Kiyan Xiyav - "İsnayperlər elə olur"
09.06.15

Avanqard.net Kiyan Xiyavın "İsnayperlər elə olur" mono - hekayəsini təqdim edir. (Mətn olduğu kimi dərc olunur)


Haramı tuşlamışdı bilmirdim. Dedim gözlə ürəyimin başından dəyir. Heç əlimi də ölçmədim. Çox sadə başımı qovzayıb yuxarıya baxdım. Dodağımın altında yavaşca dedim. Bilmirəm də eşitdi ya yox. Inanmıram eşidəydi. Üçüncü qatda dayanmışdı. İstilindən qəzəbli olduğunu sezdim. Məni elə qarşılayacağına inanmazdım. Elə bil quş quşlamağa çıxmışdı. Tüfək onu öz önünə əymişdi. O vurmadan öncə mən ölmüşdüm. Bilmirdim diriyəm yoxsa ölmüşəm. Bu dönə ancaq üzümü ona tutub qışqırdım:
-Düş gedək bir qəhvəxanaya! Bir çay sən iç, bir siqar da mən çəkim, bir az danışaq!
Qulaq asmadı. Göylüm istirdi əlini tüfəkdən çəkib yerə ensin. Enmədi. Heç inana bilmirdim. İllər məni yanlayan kimsə indi məndən yan çəkilmək istəyirdi. Ancaq axı niyə belə? Kaş tüfəyin yerinə, elə dilinin tətiyini basıb ağzına gələni mənə deyəydi, sonra da öz- özünə mehribanlaşıb üzr istəyəydi! Üzr istəməsəydi də, mənə qəbul idı. Ancaq bu dönə o işi görmədi. Bir anda gözünün birini yumub tətiyə basdı.
Neçə gün idi səlamımı almırdı. Halı özündə deyildi. Ölü adama bənzəyirdi. Ancaq dirilərin ən dirisiydi. Görürdüm. Hər zaman küçə-bazardaydı. Kitabxanalarda, kababxanalarda, sinəmalarda, teatr salonlarında ola bilirdi. Günbaşı yeni başlanğıclar, yeni yeniliklərlə üzləşirdi. Bəlkə elə ona görə də, ilk gülləsi dilinin tüfəyindən açıldı:
-Mən daha səndən uzaq olmaq qəsdindəyəm.
Bunu deyəndə ağzını görmədim. Ancaq yəqin ağzı öz ağzı şəkilində deyildi. Ilk öncə inana bilmədim. Heç inana bilmirdim ki. Mən bu söz çıxan ağızı, bu sözü deməyə təpinən dodaqları dönələrcə ard- ardına öpmüşdüm də, yenə də öp demişdi. Deməli mən ona kimi üç il boyunca beş açılan bir tüfəklə sevişirmişəmmi?
Uzaqlıq sözünə dözmək çətin olsa da mən dözə bilərdim. Ancaq bizim bağlantımız bu sadəliyə qırıla biləcək bir tel deyildi axı. Keçən üç ildə bir- birimizə çox böyük sözlər verib, görəcəyimiz əcayib işlər planlaşdırmışdıq. Ancaq elə bil ona birdən birə nəsə oldu. Heç inana bilmirdim. Birdən birə dilini beş açılan kimi işə saldı:
-Daha yolunu yan döndər. mən səndən yan gəzirəm.
Bəlkə də günah məndəydi. Elə bil heç niyəsini də soruşmamalıydım. Elə başımı aşağı salıb səssiz- sözsüz ondan uzaqlaşmalıydım. Ancaq özüm bilmədən, hər şeyin bir dəlili olmalıdır deyə iki- üç dönə soruşdum:
-Axı niyə?
Hər dönə qabaqkından bir az da daha acıqlanıb:
-Məndən uzaq gəz, dedi.
