Hamıdan uca Allahın adıyla!
“Birinci Söz varıydı, Söz Allahla qoşaydı.
Allah Sözü, Söz Allahı yaratdı”
İncil
Yaxınların söhbətidi. Müasir dünyamızın Böyük, dəyərli alimlərindən biri, Kembric Universitetinin təsisçilər qrupunun üzvü, akademik dostumla süfrə arxasında çay içə-içə dünyada baş verənlərdən danışıb, dərdləşirdik. Onu da deyim ki, dostum Zamanın tərifini yazmış ilk və yeganə alimdir. Onun zamanla bağlı bu əsəri dünyanın əksər dillərinə çevrilib dərc edilmişdir. Dünya elminə töhfə olan bu əsər yəqin ki, elmə məlum olmayan çox sirlərə bir açar olacaq.
– Zakir, “Rekviyem” çox dəyərli əsərdi, adam bir nəfəsə oxuyur, dəhşətə gəlir adam.
– Bilirəm, deyə dostuma cavab verdim, – Ramiz Rövşən də dedi ki, oxuyub dəhşətə gəldim, elə bil, üstümdən tank keçdi, “Çiynimdə tabut gəzirəm” şeirini hələ çox adam oxumayıb, hələ çox yayılmayıb, əbədi bir şeirdi.
– Cavid Qurbanova hörmətim birə-min artdı, sirr açmıram, bu cür insani keyfiyyətləri, dəyərləri yüksək çinli məmur sifəti ilə uzlaşdırmaq asan məsələ deyil. Dəmir yolları kimi strateji əhəmiyyətə malik böyük bir sahəyə Cavid Qurbanovun təyinatı prezident İlham Əliyevin uğurudu. Təyinatdan sonra o sahədə yeni bir canlanma başladı... Bakı-Sumqayıt dəmir yolunun bərpası nəyə desən dəyər. İllərdi ki, Sumqayıta gedib-gələnlər çox əziyyət çəkirdi. Baş tutsa, “Bakı-Hava limanı” elektrik qatarı yolu gözəl, dəyərli layihədi, hamının ürəyincədir. İnşallah, “Bakı-Tiflis-Qars” dəmir yolunun işə düşməsindən sonra ölkə də, millət də çox xeyir görəcək.
Ötən ay Praqada da dünyanın əksər ölkələrindən gəlmiş şair, yazıçıların toplantısında iştirak etdiyimiz günlər tərcüməçimiz, Praqada ali təhsil alıb orda yaşayan Eldar bəy də internet vasitəsilə ölkədə baş verən yeniliklərlə tanış olduğunu, Bakı-Sumqayıt, “Bakı-Tiflis-Qars” – dəmir yolunun tikintisinə Avropada təhsil alan azərbaycanlı gənclərin çox sevindiyini, ölkədə baş verən inkişafdan qürur duyduqlarını söyləmişdi mənə. – Qabaqlar Azərbaycan adını adda-budda adam bilirdi, indi hamı ölkəmizi tanıyır, ələlxüsus da Avropa oyunlarının Bakıda keçirilməsi bizi hamıya tanıtdı – deyə sevincini gizlətməmişdi...
Akademik dostum “Axirət” şeirini yeni oxuduğunu, onu nə vaxt yazdığımı soruşdu.
– O şeiri də yazmağıma səbəb Cavidin bir söhbəti oldu – deyə dilləndim...
Bulağın suyu o qədər saf olur ki, dibi görünür. Cavidin də ürəyi o qədər safdı ki, bu üzündən baxanda o üzü görünür.
“İnsan nəslində hamıdan böyük o kəs olacaq ki, bütün bu keçilməz sınaqlardan və şiddətli tamahlardan keçib Allaha tapınacaq. Və o kəsi heç zaman unutma”. İbn-Əl-Ərəbi
“Məkkə açıqlamaları”
Cavid Qəmbəroğlu da keçilməz sınaqlardan və şiddətli tamahlardan keçib Allaha tapınan bəy Adamdı!
Sınaqların biri də yoldu. Yolda sınanar, tanınar insan, deyiblər. Ölkə daxilində də, xaricdə də Cavidlə yollarda çox olmuşam. Cavidlə yol yoldaşı olan, bir an belə darıxmaz, diqqəti, qayğısı, səmimiyyəti, söz-söhbəti, zarafatları adama rahatlıq, ruhuna sərinlik gətirir. Şair taleyimdə, ən ağır günlərimdə Cavidin qayğısı, sədaqəti bütün məmləkətə bəllidi, bunu hamı bilir... “Görünən dağa nə bələdçi?”. Uca dağlar qoynunda doğulub böyümüş Adam elə o ucalığı da yaşadır.
Ulu babası Şah İsmayıl Xətainin dərddaşı olmuş Miskin Abdal “Dağlar” şeirində deyir:
Adəmdən cavandı, Nuhdan qocadı,
Bir sirdi, bilinməz yaşı dağların.
Tufana əyilməz, yada basılmaz,
Həmişə qar olar başı dağların.
