Kamal Abdulladan böyük layihə
05.06.15
Yeni tərtib olunmuş layihəyə görə, Azərbaycanda elm və ədəbiyyat adamlarının yeni çap olunan kitabları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Yaradıcılıq Fondu tərəfindən alınaraq ölkə əhalisinin maarifləndirilməsi üçün paylanacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu layihə ilə bağlı əsas məqamları danışıb: “Layihənin ideya müəllifi Dövlət müşaviri, akademik Kamal Abdullayevdir. Kamal müəllim bizimlə söhbətlərində tez-tez vurğulayırdı ki, yazıçı öz kitabını satmaq problemi ilə qarşılaşmamalıdır; yazıçı əsərini yazmalı, onun nəşri və satışını nəşriyyatlar öz üzərinə götürməlidir. Təəssüf ki, bizdə hələ bu sistem tam oturuşmayıb. Ona görə də belə qərara gəldik ki, geniş oxucu kütləsi olan, sevilən yazarların kitablarını özümüz alaq və onların yayılmasını təşkil edək. Kamal müəllimin bir fikrini də xatırlatmaq yerinə düşər: "Əsas oxucunu formalaşdırmaqdır, yazıçını yox". Məhz bu məntiqdən çıxış edərək, həyata keçirəcəyimiz layihə ilə həm yazıçıların kitablarını alacağıq, həm də bu kitabların gənclər, məktəblilər arasında oxunmasına, ev kitabxanalarının zənginləşdirilməsinə çalışacağıq. Bir sözlə, məqsədimiz yazarların kitablarının satılmasına, daxildə və xaricdə yayılmasına, oxunmasına və bu yolla ev kitabxanalarının yaradılmasına nail olmaqdır. Layihə çərçivəsində ədəbiyyatın təbliği, oxu vərdişlərinin aşılanması, yazarların tanınması, oxucu ilə müəllif təmaslarının qurulması, kitab bayramlarının, sərgilərinin keçirilməsi, əsərlərin xaricdə təqdimatı kimi müxtəlif işlər həyata keçirəcəyik. Kitablar Bilik Fondunun hər bir rayonda fəaliyyət göstərən nümayəndələri vasitəsilə regionlarımıza çatdırılacaq. Bu qurumlar Azərbaycanın gənc yazarlarının xarici ölkələrdə yaşayan gənc həmkarları ilə görüşlərini də təşkil etməyi planlaşdırır. Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi də var. Öncə bu layihədə iştirak edən məktəblilərin ev kitabxanalarını yaradacağıq. Həmin kitablar onlara hədiyyə olunacaq və mütəmadi olaraq, ev kitabxanalarının monitorinqi keçiriləcək. Bununla yanaşı, yazarların bölgələrdə görüşləri təşkil olunacaq. Elmlə maraqlananlara daha çox elmi, fəlsəfə ilə maraqlananlara fəlsəfi, şeirlə maraqlananlara şeir kitabları veriləcək. Gördüyümüz iş mətbuat tərəfindən nə qədər geniş təbliğ olunsa, cəmiyyətin maariflənməsi prosesi bir o qədər yüksək sürət götürər. Biz məhz uşaqlara məxsus kitabxanalar yaratmaq istəyirik. Kitab toplamaq hər bir yeniyetmənin, məktəblinin hobbisinə çevrilməlidir”. /axar.az/
|