Kənan Hacı - “Səmərqənd” romanı haqqında qeydlər
10.06.15

Ömər Xəyyamın oğurlanmış əlyazması

Amin Maaloufun “Səmərqənd” romanı haqqında qeydlər


Biz çox vaxt hansısa əsəri oxuyarkən həmin əsərin müəllifinin kimliyinə daha çox önəm veririk. Təsadüfi kitabları oxumaq üçün zamanımızın yetərli olmadığından dünya ədəbiyyatına damğasını vurmuş, adı brendə çevrilmiş, əsərləri dünya miqyasında diqqət çəkmiş yazıçıları oxuyuruq. Əlbəttə, dünyada yüzlərlə, minlərlə əsər yazılır, bəzən bir yazıçının bütün əsərlərini oxumağa belə insan ömrü yetməz. İndiki sürət əsrində insanlar kitabdan daha vacib məşğuliyyətlərin olduğunu düşünürlər, mütaliəyə sərf olunan zamanı vaxt israfçılığı kimi qəbul edənlər də var. Hətta bircə faydalı yazını oxumağa belə ərinən, hövsələsi çatmayan insanlar var. Amma bu insanlar özlərini nə boyda bir zövqdən məhrum etdiklərinin fərqində deyillər. Bu, tamam başqa bir söhbətin mövzusudur. Amma bəzən təsadüfi adlandırdığımız kitablar bizim həyatımızın kitabına çevrilir. Məsələn, Amin Maaloufun “Səmərqənd” əsəri kimi.

Biz rübailərini sevə-sevə oxuduğumuz Ömər Xəyyamı həm də astronom və filosof kimi tanıyırıq. Nişapurda doğulmuş, sonrakı həyatını Səmərqənddə, İsfahanda yaşamağa məcbur olmuş Ömər Xəyyam Şərqdə daha çox rübailəri ilə məşhurdur.  Bütün dövrlərin ən böyük riyaziyyatçılarından biri olmuş, "Riyazi problermlərin nümayişinə dair" traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhvələr vermiş bu dahi insan zamanında onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqibləri ucbatından həmişə qorxu içində yaşayıb. Arzusunda olduğu rəsədxananı açmaq ona nəsib olmayıb. Kifayət qədər mürəkkəb həyat yaşamış Ömər Xəyyam haqqında çox yazılıb, onun elmi-fəlsəfi irsi müxtəlif alimlər tərəfindən araşdırılıb, öyrənilib. Azərbaycanın söz və fikir zadəganlarından olan böyük Hüseyn Cavid  “Xəyyam” əsərində Ömər Xəyyamın möhtəşəm obrazını yaradıb, Xəyyamı bizə daha da sevdirib. Hüseyn Cavidin “Xəyyam” əsərindən bu misraları hamımız xatırlayırıq:

Gəldin də, niçin pənbə bulutlar kibi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
 Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?


Hələ də bu böyük şairi və mütəfəkkiri şərab aşiqi, dinsiz kimi qəbul edənlər var. Bu sualların ən doğru, dürüst cavabını Livan yazıçısı Amin Maalof “Səmərqənd” əsərində tapmaq olar. Avropanın bir çox nüfuzlu mükafatlarını qazanmış  Amin Maalouf bu romanı 1988-ci ildə yazıb və əsər çox böyük maraqla qarşılanmış və dünyanın bir çox dillərinə tərcümə edilmişdir. Əsərin əvvəlində iyirmi dörd yaşlı Ömər Xəyyamın Səmərqənddə başına gələn qəribə bir əhvalat nəql olunur. O, Səmərqəndin küçələriylə yeriyərkən Tütünçülər meydanında qəfildən qarşısına on beş yaşlı hamilə bir qadın çıxır, o, Xəyyamın əlindən bazardan aldığı şabaladlardan bir neçəsini alıb qaçır. Bu, Səmərqənddə bir adət imiş, hamilə qadın yolla gedərkən kiminsə əlində gördüyü ərzaq xoşuna gələrdisə, onun əlindən alıb qaça bilərdi. Xəyyam ordan aralanıb bir müddət getdikdən sonra görür ki, iyirmiyə qədər saqqallı, əli çomaqlı adam qoca bir kişini əhatəyə alıb döyürlər. Döyülən şəxs Şərqdə böyük alim kimi tanınan İbn Sinanın dostu Uzun Cabir idi. Xəyyam onu qaragüruhun əlindən xilas etmək istəyir, bu dəfə kütlə ona hücum edir. Səmərqənd şəhərinin polisi onu azğınlaşmış kütlənin əlindən alır və şəhərin qazisi Əbu Tahirin yanına aparır. Münəccimlərin dediyinə görə üsyan ulduzu altında doğulmuş Səmərqənd Ömər Xəyyamı belə qarşılayır. Əbu Tahir Xəyyama lütf göstərir, onun təhlükəsizliyinə zəmanət verir.

