IMPAC Dublin roman mükafatı qalibini açıqladı
18.06.15
İngilis romançısı Jim Crace 100 min avroluq Impac Dublin ədəbiyyat mükafatının qalibi oldu.
69 yaşlı yazıçı bircə romana görə verilən dünyanın ən bahalı mükafatını alanda “Artıq təqaüdə çıxa bilərəm” – deyib. “Harvest” (Məhsul) romanı son günlərini yaşayan bir ingilis kəndində cərəyan edir. Üç sirli yad adam həmin kənddə bir çox kataklizm hadisələri törədirlər.
İki il bundan əvvəl “Məhsul” romanı Man Booker mükafatının qısa siyahısına düşmüşdü. Amma həmin vaxt Avstraliya yazıçısı Richard Flanagan-ın “Şimalın dərinliklərinə doğru dar yol” (The Narrow Road to the Deep North) romanı “Məhsul”-u vurub keçmiş, birinci olmuşdu. Bu dəfə isə Crace-in romanı Flanagan-ın romanını ötüb.
Qalib yazıçı ”Məhsul” romanını nəşriyyata borcu oldğuna görə yazdığını deyib: "Onu yazmazdan əvvəl bir başqa roman yazırdım, 40 min söz yazandan sonra vaz keçdim, o romanı tərk etdim.
Nəşriyyat mənə qabaqcadan pul ödəmişdi, nəticədə mən pis vəziyyətə düşmüşdüm. Onda “Məhsul”-u yazmağa başladım. İndi isə azadam. Heç kəsə kitab borcum yoxdur. Çıxıram təqaüdə. Artıq hobbi kimi yazacağam.”
/Oxu zalı/
|