Rəssam İlqar Əkbərovun fərdi sərgisi açılıb
26.05.15
“Yeni Gallery” Bakı İncəsənət Mərkəzində rəssam İlqar Əkbərovun fərdi sərgisi açılıb.
Tədbiri açan qalereyanın rəhbəri Rafael Gülməmmədli sərginin rəssamın anadan olmasının 55 illiyinə həsr edildiyini bildirib. Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov vaxtilə İlqar Əkbərova dərs dediyini diqqətə çatdıraraq onun tələbəlik illərindən çalışqan olduğunu söyləyib. Qeyd edib ki, öz üzərində daim işləyən rəssam ölkəmizi xaricdə bir sıra sərgilərdə təmsil edib.
Tədbirdə rəssama “Dədə Qorqud” Milli Fondunun mükafatı və “Zirvə” ziyalılar təşkilatı tərəfindən diplom təqdim olunub. Rəssam sərginin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Bir həftə davam edəcək sərgidə rəssamın 30-dək əsəri yer alıb.
Qeyd edək ki, İlqar Əkbərov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hazırda Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətlə məşğuldur. Bir neçə fərdi sərgisi keçirilib. Azərtac
|