Bundan sonrakı fəsillərdə isə Xəyyamın sevgilisi Cahanla, Səlcuqilərin vəziri Nizamülmülklə tanışlığına və bu tanışlığın onun həyatında necə böyük dəyişikliklərə səbəb olduğuna şahid oluruq. Saray hərəmxanasında yaşayan Cahan gizli görüşləri zamanı Xəyyamı sarayın bir sıra gizlinlərindən agah edir. Xəyyam öz hücrəsində onunla sevişir, bu bənzərsiz gözəlin eşqiylə rübailər yazır. Xəyyamın saray vəziri Nizamülmülklə tanışlığı gələcəkdəki böyük bəlaların başlanğıcı idi. Təsadüfən tanış olduğu Hasan Sabbahı saraya gətiri Nizamülmülklə tanış edəndə Xəyyam bilmirdi ki, bu adam qısa bir müddətdə saray vəzirinə qənim kəsiləcək, sarayda nüfuz və etibar qazanıb mövqelərini möhkəmləndirməyə, vəziri gözdən salmağa çalışacaq. Zamanındaca bunu hiss edən qoca vəzir onu saraydan uzaqlaşdırmağa nail olur. Hasan Sabbah isə yerdən altı min addım hündürlükdə qaya üzərində yerləşən Ələmut qalasına çəkilərək Nizamülmülkdən amansız qisas almaq üçün planlar cızır. Ələmut qalası detallarla elə təsvir edilib ki, bir anlıq özünü həmin qalanın içində hiss edirsən. Hasan Sabbahın əlaltıları Nizamülmülkü qətlə yetirirlər. Bütün bu hadisələr o qədər canlı şəkildə təsvir edilir ki, oxucu özünü az qala, bu çəkişmələrin canlı iştirakçısı kimi hiss edir. Ələmut qalasında Ömər Xəyyamın rübailərindən ibarət əlyazma gizlədilmişdi. Bu, həmin əlyazmadır ki, bizim dövrümüzdə Benjamin O. Lezaj adlanan şəxs onun izinə düşüb İranı, Türkiyəni dolaşmışdı və bu axtarışlar onu böyük siyasi çəkişmələr meydanına gətirib çıxarmışdı.  Əsərin bu hissəsində yazıçı onu müasirləri tərəfindən "böyük bir müsəlman", "böyük şərqli", "müsəlman dünyasının mümtaz siması" adlandırılan Şeyx Cəmaləddin Əfqani ilə görüşdürür. Bu dəfə oxucu XIX əsrin sonu, XX əsrin əvvəllərindəki qızğın hadisələrin mərkəzinə düşür və bir sıra tarixi hadisələrə bir növ, “şahidlik” edir. Benjamin nəhayət, izinə düşdüyü əlyazmanı tapır, amma əlyazmanın sonrakı taleyi necə olur, bunu yazmayacam. Bunu ona görə yazmıram ki, oxucu “Səmərqənd” romanını tapıb oxusun və əminəm ki, hər kəs bu əsərdə mənim tanıtım xarakterli yazımda əksini tapmış məlumatlardan qat-qat zəngin informasiyalar alacaq.

Dövrün mürəkkəb ictimai-siyası vəziyyəti, saray mühiti, mənafe toqquşmaları, saraydaxili nüfuz savaşları romanda dolğun və şəkildə, bütün incəlikləri, ayrıntılarıyla öz əksini tapıb. Maalouf yazdığı mövzuya kifayət qədər bələddir. Hasan Sabbahın qəddarlığı və amansızlığı dəhşət doğurur. Tək başına mübarizəyə başlayan, qısa müddətdə ətrafına müridlər toplayan və böyük bir qüvvəyə çevrilən Hasan Sabbahın içində sanki bir şeytan oturmuşdu və ona bütün bu inanılmaz işləri görmək üçün güc verirdi. Hasan Sabbahın fədailəri inanılmaz cinayətlər törədirlər. Onların qeyri-insani əməlləri heç bir hədd, hüdud tanımır. Onun müridlərini Haşaşinlər adlandırırdılar. Deyilənə görə onlar uyuşdurucu maddə olan xaş-xaşdan istifadə edirmişlər və məhz buna görə onlara bu ad verilib. Versiyalardan birinə görə isə bu termin xristianlar vasitəsilə Avropa dillərinə keçmiş (fransız dilində “assasin”, italyan dilində “assasino”) və bu dillərdə də “qatil” mənasında sabitləşmişdir. Hər halda, bu söz, bu ifadə hər iki mənada Hasan Sabbahın müridlərinin bəd əməllərini xarakterizə edən bir ifadədir.

Roman nəfəs dərmədən oxunur. “Səmərqənd” əsərində klassik romanlara xas olan elementlərlə yanaşı (yazıçı klassik realist kanonlara tam riayət edir) müasir romançılığın ədəbi fəndlərindən də istifadə edilib. Buna misal olaraq tarixlə müasirliyin bir araya gətirilməsini qeyd etmək olar. Təbii ki, ana mətn Xəyyamın yaşadığı dövrü əhatə edir. Əsərin gələcəkdə Səlcuqilər dövrünə, Ömər Xəyyamın həyatı və yaradıcılığına dair tədqiqat aparanlar üçün əvəzsiz bir mənbə olacağı şübhə doğurmur. Ömər Xəyyamın həyatıyla bağlı gizli qalan məqamlara vaqif olmaq üçün bu əsər əvəzsizdir. Maalouf bu əsəri yazarkən həm Şərq, həm də Qərb dəyərlərindən bəhrələnməklə yanaşı həm də zəngin bir mirasdan faydalanıb. Bu miras zəngin Şərq mədəniyyətidir. Ömər Xəyyam da bu mədəniyyətin bir tərkib hissəsidir.  
“Səmərqənd”  həm də Ömər Xəyyamın identifikasiya kodu sayıla biləcək tarixi romandır.

/Ədəbiyyat qəzeti/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.