Xəyalə Sevil - Evimdəki sənsizliyə külək əsir
01.07.15
Külək əsir
Külək əsir. Buludları qova-qova, Pəncərəmi döyə-döyə, Evimdəki sənsizliyə Külək əsir. Yolu uzanır yolların, Gedir, gedir, sənə çatmır. Ömrüm ürəyimdən keçən Günə çatmır... Kim qoydu günəşin altda Bu yolları, küçələri? İlahi, bir yağış yağdır, Yu qaralmış gecələri.
Sən axı bilmədin
Sən axı bilmədin Mən səndən sonra Necə yalnız qaldım. Baxdım o sən gedən Yolun ardınca, Bir əl, iki göz qaldım. Hər üşüyən axşamlarda Üşüdüm səndən ötəri. Göz yaşımı yanağıma Daşıdım səndən ötəri. Sən axı bilmədin, daha heç kimə “Sarı qız” olammadım, “Sarı saçlı qız” oldum. Sənsiz qaralan gecəyə Ay oldum, ulduz oldum. Ehh! Özüm də bilmirəm Hardayam indi, Bəlkə də buludlar Yağacaq məni. Torpağın bətninə Düşmüş meyidəm, Torpaq qəbir kimi Doğacaq məni.
Həyat bu qədər sadə...
Bu küçə də Axırıncı vaqon kimi Boşaltdı adamlarını. Və bu gecə də Qaranlıq qara kəlağayını Saldı şəhərin boynuna. Yol boyu uzanan gecə işıqları Açdı gözlərini. Külək deyinə-deyinə Oyatdı yuxudan yarpaqları. Yəni, Həyat bu qədər sadə, Həyat bu qədər təkrar. Amma ürəyimdə Təkrarlanmayan biri var.
|