Nə oldu, necə oldusa, məni nələrəsə qurban etdi sonunda. Olsun, halalı olsun. Ancaq bu işi hər kimdən gözləsəydim də, ondan mütləq gəzləmirdim. O dünyada ancaq isnayperlər elə olurlar. Ayda, ildə bir qurbanlığı izləyib, onu necə öldürəcəklərini yaxşıca planlaşdırırlar. Peşəkarlıqla qılığa girirlər. Sevirlər, sevilirlər. sevişib öpüşürlər. Sonra zamanı gəlincə güllələrini sıxıb qurbanlıqdan yan gəzirlər. Məni burda incidən yalnız qızımın orda uşaq olduğundan bəzən məsələləri özünə açıb açıqlaya bilmədiyidir. O da umuram böyüyəndə öz- özünə həll olacaq. Onun üç yaşı olanda ispaydermənə isnaypermən deyirdi. Ölümünə gölürdüm o sözünə. O da qadasını aldığım mən gülüm sonra birlikdə gülüşək deyə bir zaman bir saatda on- on beş dönə bəlkə o sözü təkrarlayırdı. Ancaq əminəm o böyüyəndə biləcək ki mən bu qurbanlıqların ilki də deyiləm, sonu da. Bəzən öz- özümə belə arzuluram kı nə olardı, bəzi güllələr amacından yayınıb dəyməyəydi. Yan keçəydi. Məqsədlərinə çatmayaydılar. Çünkü güllələr məqsədə çatandan sonra nifrət yenicə başlanır. Bütün zamandan, məkandan sovuşur. Başdan keçən hekayələri ardında qoyub yürüyür. Hər şey yürüyür öz məqsədinə doğru.
Mən ondan uzaq gəzərdim də, ancaq o yenə məni yaxınlaşmağa çağırdı. O bir daha məni yanlamasaydı, mən onda çoxdan ondan yan çəkilmişdim. Neçə gün idi səssiz- səmirsiz oturmuş, artıq- urtuq sms`ləri mobaylımdan silirdim. Kampiyoterdə email`lərimi də ha belə. Bəzi file`ları fləşimə vurub götürürdüm. Keçən üç ildə gələn email`lərlə məsajları bir- bir baxıb bəzisini silirdim, bəzisini də fləşə vurub saxlayırdım. Sms`lər, email`lərin bir çoxu çoxdanınkıydı. Heçə yaramazları silinməliydi. Sevmirdim mobaylım qalabalıq olsun, ya kampiyoterin hardı sər- səfil şeylərlə dolsun. Film, musiqi, kitab və şəkildən yeddi- səkkiz file saxlayıb hamısını sildim. Ancaq bilirdim də onlar günümüzdəki həyatın bir parçasıdırlar. O barədə nə iş görsəydim də, yenə bir şeylər çatışmırdı. Son günlər o qədər incimişdim ki daha ağlamağa da göz yaşım qalmamışdı. Üç il az deyildi ki. Üç il ömrüm sovuşmuşdu o email`lər, o sms`ləri yazınca, alınca və yollayınca. Gün olurdu yüzdən artıq sms alırdım. Bir dönə də onların hamısını kampiyoterdə word file`ına tökmüşdüm. Min yeddi yüz otuz neçə səhifə olmuşdu. Sonralar bir gün sil dedi, sildim. Nə yaxşı kı silmişəm. Yoxsa o da indi qızıma bir yük ola bilərdi. Gün olurdu qarmaqarışıq sözlər də yazırdı. Ondan gələn məsajların biri gülsəydi, ikisi ağlayırdı. Özü deyirdi ümumiyətlə depres bir insandır. Düz deyirdi. Hər zaman pərişan, pəjmürdə, solqun və üzgün birisiydi. Çalışdım onun depresliyini az da olsa aradan apara bilim. Bunu özümə vəzifə etməmişdim. Ona acımırdım da. O dünyada acıyan insan ilkinindən ölübdür. Düşünürdüm birisinə acıyan kimsə, özü acımalı insandır. Inanırdım tanrı belə insana acıdığı gün ölmüşdü. Mən də bunu nitşədən öyrənmişdim. O demişdi:
"Tanrının insana olan rəhmi onu öldürdü."
Ancaq yenə çalışırdım o olduğundan artıq depresyona uğramasın. Neçə dönə ona demişdim:
-Ağlama, ağlamaqdan çox sənə gülmək yaraşır.
Həyatı ağlar- gülər ayında keçirdi. Mobaylımın bəkqrandındakı iydə ağacının şəkilini də bulvarın ağlar- gülər ayında çəkib mənə göndərmişdi. Onu əzdirmək istəmirdim. Heç indi də onu demirəm. Etdiyi bütün işlərdə alqışlamaq da istəmirdim. Alqışlayırdımsa onun haqqıydı. Ancaq onu bütün hislərimlə sevirdim. Elə indi də sevirəm. Nə olar? Ölülər sevə bilməzlərmi? Bunu kim deyib? Sevmək onun pozqunluğunu təskin verirdi. Bunu özü deyirdi. Bəzən elə problemlərini mənə aşılayanda, psixoloqla məşvərət edirəm, deyirdi. Özüm də çox inciyirdim. Bəzən ən kiçik istəyimi belə aldırmırdı. Bəzən deyirdi:
-Mən bu hekayəni sona çatdıra bilmərəm. Bu ilgi, bu bağlılıq bir təhər kəsilməlidir.
