Aydın Dadaşov - Vətəndaş
cəmiyyətinin tələbi
30.06.15
Dünya
konosu - 120
Elektrik və peşəkar pianoçu ailəsində doğulub
oxuduğu sinifdə yeganə yəhudi olduğundan qapalı böyüsə də, mükəmməl
kino təhsili almaqla çəkdiyi otuz dörd filminin əksəriyyəti hitə
çevrilməklə dünya tamaşaçısına tanış olan amerikalı rejissor Stiven
Allan Spilberqin yaradıcılarına «Ən yaxşı rejissor işi» də daxil
olmaqla beş Oskar bəxş edən «Sıravi
Rayanı xilas etmək» (ssenari müəlifləri Stiven, Spilberq, Robert Rodat,1998)
ekran əsəri geniş rezonans yaratdı.
İlk epizoddan görünən ABŞ bayrağı dövlətçilik
prinsipini bəyan etməklə qardaşlıq məzarlığında sabiq əsgərin
hıçqırtıları üzərində sıralanmış xaç şəkilli şəhid məzarlarının
təsviri mövzu xatirəyə keçid üçün əsas verir. 6 iyun 1944-cü ildə Amerika
dəniz desantının cəbhə bölgəsinə gəlişilə başlanan hadisəlilik
prinsipində ilk döyüşün ölüm-dirim mübarizəsinin gərginliyi önə
keçir. Bir-birinin ardınca qırılan əsgərlərin suyun altında qeyb
olmaları, parçalanan, alışıb yanan, iççalatı çölə tökülən insan
bədənləri, qandan qızaran dəniz suyu müharibənin anatomiyasını
göstərir. Sahilə çıxmaq uğrunda mübarizə aparan əsgərlərin qarşılaşdıqları
dəmir beton müdafiə səngərinin sərt müqavimətinin dəf edilməsi audiovizual
həllini tapır. İri çaplı güllədən deşilmiş rabitə telefonunun cihazı
komandanlıqla əlaqənin kəsildiyini göstərməklə gərginliyi artırir.
Ayağından axan qanın kəsilməsinə cəhd edilən əsgərin başından vurulması,
digər sürünən yaralının ikiyə bölünməsi ölümün portretini yaradır.
Psixoloji triller elementləri tamaşaçıya bir an belə nəfəsini dərməyə
imkan vermədiyi məqamda Allahı köməyə çağırıb alman snayperlərini
məhv edən Amerika əsgəri döyüşdə vəziyyətin qismən dəyişilməsinə
nail olur. Dəmir beton müdafiə səngərinə daxil olan Amerika əsgərlərinin
döyüşün taleyini dəyişmələri maneələri dəf etməklə həyata keçirilir.
Qanlı dalğaların cəsədləri sahilə çıxardığını təsvir edən kadrlar
gərgin epizodlar arasında keçid rolunu oynadığı məqamda üzü üstə
düşən əsgərin çantası üzərindəki Rayan soyadının oxunması fabula
mexanizmini önə çəkir.
Amerikadakı ordu qərərgahında çoxsaylı
teleqraf qurğusunda yığılan məlumatlarda bir ailədən çağrılan
dörd qardaşdan üçünün, Piter, Şon və Daniyel Rayanların ölüm faktı əsas
hadisənin məğzini yaradır. Ertəsi gün ananın üç oğlunun ölümü barədə
qara xəbər alacağı faktının yüksək səviyyədə müzakirə olunması
dövlət və vətəndaş münasibətini səciyyələndirir. Normandiya desantı
olan dördüncü qardaş Ceyms Rayanın (Mett Deymon) da sağ olub-olmamasının
bilinməməsi isə dramatizmi gücləndirir. Saralmış zəminin arası ilə toz qopara-qopara
gələn, üzərində ABŞ bayrağının təsviri olan avtomaşını izləyən həyəcanlı
ananın müvazinətini itirərək yerə yıxılması ağır dərdin audiovizual
həllini verir. Qərargahdakı yüksək çinli ordu zabitlərinin sonuncu
Rayının sağ olub-olmadığını araşdırmaları və vaxtilə respublikanın
qorunması yolunda şəhid olmuş beş oğlunu itirən anaya göndərilən
Avraam Linkolnun məktubunun oxunması dövlətçilik prinsipini yenidən
önə çəkir. Rayanın xilası naminə kapitan Con Millerin (Tom Henks) başçılığı
ilə səkkiz nəfərdən ibarət xüsusi təyinatlı dəstənin Normandiyaya
göndərilməsi dövlətin vətəndaşı uğrunda mübarizəsinin tərənnümünə
çevrilir. Cəbhədəki çoxsaylı əsgərlər arasında Rayanı tapmaq cəhdi
ot tayasında iynənin axtarılmasına bənzəsə də, baş qərargahdan
göndərilən xüsusi təyinatlı xilas dəstəsinin vaqeələri dramaturji
prinsiplə həyata keçirilir.
