AYB-də 10 yaşlı Alsunun “Quş yuxusu” kitabının təqdimatı keçirilib
11.06.15
Təqdimat mərasimində AYB-nin katibi, xalq şairi Fikrət Qoca, birliyin gənclər üzrə katibi Rəşad Məcid, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və başqaları iştirak edib. Tədbirdə çıxış edən Rəşad Məcid on yaşlı Alsunun ədəbiyyata, mütaliəyə olan marağından, yaşının azlığına baxmayaraq, müəllifin məsələlərə münasibətindəki özünəməxsusluğundan danışıb. R.Məcid qeyd edib ki, on yaşında kitab çıxarmaq Alsunun ədəbiyyata olan daxili tələbatından irəli gəlir: “Mən Alsunu lap uşaq vaxtlarından tanıyıram. O, iti ağlı, hazırcavablığı ilə mənim yadımda qalıb. Alsu hələ balacadır, gələcəkdə peşəsini, sənətini özü müəyyən edəcək. İnanıram ki, gələcəkdə onun kitab və ədəbiyyat sevgisi bu cür tükənməz olacaq”. Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov müəllifin hekayələrindəki səmimiyyəti üslub kimi dəyərləndirib: “Bu kitab Alsunun ürək çırpıntılarıdır. On yaşlı uşağın bu cür kitabla oxucuların görüşünə gəlməsi böyük cəsarətdir və biz bu cəsarəti alqışlayırıq. Buna ancaq sevinmək lazımdır. İnanıram ki, Alsu gələcəkdə gözəl hekayələri ilə bizi yenə sevindirəcək”. Xalq şairi Fikrət Qoca, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, AYB-nin katibi İlqar Fəhmi, şair Oqtay Rza və başqaları müəllifə uğurlar arzu edib, onun gələcəkdə Azərbaycan ədəbi və mədəni həyatında özünəməxsus yer tutacağına inandıqlarını bildiriblər. Tədbirdə çıxış edən müəllif kitablara və ədəbiyyata olan marağından danışıb, təqdimat mərasiminə toplaşanlara təşəkkürünü bildirib. Qeyd edək ki, Alsu şair Qulu Ağsəs və jurnalist-publisist Laura Cəbrayılının övladıdır. “Təhsil” nəşriyyatında işıq üzü görən kitabda Alsunun hekayələri və esseləri və gülməcələri yer alıb. /APA/
|