O sözlərlə heç zaman umudsuzlanmırdım. Incisəm də incikliyimi ona yürütmürdüm. Onu yormaq istəmirdim. O öz həyat yükünü özü daşımalıdır deyə düşünürdüm. Elə olsaydı, o öz gücünə daha çox inanar deyə inanırdım. Tutaq kı onsuz da o dünyada həyat daşını üzü yuxarı dığırlatmağa dəyməz. Orda həyat absurd bir oyundur. Ancaq absurd art üstünə məncə hələ orda bir sənət belə üzə çıxmayıb. Orda bir sizif osturəsi var. Onun daş hərlətməsi öz- özünə böyük bir fəlsəfəyə dönüb. Orda məncə froyd yoxsa yung olmaq önəmli deyil. Önəmli, olmaqdır. Istər nitşə ol, istər markez, önəmli, yalnız, olmaqdır. Ona görə də mən onu qorudum yoxsa qorumadım, nəyə dəyərdi? Məncə sevmək, yalnız sevmək bütün acı- ağrıların çıxış yoluydu. Elə onun da baxışında beləydi. əslində ilk öncə bu sözü o mənə dedi. Mənsə başımı aşağı salıb gülümsəyərək, elədir dedim. Bütün email`lər və sms`lər ondan sonra başlandı. Həyatımın ən gözəl günləri, ən dadlı saatları, ən acılı- ağrılı anları və ən enerjik olduğum çağları o yazılarla, o şeirlər və hekayələrlə keçmişdi. Email`lər və sms`lərin içində çox dəyərli sözlər, xəbərlər, şeirlər, kitab parçaları və ayrı- ayrı nəsələr var idı. Kitab çıxarmaq istəyənlər, dəvət edənlər, aşiq olanlar, ictimaiyyətçilər, siyasətə qoşulmaq istəyən gənclər və sayirə. Ancaq onun hesabı hamıdan ayrı idı. O dediyi yerlərə düşünmədən durub gedərdim. Gedib bir yerdə nahar yeyib çeşid qonular üstündə danışardıq. Bağlava, niskafə, çay, şukulat, kabab, düyü və ayrı- yrı nəsələr. O məsajların içində çox enerjik bir gənc yazar, bir gənc şair görürdüm. Bir çox əsil yazarların içində olub böyüyüb boya- başa çatan, sonra birdən birə qırx yaşına dolan bir gənc. O dünyada internet adında əcib- qərib bir nəsnə var. Bəzi vaxtlar mən də onda axtarışlar və gəlişmələrə can atırdım. Çoxlarını ordan tanıdım. Çoxları da məni ordan tanıdı. Türkcəyə başlayanlar, kitab çıxarmaq istəyənlər məni orda daha asan tapa bilirdilər. bildiklərimi onlarla sədaqətlə ortaya qoyurdum. Çoxlu dostluqlar qatdıq. Yaxından ilgidə olduq. Ancaq heç birisiylə onun kimi ola bilmədim. Onla öz içimdə olan bütün acı- ağrılarımı unutdum. Onunla elə monitorun arxasında yoxsa mobayla baxaraq için- için danışıb dərdləşib ağlaşdıq. O mənə sevgisini aşılayandan sonra, sankı anam kimi məni yenidən doğdu. Sevdik, sevişdik, darıxdıq, incidik, umduq, küsdük, dəlilənib çaxnaşdıq, sonra birdən birə susduq. Bəzi vaxtlar sevilmədiyim qədər sevildim. Bəzi vaxtlar sevmədiyim qədər sevdim. Sevib saymadığım qədər sevib saydım. Öymədiyim qədər öydüm. Öyülmədiyim qədər öyüldüm. Bir vaxt da gəlib çatdı kı aşağılanmadığım qədər aşağılandım. Sındım, dağıldım, ancaq yenə də susdum. Yüksəlib enmələrimdə, enib yüksəlmələrimdə çox şeylər öyrəndim. Ancaq o məndən uzaq gəzmək istədiyində, özümü artıq çevrədən uzağa çəkib başımı öz işimə qatdım. Son vaxtlar heç nə düzələnə bənzəmirdi. Nuh ömrünü yaşasaydım da ömrümün üç ilinin acısı həyatımdan getməyəcəkdi, bilirdim. Bəzən o, bəzən də mən, hər şey düzələcək deyirdik. Ancaq onun birdən birə mənimlə münasibəti dəyişiləndən sonra, daha heç nə düzələnə bənzəmirdi. Heç zaman o dustluq çevrəmizdən ayrılacağımı sanmamışdım. Buna sevinirəm ki mən bir dönə olsun belə, getməkdən və ayrılmaqdan bir söz belə demədim