Zəlimxan Yaqub: “Xəstəliyimin Aşıqlar Birliyinin işinə təsiri yoxdur”
18.06.15
“Bütün yaradıcı təşkilatlarla müqayisədə bizim gördüyümüz işlər daha çoxdur. Aşıqlar Birliyinə gəlib bizə göndərilən dəvətnamələri görsəniz, bunu hiss edərsiniz. Mənim xəstəliyimin Aşıqlar Birliyinin fəaliyyətinə heç bir təsiri yoxdur”.
Bunu xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub bildirib. Böyrək çatışmazlığı səbəbindən səhhətində ciddi problemlər yaranan şair mütəmadi olaraq Almaniyada müalicələrini davam etdirir. Yaradıcı cameədə xalq şairinin məcburi müalicələrə köklənməsi səbəbindən Aşıqlar Birliyinin fəaliyyətinin passivləşməsi fikri dolaşırdı. Lakin xalq şairi Zəlimxan Yaqub bunu birmənalı şəkildə inkar edir.
Xalq şairi Aşıqlar Birliyini Azərbaycanda fəaliyyət göstərən yaradıcı təşkilatların hamısından yaxşı işlədiyini qeyd edir: “Bu gün Aşıqlar Birliyinin necə işlədiyini görmək istəyirsinizsə, buyurun gəlin. Görün ki, bu gün orada necə iş gedir. İyunun 26-da Heydər Əliyev sarayında gənc aşıqların müsabiqəsi keçiriləcək. Bu gün Aşıqlar Birliyi Azərbaycanda ən yaxşı işləyən yaradıcı təşkilatdır”.
1992-ci ildə mərhum xalq şairi Hüseyn Arif tərəfindən formalaşdırılan Aşıqlar Birliyi onun ölümündən sonra fəaliyyətini dayandırmışdı. Buna səbəb isə sədrlik uğrunda gedən çəkişmələr idi. Yalnız 2008-ci ildə, Azərbaycan aşıqlarının I qurultayında xalq şairi Zəlimxan Yaqub sədr birliyə seçilib. /modern.az/
|