçəsinin söndürdü çırağın,
tək Diogenin çırağından başqa.

bəlli, dünəndən möhürlüdür indi,
dünyanın dəngəsi çoxdan pozulub.
çoxdan olmuşlar hələ olacaqlar,
onunçün yuxular tərsinə yozulur.

yer əcəmi,
insan qərib,
söz qərib,
bəlli, bilinməyən bir yer burası.
İnsandan, sözdən, ibadətdən ötəri
kainat bir nöqtəyə hörüklənib.

oysa, nəymiş bu bihudə çabalar,
kor baxtin izinə düşməkdən yana,
darnan gorun arası, əlamanda,
yüz cür sifət cəmləşmiş bir insanda-

kimisiz-kimsənəsiz, yetim və öksüz,
zalım-qaniçən, yolkəsən və xırsız,
yaltaq-yaramaz, laqeyd və abırsız,
suru yeriyən, suru düşmüş, yolsuz…

qərəz ki, çör-çöpə, çır-çırpıya yüklü,
elə bir ucdan daşlanır bir-bir…
bulanıq suya suyulmaq nə deməksə,
insandan baş açmaq da o deməkdi.

     

***

«Ey Nur daşı, daşların sevgilisi, sən sən ol,
ol kafirin niyyətini dayandır»
                                                  Kamal Abdulla


… yerdən yerə yapıxmış eni-boyu,
susqun,
daş kimi, kəsək kimi xamuş,
elə bir yurd, elə bir məmləkət ki,
daşı-torpağı torbayla daşınmış

bilinməzin bitməyən şövqü,
işbu,
bir yol öcəşmiş çölünə-düzünə.
elə bir sevgili ki, ürəyi daş
elə bir dost ki, daş yamanmış üzünə.


harda pir,
harda niyyət,
harda Əhlət!
yolçu istəməsə də yol gözləməz-
qədərilə baş-başa qalmış yolun
ən sadiq yolçusu daşdır əlbət.

yerdən-yerə yapıxmış eni-boyu,
susqun,
daş kimi, kəsək kimi xamuş.
elə bir yurd,
                   elə bir məmləkət ki,
daşı-torpağı torbayla daşınmış…  


* * *
içim bir sovrulmuş xırman, bilirəm,
sitəm eləyirsən –
dərman bilirəm.
nə gördüm, nə çəkdim-bir mən bilirəm,
tək bir mən bilirəm, bir Allah bilir.

o nəydi, yeridi, yendi taxtını,
ağı de, asılan, qına baxtını,
yüz fal aç, yüz kərə sına baxtını,
tək bir mən bilirəm, bir Allah bilir.

yollara tikilmiş gözlər yatammaz,
həddini bulsa da, yerini almaz,
mənim yaralarım nədən qapanmaz –
tək bir mən bilirəm, bir Allah bilir.


***
bir ömür yetərmola,
yahu kim söylər ona,
ələyi ələnmişdən bizim ulusa kimi,
yolların yedəyində pələsəng olmuş hərif,
xam atın quyruğuna bağlanmış tərsa kimi.

Allah saxlamaz olsa, ha de Allah saxlasın,
vecsiz qara gününə bir damcı «ah» saxlasın,
zalım min bir tədbirnən sağ, sol, cinah saxlasın,
Musa ilan gəzdirir əlində əsa kimi.

dedik deməmiş olaq,
bizləri eşidən kim,
yeddi yolun ayrıcı baxtına ilişən kim,
rəng alıb rəng verən kim,
haldan hala düşən kim
yasdan düyünə kimi, düyündən yasa kimi.


***
endim, ayağına gəldim gədanın,
qılı qımıldanmaz, tükü tərpənməz,
hallarıma baxar,
başını bular,
üzündən ürpənər, təki tərpənməz.

seyrəyin birisi düşər irəli,
qabqarar vəzndən ağır gələni,
köç durar, yeriyər, aşar bələni,
qal oğlu qalın ha yükü tərpənməz.

haldun bəy, demişkən denən dübarə,
ölsən ölüvaydan gözləmə çarə,
nə üz vur, nə də ki ağzını ara,
eylər bir sözünü iki, tərpənməz.


***
çağıra-çağıra ya mövla, mövla,
düşərsən dərbədər madar, ağlarsan.
Allahın üstünə tökülən yerdə
hər dərdin duzundan dadar, ağlarsan.

demə ki, qüdrətdən sığallı zatam,
dövran sürənindir, belə babatam,
ol mələkzadadır, sən bəni-adəm,
hər ağlar gözlüdən betər ağlarsan.

Başkeçidim düşməz düşmən dilindən,
öksüz bəzirganım olmuş elindən,
şeytanın felindən, haqqın belindən,
əlinin içindən gələr ağlarsan.


***

bu qaydadı, dostum, «ax - tüf» eləmə,
ikicanlı vücud fənaya yeriklər.
yolunu, yönünü çevirsən də,
nə çıxar –
dənizlərə doğru yürür materiklər.

dənizlər, iş bu,
ağ, qırmızı, qara
hərəsi bir boyda, bir biçimdə
o üzdən irqi bir öfkə və hiddət
bayraq kimidir dənizlərin üzündə.

üz-gözdülər, bir yol
Allahın ver günü
… avazıyan rəngləri yavaş-yavaş,
son həmlə öncəsi üz-üzə quru – su
qanlı qiyamətə sürəcək bir savaş...


***
bu, cənnətdə candan bezmək kimidir,
hər şey öz həddinə doyar, tökülər,
qarşı yatan qara dağın binası
axşam-axşam quzulayar, tökülər.

uğraşınca qılınc qalxan üstünə,
ömür adlı möhlət başa varınca,
qara ilan yuvasına dolunca,
şahin-şonqar izi bular, tökülər.

dəlmədeşik,
paramparça,
çilməçilik,
ötələrdən varaqlanan gündəlik,
illər ili yürdük, könül bəslədik,
gör nə təhər çatdar, sınar, tökülər.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.