Yarpaqlar
üzərinə səpələnməklə get-gedə güclənən yağış damcıları növbəti
döyüş səhnəsinə uğurlu keçid edir.
Və mərmidən divarı uçmuş evdəki fransız ailəsindəki qızcığazın
xilası naminə yaralanan kapralın axan qanının güclü yağış damcılarından
selə çevrilməsi ölümün poetik simvolunu yaradır. Düşmən snayperinin
vurulması ilə valideynlərinə qayıdan qızcığazın atasını sillələməsinin
gərginliyin mikromodelini yaratması və ölmüş Kapralın ailəsinə
çatdırılacaq qanlı məktubunun götürülməsi epizodu tamamlasa
da, növbəti divarın təsadüfən uçması nəticəsində iki düşmən tərəfin
üz-üzə gəlməsi dramatizmi artırır. Uzun axtarışdan sonra nəhayət
ki, tapılaraq qardaşlarının ölüm xəbərini alan Ceyms Rayanın ağlaya-ağlaya
müharibədən sonra onları balıq tutmağa aparacağı arzusu ilə yaşadığını
bildirməsi gözönü hadisələri maneələrin dəf olunması yolu ilə üzə
çıxarır. Ceyms Rayanın qardaşlarının məktəbli olmaları faktının
üzə çıxması hüznlü gülüş yaradaraq tamaşaçını axtarışın davamını
izləməyə sövq edir.
Kapralın qanlı məktubunun bəyaz kağıza köçürülməsi
fonunda tapşırığın yoxsa insanın vacib faktor olmasının müzakirəsi
və ölümlər bahasına xilas ediləcək Rayanın layiqli vətəndaş olmasının
arzulanması əsas ideyanı önə çəksə də, sıralanıb keçən alman əsirlərinə
sinəsindəki sionist nişanını göstərməklə «Mən yəhudiyəm!» deyə təkrarlayan
Amerikalı əsgər müəllifin daxilindəki milli müqavimətin təzahürünə
çevrilir. Ötüb keçən çoxsaylı əsgərlərin, döyüşdə həyatını qeyb edənlərdən
qalmış jetonlar arasında Rayanın axtarılması yenidən əsas məqsədi,
problemin həllinə yönələn növbəti hadisəni önə çəkir. Nəhayət ki,
kontuziya almaqla kar olmuş Amerika əsgərindən kağıza yazıb göstərməklə
Ceyms Rayanın harada olması barədə təxmini informasiyanın alınması
məqsədyönlü axtarışa şərait yaradır. Kompas vasitəsilə istiqamət
götürən dəstənin rastlaşdığı çoxsaylı cəsədlər ümidi qırsa da, yeni
döyüş epizodu gərginliyi artırır. «Məqsədimiz qələbədir» deyən kapitan Con Millerin əsgərlərini
əsas tapşırıqdan yayınmadan döyüşə cəlb etməsi məntiqi həllini tapır.
