Emin Pirinin “Tanrının kölgəsi” adlı kitabı işıq üzü görüb
27.05.15
Şair Emin Pirinin “Tanrının kölgəsi” adlı kitabı işıq üzü görüb.
Kitabda şairin son dönəmlərdə yazdığı şeirləri yer alıb. Kitab “aybKitab” layihəsi çərçivəsində çap olunub.
Müəllif iyunun 19-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan klubu”nda imza günü keçirəcək.
Emin Pirinin şeirlərini təqdim edirik.
Uşaqlıq illərim asan keçməyib
Çətin keçib uşaqlığım, ayaqqabım yırtılardı böyüyəndə ayağım. Ayağınız böyüməsin deyə dua etmisinizmi heç?! Uşaqlıq illərim asan keçməyib... Bir az çətin olub uşaq illərim.
Sərhədin tikanlı məftilləri kimi görünərdi kasıb uşaqlarının gözündə məktəb bufetinin qapısı. O sərhədi keçə bilmək bəlkə də həyatımızın ən böyük inqilabı. alın yazımıza qarşı ən böyük üsyan idi.
Anamın erkən ağaran saçlarında görünürdü ala bilmədiyi oyuncaqlar. Taleyin oyuncağına çevrilmişdik.
Bəs hardaydı Körpələri sevən Tanrı?!
Hindus olmasaq da, atamızın cibinə görə bölmüşdülər bizi sinif otaqlarında Kastalara. Dəniz suları okean sularına qarışmadığı kimi Bizi qarışdırmazdılar... Heç də sevgidən udmur Okean balıqları Dəniz balıqlarını. Oynayanda belə varlı uşaqları Bizi özlərinə yaraşdırmazdılar. Paltarının yamağını gizlətməkdi varlıların gözündən Kasıb uşaqlarının oyunu.
Kişilər ağlamaz deyən anam yerimə özü ağlardı. Nağıl söylərdi, göydən üç alma düşməzdi nağıllarında, deməzdi bunu anam – birdən ürəyimiz alma istəyər...
Abort stolunda yalvaran körpə
Cənnət anaların ayağı altındadı deyən qadın bətnində doğratdığı körpə bədənini yığıb ayaqları altına qalxır cənnətə sarı.
Burda Hippokrat andına, körpə qanı axıdaraq and içirlər.
Kimlərinsə ömür boyu arzuladığı körpə səsi cərrah bıçağıyla kəsilir...
Şeytan boylanır ağ xalatlı pəncərədən gözləri bərəlib dizləri əsir ürəyi dözmür baxmağa.
qadın dözür ancaq Və baxır..
Öz fəryadından tutulan qulaqları eşidə bilmir bətnindəki körpənin “yaşamaq istəyirəm” hayqırtısını.
Alın yazısında həyat ana bətnindən abort stoluna kimi uzanan yolmuş.
Küncə atılmış körpə bədəni əllərini açıb göyə “mən təsliməm, ana, yetər bu işgəncə! “ – deyib yalvarır.
Baş daşları utandırdı məni
Şəhid məzarlarını mərmərə bükdük, daş qoyduq başlarına qalxa bilməsinlər üzümüzə tüpürməyə.
Bu yaşıma görə şəhidlər xiyabanında 18 yaşlı baş daşları utandırdı məni.
məndən kiçikdi hələ məndən öncə doğulanlar əmi deyib üstümə qaçır başdaşları bir əsgərin ölüm günü başdaşının doğum günüymüş.
can qoydular nə düşdü paylarına sağ qalanlar daşladılar torpağının başını.
Şəhid məzarlarını mərmərə bükdük, daş qoyduq başlarına qalxa bilməsinlər üzümüzə tüpürməyə.
İşıqforda çaşan külək
Döngələrdə gizlənib oğrun-oğrun baxır qızlara külək. Kiminin taleyini, kiminin telin aparır.
Tutub ətəklərindən şit-şit zarafatlaşır, əl atıb saçlarına yolur və gülür külək.
Bu külək canından çıxıb harda can verəcək bilmir. adamlar küləkdən qaçıb hara gedəcək bilmir.