ona. Doğrudur, bəzən gileylənərdim. Bir neçə dönə də hankısa bir umum- küsüm olmuşdu, ancaq onun ürəyini qırmadım. Nə oldusa, birdən hər şey bitmiş kimi oldu aramızda. Dostluğumuz bitməsin də sürərək sürsün deyə çox çalışdım da olmadı. Hankısa namərdin onda əli var idı. O da uymuşdu. Təəssüflə tez uyub tez izin verən birisiydi. Ancaq sevgi tərifini yalnız onun ağzından eşidəsən. O dünyada ən sevilə biləcək bir insan varidısa, o da o idı. Heç zaman ondan ayrı düşəcəyimi düşünmürdüm. Bu dönə də öz- özümə, döz deyirdim. Sankı hər şeyin düzələcəyinə içdən inanmışdım. Ancaq düzəlmədi heç, üstəlik də get- gedə üzülmək daha çoxaldı. Artıq çox yorqun idım. Email`dən, mobayldan, məsajdan və başqa bütün nəsnələrdən. bir sürə o mənə gəl dedi, ancaq içdən demədiyi bəlliydi. Bağışla gələ bilmərəm dedim. Sonra gözlədim. Yenə də gəl deyəcəyini umurdum. O demədi və mən getmədim. Elə bilirdi mən bir daha ona qayıdacağam. Düşünürdü ki ondan sonra getməyə bir yerim yoxdur. Neçə dönə internet fəzalarına sığındım. Təəssüflə o dünyada hər şey öz yerini dəyişib sankı. Gerçək bağlantılardan çox məcazi bağlantılara vaxt qoyulur. Son vaxtlar bizim də işimiz olmuşdu internetlə mobayla sığınmaq. Nə iş ardınca olduğumuzu özümüz də bilmirdik. Yəqin hər hankı bir işlə uğraşsaydıq, internet və mobayldan daha gözəl bir iş, və hara getsəydik, yalan dostluq çevrəsindən daha yaxşı olardı. Indi buna heç bir şəkkim yoxdur. əlbəttə mən bir sürə onlardan da uzaq başımı öz işimə qata bilmişdim ki, o məni yenə də özünə çağırdı. Qal dedi, qaldım. Çevrəmizdən ayrılma dedi, ayrılmadım. Dedi keçən üç ilin acılarını unudarsan, tələsmə! Unuda bilməsəm də tələsmədim. Hər şey yenə yerli- yerində düzəldi. Sonra yenidən yenə də ona nəsə oldu. Namərdlər qulaqlarını bir yolluq doldurmuşdular. Hər zaman pis niyyətli olanlardan nə desən baş verər. Özümü müdafiə edə bilmədim. Beləliklə həmən onun özünü müdafiə etməyə çalışdım:
-Sən haqlısan. İşində ol, dedim.
Davranışlarından belə bəllənirdi ki duelə çıxanlar kimi hər an kimisiylə atışmaq istəyir. Mən o dünyada olanda, ömür boyu duelə çıxmamışdım. Atışmaqdan da qaçırdım. Tüfək-güllə sözünü belə sevməmişdim ölənə kimi. Kaş gülləni o mənə üzdən vurmayaydı. Kaş hardansa usta bir isnayper kimi gizlicə vurub gedəydi. Yoxsa məni qonaq çağırıb, qapı yerinə pəncərəsinin qırağını açıb üçüncü qatdan tüfəklə məni qarşılaması, məni ölmədən öncə də öldürmüşdü. Güllə düz ürəyimin başına dəyəndə, hələ də səsi qulağımdaydı:
-Ölənə kimi səni özümdən ayırmayacağam.
Məndən doymuşdu elə bil. Ona görə də onun baxışında artıq ölməliydim. Daha onun dünyasında olmağa yaramırdım. Insaf eləmədi. Mən gərək ona bir söz deyəydim. Sonuncu sözüm də olsaydı, ona bir söz demək istəyirdim. Indi yadımda deyil. Ancaq o hankısa bir sözü gərək ona deyəydim. Bütün ona deyəcək sözlərimi bir yerə yığıb yığcamını ona demək istəyirdim. Sözlərimin çılxasını çıxardıb ona deməliydim, qoymadı. Desəydim də, o üçüncü qatda dayanmışdı, sözümü hardan eşidəcəkdi?! Gərək çox mənalı bir söz deyəydim ona, yoxsa bütün aldığım kamlardan sonra, nakam kimi o dünyadan köçəcəkdim. Inanmırdım o tezliyə məni vursun. O məni tuşladığında öz- özümə düşünürdüm:
-Sevgi boyda bir mövzunu bir cümlədə necə sığışdırmaq olar?!