Ölüb şişmiş inəyin arxasında gizlənən sanitarın durbinlə izlədiyi
əməliyyatda yaralanan əsgərin xilası prosesi sərt audiovizual
ifadələrlə həyata keçirilir. Son sözü «Ana, mən evə istəyirəm» olan
əsgərin yazdığı məktubun götürülməsi və məzarını onu öldürən düşmən
əsgərinə qazdırılması gərginliyi önə çəkir.
Məzar qazmağı
uzatmaqla, «Yaşasın Amerika», «Hitler kaput» deməklə ölümdən xilas
olmağa çalışan alman snayperinin müttəfiq qoşunları tərəfindən əsir
götürüləcəyi gümanı ilə azad buraxılması dəstədəkilər arasında
mübahisə doğurur. İxtisasca müəllim olan kapitanın əsirlə məşğul
olmağın deyil, Rayanın axtarılmasının vacibliyini bir daha əsgərlərinə
anlatması əsas dramaturji hadisəni nizamlayır. Axır ki, uğurlu təsadüf
nəticəsində, gərgin döyüş məqamında tapılaraq qardaşlarının həlak
olması, özünün cəbhədən geriyə çağrılması xəbəri verilən Ceyms Rayanın döyüş tapşırığını
sona qədər yerinə yetirməyə qərar verməsi onun qətiyyətini, vətəndaş
mövqeyini təsdiqləyir. Onun həyatı naminə iki nəfərin öldüyünü
bilən Ceymsin hər bir əsgəri özünə qardaş hesab etdiyini bildirməsi
vətənpərvərliyin nümunəsinə çevrilir. Zirehli texnika ilə hücuma
keçmək istəyən almanları qarşılamaq üçün birgə əməliyyat planının
hazırlanması qələbəyə doğru yönələn qlobal ideyanı əks etdirir.
Haradansa səslənən Edit Piafın sevgilisinə həsr etdiyi mahnısının
sədaları altında ağır döyüşün gözlənilməsi uğurlu sapsens yaradır.
Artıq bu dünyada olmayan qardaşlarının üzlərini xatırlaya bilmədiyini
kapitana söyləyən Ceymsin onlarla bağlı son xatirəni yada salması
süjetlə fabulanı əlaqələndirir.
Küçə döyüşlərində
düşmənin zirehli texnikasına müqavimət göstərənlər arasında qorxaqlıq
edərək döyüşdən yayınan Amerikalı əsgərlə yanaşı, cəsarətli
Ceyms Rayanın dəfələrlə ölümlə üz-üzə gəlməsi və əvvəlki epizodda əsir
götürüləcəyi gümanı ilə azad buraxılan alman snayperçinin xüsusi
amansızlığı, yaralı kapitan Con Millerin üzərinə gələn tankı tapança
atəşi ilə məhv etməsi dramatizmi artırır və nəhayət Amerika təyyarələrinin
səmada görünməsi qələbənin təntənəsinə çevrilir. Qorxaq əsgərin
qeyrətə gələrək amansız alman snayperçisini güllələməsi son epizodlardan
keçən süjet xəttini qapayır. Özü ölüm ayağında ikən ləyaqətli əsgər
olduğunu sübuta yetirən Ceyms Rayanın xilasına görə məmnunluğunu
bildirən kapitan Con Millerin sözlərinin oğullarını itirmiş anaya
göndərilən məktubdakı Avraam Linkolnun cümlələri ilə davam etdirilməsi
rəsmi protokol mərasiminə dramaturji status verir. Ekranda tədricən
qocalan Ceyms Rayanın filmin əvvəlindəki şəhid məzarlığında yenidən
görünməsi ekran əsərinin mövcud çevrəsini tamamlayır. Məzarlığa
ailəsi ilə birgə gəldiyi məlum olan Ceyms Rayanın Con Millerin qəbri
üzərinə əyilərək: «Mən sizin tapşırdığınız kimi ləyaqətlə yaşadım»
deməsi vətəndaşın mənəvi borcunun daha ülvi olduğununun tətbiqinə
çevrilir. Və ötən əsrin faşizm kimi qlobal təhlükəsinə sinə gərənlərin
mənəvi iflas problemilə üzləşdiyinə işarə vurulur.
Avanqard.net
|