İşıqforda gözləyib baxır havalı keçən maşına necə keçsin küçənin bu başından o başına.
Yorulub əldən düşür, şəhərin gözündən düşür, o qədər qıza ilişib utandığından dağlara qaçır külək.
Toylarda oynayan xanımlar kimi yellənir sünbülü dolmuş zəmilər bu küləyin havasına.
Yayın istisi vurub başına üz-gözü tər içində payızçün yaman darıxıb. oturub ağac kölgəsində özünü küləyə verir bu külək.
Oyun
Əsəbimi soyutmaq istəyirəm bir şeylə: təpik vurasan yer kürəsinə Marsla Venera arasından keçə sən də sevinəsən “qol vurdum” deyə.
Günəş yüyürə ardınca qışqırıb bağıra arxanca əl atıb saçını yola- ay oğlan, topumu qaytar dala.
Ən çox sevdiyi qadından da bezir adam. Başının üstə qaldırıb Yer kürəsini soxasan Marian Çökəkliyinə bir qadın ucbatından.
Günəş dar ağacı, dünya edam kürsüsü haqq-nahaq asılır hamı. ... bu Yer kürəsini sapand daşıtək atıb Bermud üç bucağına gizlədəsən özünü.
İsanın saqqalı kimi dalğalanır günəş şəfəqləri həvarilər dövrəsində. bir səhər oyanıb görəcəyik başqa qalaktikaya köçüb planetlərdən birisi.
Şeytan barmağında ipləri yellənən beşikdi bu yer. Demək tabutmuş bu beşik yatırmaqçün ölüləri. Başımızı qadınla aldadıb tutub yerimizi Allah. Qalxıb yaxasından tutub deyəsən bu qədər oynatdın, bəsin deyilmi?!
Bu dünya oyundu- Oynayır kişiylə qadın, adamla Şeytan. ...Alnımıza bu oyunun hesabını çoxdan yazıb Oynadan.
Sağ qalan varmı?!...
Əsgər sinəsi axtarır isinməyə fevral şaxtasından üşüyən güllə.
hər əsgər tabutu bir ağ gəlinliklə köçər... əsgər deyil, sevən qızın arzularını götürüb gedər hər atılan güllə.
soba yanında gecə yarısı bir qız məktub yazır səngərə. anasının yarıyuxulu “qızım yatmamısan?” sualına diksinib “üşüyürəm, ana odun atıram sobaya” ...
Daha gecələri oyaq qalmağa soba yanında məktub yazmağa, yalandan üşüməyə sobaya odun atmağa ehtiyac yoxdu... səngərdən qıvrıla-qıvrıla boğuq səsi gəlir tağım komandirinin: kimsə sağdı?!
Allahın zarafatı
Ölənlər oyanıb çıxa qəbirdən durub dirilərin qaza qəbrini. gedəsən sevdiyin qəbrin üstünə görəsən yazılıb: bir zarafatdı.
Şeytan da bezikib çıxa özündən içindən allahın özü boylana dönüb arxasıyca gələn bəndəyə: “Yaman aldatdım ha...” Deyə!
Sancıdan qıvrılan anaya məktub gələ bətnindəki körpədən: məni gözləməyin, bu, zarafatdı.
75 yaşında döyülə qapın- məktəbdə sevdiyin qızdı qayıdıb. əlində əsanın qoyduğu qabar toxuna saçlarına...
Qoşulub İblisə çıxıb gedəsən Allahın dalınca qeybət edəsən arxanca mələklər yalvara Allah da göydən qışqıra: Emin, bu, zarafat deyil?!
Ölən dənizləri kim ağlar
Günəş işığına, gəmi fitinə oyanıb dənizdən çıxır buludlar. Bu səhər bəxti tora ilişib balıqçının,- tilova gəlmir balıqlar. “Bəs hardadı, yola gələn balıqlar, yola gedən balıqlar. Pullu-pulsuz, hamısı pula gedən balıqlar.”
Söymə bu dənizi, balıqçı qardaş, xırda soxulcana gəlməz hər balıq. Bir dəfə də öpüş qoy tilovuna bəlkə sevgiyə aldanıb bir balıq düşə “toruna”.