Gərək mən o cümləni tapıb ona deyə biləydim. Ancaq qoymadı. O dünyada sözlər hamıya bölünüb düşübdür. Mən onların hamısını toplayıb əlimə salıb içindən bir gözəl məcun düzəldib ona demək istəyirdim. Deməsəydim nakam kimi öləcəkdim, bilirdim. Elə belə də oldu. Bir an dörd çevrəmə baxdım. Hər şey ölüm astanasında dayanıb kimi gəldi gözümə. Hamının sözü boğazında düyünlənib qalmışdı elə bil. Heç bir kimsədən səs çıxmırdı. Sankı çox böyük bir olay olacaqdı onda. Bir an arzu elədim ki kaş o dayanan yerdə böyük bir dəprəm olsun! Üç qat birdən gəlsin yerə! Ancaq ona heç nə olmasın! Orda olanların heç birisinə heç nə olmasın! Təki o məni vurmağından vaz keçsin! Bilsin ki birisinə qıymaq, dünyada ən pis, ən insana qarşı bir şeydir. Bilsin ki bütün insanların bir gün torpaq üstündən torpaq altına yolu düşəcək. Onda bəlkə o qədər nifrətlə mənə qıymaq istəməzdi. Bəlkə tüfəyini bir an qatlayıb qoyardı qırağa. Ancaq qoymadı. Bir an bir gözünü yumub məni sərdi yerə.
Necə də üçüncü qatda gözəl görünürdü o! Ay kimi görsənirdi göyün üzündə. Heç elə bil yerin üçüncü qatında deyil, göyün üçüncü qatında dayanmışdı. Kaş ondan da yuxarılara qalxsın deyə diləyirdim. Qalxdıqca daha da adlı- sanlı olsun! Ucaldıqca məni olduğumdan da kiçik və gücsüz görsün! Arzulayırdım çöhrayi tişertindən süzülmüş bir incə ip kimi, məni arıq və gücsüz görsün, bəlkə onda ürəyi acıyardı. Daha qabaqlar sevdiyi kimi məni sevməsəydi də, bu qədər qəddarca mənə qıymağa ürəyi gəlməzdi! Heç olmasa düz onu illərcə sevən ürəyimin başından vurmazdı! Mənə bax kı görüşünə qızımı da aparmışdım. Sanırdım qabaqkılar kimi qızımı görsə çox sevinəcək. Qızımın səkkiz yaşı var. Onun əlində tüfəyi gördükdə qorxusundan belimi bərk- bərk qucaqladı. Yalan qalmadı uydurdum qızıma. Dedim inan bu o deyil. O ölüb. Özü o günün keçən həftəsi demişdi ki qızıma deyim o ölüb. O gün dedi burax gedim cəhənnəmə. Mən də buraxdım gedib rahat olsun. Ancaq cəhənnəmə yox. Buraxdım getsin özünə yaratdığı beheştdə özü üçün yaşasın. Axı o hərdən birisiylə olmağı özü üçün bir beheşt bilir. Mən də onu ötürdüm öz beheştində özü üçün xoş olsun. Bunları qızımın zehni ondan və onun tüfəyindən yayınsın deyə deyirdim. Ayrı- ayrı sözlərlə də qızımın başını qatırdım:
-Qızım, bilirsən da, sən ki həməşə ana- atalar sözünün məfhumunu məndən soruşarsan. O daha bizi çox istəmir. Axı cəhənnəmə gedən yoldaşını çox istər. O da kı öz beheştindədir. Indi onun bizə tüfək tutmağına baxma! Onun sənlə işi yoxdur. əslən bu, o deyil, ayrı tanımadığımız birisidir. Hələ o olsa da, sadəcə məni vurmaq istəyir. Ancaq qorxma, o məni də vurmaz. Hirsi, qəzəbi soyusun deyə, havaya iki-üç güllə sıxar, sonra toxtayar. Həm də sən heç başını yuxarıya qovzama. əslən ona baxma!
