Tiflisdə Türkiyə, Gürcüstan, Azərbaycan və Kərkük yazıçılarının görüşü keçirilib
20.05.15
Tiflisdə Türkiyə, Gürcüstan, Azərbaycan və Kərkükdən (İraq) gələn şair və yazıçıların görüşü keçirilib. Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Elmlər Akademiyasında keçirilən görüşdə çıxış edən Kıbrıs-Balkanlar-Avrasiya Türk Ədəbiyyatları Qurumunun (KİBATEQ) rəhbəri Feyyaz Sağlam görüşün tanışlıq xarakteri daşıdığını bildirib. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin üzvləri, gürcü yazıçıları, KİBATEQ-in üzvləri görüşün tarixi əhəmiyyət kəsb etdiyini, ədəbi əlaqələrin daha da inkişaf etdiriləcəyini vurğulayıblar. Tədbirin sonunda türk və azərbaycanlı şairlərdən Şükrü Aydın, Mövlud Kaplan, Güzin Onralkan, Aişə Tural, Kərkükdən gələn Şəmsəddin Küzeçi, Səadət Buta, Fatma Aslan, Osman Əhmədoğlu və başqaları şeirlərini söyləyiblər. İraqdan gələn Kərkük Mədəniyyət Dərnəyinin qurucusu Şəmsəddin Küzeçi İraq türkmənlərini təmsil etdiyini bildirib: "Biz özümüzü Azərbaycanımızın bir parçası hesab edirik. Bu gün Gürcüstanda yaşayan azərbaycanlı şair və yazıçılarla keçirdiyimiz görüşlər bizi çox sevindirir". Tədbirdə yazarlar kitablarını bir-birilərinə hədiyyə ediblər. Sonda görüş iştirakçıları xatirə şəkili çəkdiriblər. Tədbirdə Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Elcan İmamverdiyev, Gürcüstan parlamentinin üzvü Mahir Dərziyev, Gürcüstan barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı, gürcü türkoloqları, jurnalistlər və QHT nümayəndələri, həmçinin bölgələrdən gələn azərbaycanlı yazıçı və şairlər iştirak ediblər. /APA/
|