Babası Aşıq Şəmşir də “Dədə” ünvanını elə-belə almamışdı - millətinin, el-obasının şərəfli, ləyaqətli İnsanı kimi könüllərdə əbədi yuva qurmaq hər adama müyəssər olmur.
– Şair, nə var, nə yox, hardasan, boşsansa dur gəl Pirşağıya,.. Bu, Cavidin səsidi, düşdüyüm qaranlıq quyudan məni işığa çıxaran bir səs...
Sakitcə əynimi geyinib maşına otururam, sürürəm Pirşağıya, Yaradanın sehri sirri olan suların sahilinə...
Qapını açıb içəriyə girirəm, dostlar hamısı burdadı, – Adil Əvəzoğlu, Xaqani, Tərlan, Saleh, Rəcəb, Hacı Namiq...
Cavid kimdənsə danışırdı – “zalımın gözləri doymur, bu qədər var-dövlət insanın nəyinə gərək ki, Axşam yatıb, səhər yuxudan oyanırsan... Heç bəlkə oyanmadın da... Səhər nə olacağını kim bilə-bilər ki, bunu ancaq Allah bilər... ”
Siqaret çəkmək adıyla eşiyə çıxıram.
– Şair, siqareti burda çək də, deyə dostlardan biri dillənir.
– Yox, eşikdə çəkmək istəyirəm, - deyə cavab verirəm.
Göz işlədikcə sonsuz sular, suların göylərə birləşdiyi nöqtə... Nuhun gəmisini, əfsanəsini xatırlayıram...
Səhərə yaxın evə qayıtdım. Yazmaya bilmirəm. Müdrik deyimi xatırlayıram: – “Şeiri şair yazmır, Allah onun qulağına pıçıldayır, o pıçıltını ağ vərəqə köçürür”.
Axirət
Bir səhər yuxudan durarsan, qardaş,
Bilməzsən səhərdi,
ya axşam çağı...
Axar suların da
yolu dəyişib,
Görərsən əriyib Himalay dağı...
Yolların da sağı,
solu dəyişib.
Suların altında qalıb qəbirlər,
Sular da qəbrinin üstündən axır...
Ruhun da göylərdən
qəbrinə baxır...
Baxarsan, elə hey
gözün axtarır...
Amma görərsən ki,
nə bir can qalıb.
Nə xəta, nə bəla
nə də qan... qalıb
Sularda ovulub
əriyib hər şey
Nə səs, nə bir səda
... kiriyib hər şey.
Daşlar ağac olub,
ağaclar da daş...
Sən özün özündə
batmısan, qardaş!
Nə nar ağacları,
nə əncir, üzüm...
Nə alma, nə püstə,
nə badam qalıb.
Dünyanı su basıb,
dünya bir ada...
Bu kiçik adada
tək Adəm qalıb...
Adanın köksündə sevgi çatları...
Nə Həvva görünür,
nə övladları...
“Evimin içindən tabut çıxdı... On yeddi yaşında var-yox oğlumu itirdim... O ağır günlərdən bu günəcən, şair taleyinə arxa, dayaq olmuş, dost sevgisini, sədaqətini əsirgəməyən bir kişidən yazmaya bilməzdim...
Taleyimə, şair taleyimə bir müqəddəs möhür vurdu bu Adam!
Bir dövlət məmurunda, böyük bir vəzifə yiyəsində bu sədaqət, bu əxlaq, bu insani keyfiyyətlər hardan qaynaqlanır? Bu sualı mənə verənlərin sayı o qədər oldu ki, bu yazını yazası, onlara cavab verəsi oldum. Hər şeyin sonu olduğu kimi, hər sonun bir başlanğıcı var – bu başlanğıc Yazı oldu, silinməyəcək, itib-batmayacaq, Söz var olana qədər yaşayacaq bir Başlanğıc..!”
“Rekviyem” kitabından
“Ey adəm övladı! Sənin bu dünyada yaşamağın – şipşirin balın başına hərlənib-hərlənib, hər dəfə də dolaşıb içinə düşən milçəyin uçuşuna bənzəyir...”Hamıdan Uca Allahın kəlamları
barədə Məhəmməd peyğəmbərin söylədikləri.
Zakir Fəxri, var üstündə yarışdı,
Nəfslər milçəktək bala daraşdı.
Halal-haram bir qazanda qarışdı
Dup-duru sular da bulandı, xalıq.Dup-duru suların bulandığı indiki ədalətin, haqqın, dəyərlərin aşındıgı bir zamanədə əcdadlarımızın əsrdən-əsrə qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə yaşadan bəy oğlu bəydi Cavid.
Bu dağların dili başqa
Çəmən, çiçək, gülü başqa.
Bu dağların eli başqa
Dağlar bizim dağlar deyil.
Ömür ötür pərdə-pərdə
Həsrət məni saldı dərdə
Dağlar qaldı Kəlbəcərdə...