Qızıma bunları deyə- deyə birdən gözüm sataşdı ona. Vay dedim, bu necə ola bilər? O tüfəyi bilməyərəkdən tərsinə tutmuşdu. Qorxdum. Nə atsaydı qayıdıb özünə dəyəcəkdi. Qızımın qulaqlarını iki əlimlə tutub, üzümü tutub ona, yenə də qışqırdım:
-Gözlə, tüfəyi tərsə tutubsan. Birdən özünə ziyan vurmayasan!
Qızımın qulaqlarından əlimi götürdükdə, yenə də onu soruşdu:
-Bəs biz onların evlərinə getmirik?
-Yox qızım, o ölüb da dedim.
Özü demişdi qızıma deyim ki ölüb. O gün elə səhər çağından nə olmuşdusa çox acıqlıydı. Dedi burax gedim cəhənnəmə. Elə bil mən allaham! əlbəttə o elə məni tanrım deyə səsləyərdi hərdən. səsimdən çox xoşu gedərdi. Arxayındır deyərdi. Ancaq heç səs tanrısı birisini cəhənnəmə buraxardı? Mən də onu buraxmadım. Sonunda da özü dedi gəl, getdim. Qızım da onu çox sevdiyindən dolayı mənimlə həmsəfər oldu. Onu üçüncü qatın pəncərəsində tüfəklə gördüyümdə, qızım bilmədən ordan uzaqlaşdım. əlimi boynuna salıb danışığa tutaraq apardım yaxınlıqlarındakı qəbristanlığa. ədədləri öyrənməsinə məşq olsun deyə qəbirdaşlarını saymağa başladım. Qızım da mənimlə birgə gülə- gülə sayırdı. Ürəyim partlamaq üzrəydi. Qızımın gözünü oğurlayıb bir an göy üzünə baxmaqla başımı qatdım. Bütün ah yüklü buludlar ürəyimə doldu. Bir addım belə yeriməyə gücüm qalmamışdı. Sankı o qəbir daşlarının hamısını köksümün üstündə sıralamışdılar. Bir an da dayanıb qırx beşinci qəbiri düşündüm. Ondan bir az qabaq o qəbrin üstünə çatanda qızım özü bilmədən həyəcanlanmışdı:
-Vay, ata! Bu səməd əminin qəbridir? Deyib soruşdu.
Gülümsədim:
-Hə, qızım! Özüdür. Deyirsən gəl burda oturaq, qara balığın nağılını sənə deyim!
-Yox, onun hamısını bilirəm da. Gedək!
Yola düşərək nədənsə ikimiz də bir anda dönüb bir daha qırx beşinci qəbirə baxdıq. Səkkiz qəbr o yana kimi bir kəlmə belə danışmadıq. Düz əlli üçüncü qəbirin başına yetişəndə, qızım bir daha aşağıdan yuxarı, düz gözümün içinə baxdı. Sağ qolumu sağ çiyninə salıb, baxışlarındakı sualı düşünərək:
-Narahat olma qızım! Harda olsa tapacağam, dedim.
Qızım halətimdən bilirdi yalan deyirəm, ancaq üzümə çalmırdı. Dayana bilməyib yenə onun evinə sarı yönəldim. Onu gördükdə qızım yenə də belimi iki əliylə sıx- sıx qucaqladı. Qorxma qızım dedim. O tüfəklərin gülləsi məşq gülləsidir. Onsuz da o səni vurmaz. Inan mənə! qızımın başını düz ürəyimin başına qoyub, başımı tutdum ona sarı. Danışmadan, dinmədən yalnız baxdım. Inana bilmirdim o qəddar olsun. əlimdə olsaydı, ürəyimi sol böyrümdən sağ böyrümə köçürdərdim. Mən özümü müdafiə etmək istəmirdim. Ancaq qızıma heç bir ziyan dəyməsin istəyirdim. Qızımın o qədər qorxmasını heç dözə bilmirdim. Bir yandan da istəmirdim qızım bilsin ki məni tuşlayan kimdir. əslində onun güllələri mənə toxunsun, özü də lap ürəyimin başından dəysin istəyirdim. Ancaq qızımı müdafiə etməliydim. Ürəyimi sol böyrümdən sağ böyrümə köçürdə bilsəydim, köçürdəndə qoyardım bir an əllərimdə balıq kimi züyüsün. Qoyardım havanın əsən küləyi onu əllərimdən alıb istədiyi harayasa aparsın. Ürəyimi köksümdə hiss etmək belə istəmirdim o an. Onsuz da get- gedə döyüntüsündən düşürdü. Onunsa gözlərindən ona kimi ağlıma gəlməyən bir nifrət yağırdı. Bəlkə də o tozlu- torpaqlı külək onun gözlərindən qopan nifrət idi. Nifrətli adam nifrət atına minməsin, minsə düşməz deyiblər. Düşsə də çətin düşər. Onunsa nifrəti o günlər sonsuz idı. Son vaxtlar mənə dediyi bir çox nağılların