Ramilə Qardaşxanqızı - Deməyə söz çatmır, söz də alışır...
29.05.15
ZALIM NADANLAR
Günahı nə idi, nədən qovruldu, Təzə çiçəklənən körpə fidanlar?! Kim versin cavabı, təqsirkar kimdir? Kiminlə yallanır, yaltaq nadanlar?!
Qıvrım alovlarda alışdı, yandı, Dişi, dırnağıyla yığıb qurduğu. Yuvasın əyninə tabutu sandı, Gəlinin boş qaldı bətni, qoltuğu.
Deməyə söz çatmır, söz də alışır, Ağlamağ istəyir, göz də alışır, Bu oddan, alovdan doymayanların, Görən Allahları nədən danışır?
Bir gün dillənəcək, cavab verəcək, Haqqın dərgahına dirənən üzlər. Ya da bircə kəlmə qəhət gələcək, Göyə çəkiləcək “bəzəkli” sözlər.
Günahı nə idi, nədən qovruldu, Od-alov içində körpə fidanlar?! Nə qədər uzağa gedə biləcək, Günah yükü tutmuş zalım, nadanlar?!
VAR İDİ
İsti yuvasın qurmuşdu, Odu, ocağı var idi. Körpəsin saran qolları, Yar nəfəsinə toxunan, Hənirtili üzü-gözü, Qoynu, qucağı var idi.
Od vurdular, od, alnına, Alışdı, yandı yazısı! Yarı qap-qara geyindi, Yandı körpə oğlu, qızı!
Bu yanğına “sön” demədi, Cəhənnəmə yolçu kəslər! Allah da rəhm eləmədi, Necə dansın görən gözlər?!
İlahi, rəhm elə barı, Yaralı can dözə bilsin, Ruhundakı ağrıları, Beynindəki sualları, Yuxularda çözə bilsin.
İsti yuvasın qurmuşdu, Odu, ocağı var idi…
22 May 2015
|