Dağlar bizim dağlar deyil.Cavid həm də Söz adamıdı. Yazdığı bu misralar yetərlidi ki, onun daxili aləminin zənginliyini, kimliyini biləsən. Mövlanə Ruminin dünyaca məhşur kəlamlarıdı; – “Olduğun kimi görün, göründüyün kimi ol”.
Cavid bəy də olduğu kimi görünən, göründüyü kimi olan Adamdı!
Dədələrimiz ağa-ağ, qaraya-qara deyib. Hər şeyi öz adıyla çağırarlar.
Cavid Qurbanovun təyinatı prezident İlham Əliyevin uğurlu təyinatıdı. Bu təyinatın məmləkətə uğur gətirəcəyinə əminəm. Yeri gəlmişkən onu da deyim ki, İlk Avropa yay oyunları bu milləti özü-özünə tanıtdı, öz ruhuna, öz kimliyinə qaytardı, öz gücünə inamını birə-beş artırdı. Bu danılmaz bir həqiqətdir.
Dünyanın əksər hissəsini siyasi oyunlar, münaqişələr, müharibələr bürüdüyü bir zamanda bu böyük idman tədbirinin müharibə şəraitində olan dövlətimizin sülhə, barışa bir çağırışı idi.
İlham Əliyevin əyilib kəndirin altından rinqə çıxması, qalib boksçularımızı təltif etməsi onun hansı insani keyfiyyətlərə malik olduğuna bir nişanəydi. O anlar O prezident yox, dövlətin uğuruna, bayrağın ucalmasına sevinən adi vətəndaş, bizlərdən biri idi...
Bu oyunların memarı da elə cənab Prezident özü idi. Alqışa layiqdi!
Qüsursuz adam olmadığı kimi, qüsursuz dövlət də olmur. Hər şey düzələcək, hər şey öz yerini alacaq. Buna zaman, vaxt lazımdı. Təki dövlətimiz, millətimiz, bayrağımız var olsun!
Siyasi, maddi, maraqların toqquşduğu yerdə Söz eşidilməz olur.
Ruhumun çağırışına qulaq tutub Şah İsmayıl Xətainin məşhur misralarını yada salmaq istəyirəm; –
Gövhərin keçməyən yerdə
Satma, qardaş, kərəm eylə.
Ləl daşını çay daşına
Qatma qardaş, kərəm eylə.
Gördün bir yerdə aşina
Hər nə desən özbaşına.
Yol daşını yol quşuna
Atma qardaş, kərəm eylə.
Yazını hamıdan Uca Allahın adıyla başladım. Qoy uca yaradan Cavid Qəmbəroğluna bu çətin, şərəfli işində yardımçı olsun. “Azəryolservis”də rəhbərlik etdiyi dövrdə çəkdiyi Bakı-Hava limanı avtomobil yolu kimi, çəkəcəyi dəmir yolları da o cür göz oxşayan, ruh oxşayan olsun. Yazını bir zamanlar Cavid Qəmbəroğluna həsr etdiyim şeirlə tamamlayıram.
YALANDI DÜNYA
“Sənin olan yalnız gəmi qəzaya
uğrayanda itirə bilməyəcəyindi...”
Əbu Həmid Əl Qəzali
Dünya bir gəmidi, sükanı dərddi
Ağılın, kamalın ünvanı dərddi.
Müqəddəs ruhun da məkanı dərddi,
Cavid Qəmbəroğlu, yalandı dünya,
Gözəl qız cildində ilandı dünya!
Sinəsi tamaha salar adamı,
Qoparıb özündən alar adamı.
Əzizləyib, sonda çalar adamı,
Cavid Qəmbəroğlu, yalandı dünya,
Gözəl qız cildində ilandı dünya!
Dağlara baxanda adam qalır çaş,
...Sinəsi gül-çiçək, zirvəsi sal daş...
Bu hikmət Tanrıdan nişandı qardaş
Cavid Qəmbəroğlu, yalandı dünya,
Gözəl qız cildində ilandı dünya!
Xoş gün-güzəranı sanma gəl naxış,
Hər baharın içində bir gizli qış,
Bu sirrin açarı arifə tanış...
Cavid Qəmbəroğlu, yalandı dünya,
Gözəl qız cildində ilandı dünya!
Dost tut Yaradanla dost olan kəsi,
Sözün hikmətindən məst olan kəsi.
Sev dünya malına qəsd olan kəsi,
Cavid Qəmbəroğlu, yalandı yalan?
Gözəl qız cildində ilandı dünya!
Miskin Abdal, Qurban, Şəmşirdi qalan
Bu Söz qalasının közünə qalan...
Yerdə qalan nə var, yalandı, yalan
Cavid Qəmbəroğlu, yalandı dünya,
Gözəl qız cildində ilandı dünya!
Göz dünyadan doymaz, ona həsəddi,
Nəfsin, sərhəddi, yox, tamahın həddi,
Bu gün bədən diri, sabah cəsəddi...
Zakir Fəxri söylə, yalandı dünya,
Gözəl qız cildində ilandı dünya!
Haşiyə: Yazını tamamlayanda sonuncu əhya gecəsiydi...
Avanqard.net