sonu nifrətlə qurtarırdı. Inanmazdım o qədər nifrət bəsləyən birisi olsun. Özü də məntiqsiz və fəlsəfəsiz bir nifrət. Dəlili olmayan yersiz və birdən birə yaranan bir nifrət. Sankı o nifrət onun ilk dünyasından özüylə o dünyaya gətirdiyi bir nəsəydi. Nə qədər çalışdım, nifrətindən ona bir çıxış yolu görsədə bilmədim. Qızımın ona o qədər bağlı olduğu belə onu toxtatmadı. Birdən birə nə oldu, nə olmadısa, ilkinindən zatında varimış kimi nifrətini güllə kimi tüfəyə qoymaqdan belə çəkinmədi. Insan bəzən özünü sansor belə etməyə fürsət tapmır. Öz əlindən qurtaracağı olmur. O da o günlər elə olmuşdu elə bil. Tüfəkdən başqa bir çarə tapmamışdı. Ona görə də ölümümə bu qədər razıyam da onu əsla qınamıram. Fəqət qızım indi mənsiz nələr çəkir bilmirəm. Kaş heç olmasa o özü qızımı yoxlasın. Kaş biləydim o niyə qızımı ilk öncə o qədər özünə bağlayıb yapdı, sonra heç ilkinindən tanımırmış kimi onla acımasızca davrandı. Yenə sağ olsun kı tək özümü vurdu. Pəncərənin pərdəsini azacıq yana çəkmişdi. Heç bilmirdim o tüfək atmaq da başarır. Bir anda bir gözünü yumub, bir usta isnayper kimi tətiyinə basdı.
Atdığı güllə ürəyimin başından dəyməsəydi, onu elə üçüncü qatdan qucağıma alıb endirəcəkdim yerə. Uzun uzadı öpəcəkdim qulaqlarının dibindən. ancaq o məni vurdu. Niyə vurdu bilmədim. Tüfəyi əlində görən kimi elə şaşıb qalmışdım. Danışıb soruşmağa aman vermədi, yoxsa soruşacaqdım. Bir də gördüm alqan içində yerə sərilmişəm. Sərilən kimi cəsədimə ən cılız bir xəstə böcək daraşdı. Öləndən sonra belə umurdum gəlib öz əliylə məni götürsün. Razi idim məni hara atırsa atsın, cəsədimi hindistanlılar kimi yandırsın belə, ancaq məni o ən cılız xəstə böcəyin şəmatətinə buraxmasın! Namərd böcək cəsədimi didələdi, ancaq o durub baxdı. Hələ də var o böcəyin üstümdəki qahqahası məni incidir. Qəribəsi budur kı o böcək başqalarının yanında timsah kimi ağlayırdı. Nəşimi bu qəbrin içində yandıran da budur kı, o böcəyə bir dönüb deyən olmadı:
-Ay bala, böcəksən böcək işi gör da. Timsahlıq niyə edirsən axı?!
Heyf oldu. Biz bir- birimizi elə belə sevmirdik ki. Bütün gözə gəlib gəlməyən orqanlarımızla sevişirdik. Mən onu gözlərimlə düşünür, beynimlə görürdüm. Yaşlı gözləri qıp- qırmızı olurdu. Sözləri od kimi olurdu. Sankı ağzını odla yuyurdu mənə gəldiyi zamanlar. Özünü özündən arıdıb dup- duru gəlirdi mənə. bir salam bir sağ ol arasında saya gəlməz dop- dolu öpüşlərimiz olurdu. Sən mənim quşumsan deyirdi. Sonunda da bir quş kimi quşladı məni. Quşu deyil, tuşu oldum. Bir gözünü yumub tətiyinə basdı. Mənsə onu bir bağban öz ağacını sevən kimi sevirdim. Budaqlarını, yarpaqlarını, meyvələrini sevirdim. Mənə alma de deyirdi. Deyirdim. Almamı dər deyirdi, mənsə dərmək istəmirdim. "ağacda alma yanağı qırmızı" oxuyurdum. Sanırdı səsimin tonundan hardasa tanrının belə ağzı sulanır. Sonra birdən birə tanrını bir tikintinin üçüncü qatına enmiş gördüm. əslində mən özüm onu qaldırmışdım göy üzünə. Bir az qürurlanmışdı. Üstəlik bir tüfək də əlinə alıb məni tuşlamışdı. Düş yerə danışaq dedim. Qulaq asmadı. Onsuz da mən ölmüşdüm. O məni bir quş kimi öncə qurudub, sonra çırpıb yerə sındırmışdı. Yanılıb məndən yan çəkilmək istədiyində, məni evlərinin önünə çəkib sonra tüfəyinin kamerasına saldı. Dedim gözlə ürəyimin başından dəyir. Eşitmədi. Qışqırdım:
-Düş gedək bir qəhvəxanaya! Bir çay sən iç, bir siqar da mən çəkim, bir az danışaq!