Balıqlar dənizi sevdiyi kimi dünyada sevdiyin bir qadın olsa sən onun, o sənin həyatın olsa, biryolluq atarsan toru, tilovu.
Hamı “mənim Tanrım” deyib tək Allahı öz aralarında bölə bilmədikləritək Yüz illərdi bu dənizi bölür, bölür bölə bilmir adamlar. Bu qədər tordan, tələdən necə çıxıb bu dəniz bilə bilmir adamlar.
Dəniz soyuqlayıb, Neftçilər çərtib belini Qan alır bu dənizdən.
Hə, balıqçı qardaş, belə... nə soyuqdəymədən, nə susuzluqdan öləcək bu dəniz... Qorxuram qansızlıqdan ölə!
Ölən dənizlər var, ölü dəniz var. Ölən dənizləri görən kim ağlar?!.. Bir gün bu dənizin başı üstündə durub saçlarını yolar buludlar...
Boyat çörək kimisən
Havası alınmamış mətbəxin nəmlənmiş divarları küncündə boyat çörək kimisən. Nə özüm yeyə bilirəm, nə də bərəkətdi deyə çölə ata bilmədiyim – SƏN!..
Burda bir xalq uyuyur
Böyük Qafqaz, Kiçik Qafqaz,- Qafqaz sıra dağları... bir az da baş daşlarına oxşayır... bircə yazısı çatışmır: “Burda bir xalq uyuyur.”
Bizə qul olmağı anamız öyrətdi! İstidən, ya aclıqdan, ya da qandal kimi bələyə etiraz eləyib ağlayanda, bir ana laylasıyla susdurulduq “köləliyə xoş gəldin” deyib.
Daram çəkilmiş neft boruları Atamın təzyiqli damarlarına bənzəyir. Ürəyinə qayıtmırsa, bəs, hara axır bu qan?
İşsiz vaxtlarımda evdən çıxanda Anamın namaz üstə dediyi duaları qoydum cibimə Yolpulu əvəzi.
“Xalqım, xalqım” deyib timsah kimi ağlama. Axıtdığın göz yaşı deyil, vicdanının gözlərindən öz sifətinə tüpürməyindi.
“Ölərəm, əldən əğər getsə vətən” deyənlər uzunömürlü kimi təqaüd almaq üçün bankomatlar önündə növbəyə düzüldülər işğaldan sonra.
Canavar südünə susayıb dodaqlarım Ergenekondan bəri ilk dəfə belə yalnızam...
...Qonşumuzdakı Gülöyşə xalanın bir əlini dəzgah aparıb hələ sovet vaxtı. qocalıb indi bütün bədənini gəzir qırışlar. Gəzib hər yerini axtarıb tapıb bircə tapa bilmir həmin əlini.
O qırışların o əli axtardığı, özlədiyi kimi özlədim səni, Vətən!..
Üstü-başı tozlu şeir
Nə olsun ki, yanaşıram, adın bilmədiklərimə. Mən şeir yazmıram, xanım, dadın bilmədiklərimə.
Hayandansan, haralısan elə də maraqlı deyil. Heç səndən əvvəlkilər də dünyanın maralı deyil.
Gah nazını, gah fikrini, gah da yükünü çəkirəm. Mən yazıq çarmıxa gedən İsa çəkəni çəkirəm.
Vurulmuşam, divarına vurulan bir şəkil kimi. Çəkirsən məni özünə quraqlıqda çat-çat olmuş torpaq suyu çəkən kimi.
İydə ağacı altından qıraq ol, xatası çıxar. Bu sakit may gecəsinin fevral ayı səsi çıxar.
Mən şeir yazmıram, xanım, dadın bilmədiklərimə. Nə olsun ki, yanaşıram adın bilmədiklərimə.
Can borcu
Gəl, döy qapımı... yolun uzaqdı bilirəm, əziyyət çəkmə, sizə gətirrəm qapımı döy, ürəyin döyünən qədər.
Yaşayıb güldürmədim səni doyunca. qoy, ölüm... doyunca ağladım səni.
Tanrım, sənin də yanında yalançı oldum, göndərə bilmədim əmanətini. sənə də can borcum qalıb, nisyə dəftərinə yazarsan məni.
|