Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər” əsəri Tbilisidə səhnələşdirilib
26.05.15
Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının kollektivi tanınmış yazıçı Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər” əsərinin tamaşasını hazırlayıb.
Tamaşanın süjet xəttini xeyir və şərin mübarizəsi təşkil edir. Şeytan müxtəlif rənglər, səslər, maddi vəsait hesabına gənc şairi dinindən, dilindən döndərməyə çalışır. Lakin xeyir mələyi gəncin dinindən dönməsinə imkan vermir. Hadisələr xeyir mələyinin qələbəsi ilə başa çatır.
Səhnə əsərində əsas rolları Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyorları Şeyla Səfərova, Binəli İslamoğlu, Leyla Qasımova, Namiq Musayev və Vüqar Maşov ifa ediblər. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Azərbaycanın əməkdar artisti Namiq Valehoğludur.
Premyerada Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. /Azərtac/
|