Qulaq asmadı. bir an özümə çökdüm. Yenə yavaşca öz- özümə deyən kimi, olsun, vur məni, ancaq unutma kı naşısan dedim. Naşı dediyimdə yanılmışdım. O demə ilkinindən də öldürməyin ustası bir isnaypermiş. Qabaqlar ağzından çıxan güllələri sıxmağı başardığı kimi demə tüfək atmağı da başarırmış. Mənə görə eybi yox idı. Çünkü onsuz da mən ona yenilmək istəyirdim. Axı onu itirməkdən qorxurdum. Çünkü mən də insan idım. Sankı balta sürəsindən atom sürəsinə kimi onu sevə- sevə yaşamışdım. Sankı onunla birlikdə köhnə köhüllərdən neçə milyonluq bir şəhərə köçmüşdüm. O dünya hələ də sərgərdan insanlar sürüsüylə doludur. Mən onunla çiyin- çiyinə millətliyə də yetişdim, anti millətliyə də. Sankı onunla bir yerdə xorafatlardan şifrəyə, ədəbiyyatdan fəlsəfəyə, səssizlikdən dartışmağa çatmışdım. Sevginin gücü öyülmür ki! Dünyanın ən bilgin insanı belə, sevginin tərifini olduğu kimi deyə bilmir. Bəlkə də insan ondörd min savaşa girib üç milyard adam öldürdükdə, nələrisə öncə sevib sonra onlara nifrət bəsləyib imiş. Bəlkə elə bu səbəbdən üzrə o da məni öldürə bildi. Ürəyimi tuşlamışdı, bilirdim. Ancaq nədənsə beynim də dağılmaqdaydı. Vurandan sonra belə ürəyim hələ də ona döyünürdü. Bunu o duya bilmirdi. Tək özüm bilirdim. O özünü gizlədə bilmədi. Ürəyim döyündükdə o sankı canlı eferdəydi. Gah bir gül kimi gülüş komediyasiyla gülürdü, gah da için- için bir ağlayış melodramıyla ağlamsınırdı. O özündən yorulmuşdu. Elə mən də. Çoxdan idı dünyanın ən acı sözlərini mənə yağdırırdı. Artıq bir- birimizə deməyə sözümüz qalmamışdı. Ikimiz də sözümüzün bitdiyi yerinə çatmışdıq. Həm də elə o an sankı gözümüzün görmədiyi bir nöqtədəydik. Kaş heç olmasa, vurmadan qabaq bir düşəydi aşağı, bir qucaqlaşaydıq. O ən azından qızımı görməliydi axı. Görmədi. Baxmadı kı görsün də. Baxmaq istəmədi demək. Bir an gözünün birini yumub tətiyə basdı. Hələ məni öldürəndən sonra neçə dönə də yerimə gəldi. Yenə buna sevinirəm. O yenə də mənə gəldi demək, ancaq məni öldürdüyü yerə. Yerimdən dönəndən sonra gedib tökdüyü al qanıma baxdı. Görəsən o bunu gördü ki mən onu qanımla sevirdim?! Gülləsi mənə dəyəndən sonra yerə sərilsəm də ölmədim. Çalışdım necə çətinliklə olmuş olsa da torpaq üzrə onun adını yazım, sonra ölüm. böyük mübarizlər öldürülən zaman düşdükləri yerə öz qanlarıyla azadlıq yazan kimi, mən də onun adını yazdım. Mən mübariz olmadan, o mənim o əsarət dünyasında bütün azadlığım idı. Həmən qanımı tökən də onun özü oldu. Mən basdırılandan sonra onun etdiyi cinayətdə ilk silinən görüntü də mənim qanım oldu. Təəssüflə onun adı da silindi torpaq üstündən. indi o dünya bizi necə xatırlayacaq, bilmirəm....

1393/ 5/ 26- 27 (2014)


Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.