Zahid Sarıtorpağın irfan şeirləri
10.05.15
Bu gün şair Zahid Sarıtorpağın doğum günüdür! Bu münasibətlə Artprtess.az onun irfan şeirlərinin bir neçəsini təqdim edir.
GÜL TİKMƏSİNDƏ İLMƏ ÇÖZÜMÜ
1. yaranış ilmələri
hücrədə alatoranlıq hücrədə kölgə kimi yıxıq vücud səcdədə sidr qoxulu yeddi təmasın cezbi beş ləçəkli Gül duası - vaxtın sirli ovuntusu hicranlarda bir Gül yeri Gül yerinin istisi heç vaxt ilməyə gəlməyən yalqızlığın heyva rəngi ağrının qətliyamına zorlanan ruhun məkanı tikmədə can canda boşluq boşluğun gömgöy soyuğu sözə cidarlanıb qalmış miskin sonun boş fürsəti nəfsin vurulmuş boynundan asılmış ölü ehtiras tikmədə Gül Gülə heyrət heyrətdən tutulmuş dilin mübarək «ol!» kəlməsinə tükənməyən titrəyişi
2. ölüm ilmələri
havada boş öpücüklər havada quş tükü yalqız ağrıları götürən su ölümdən öncəki dilək gözəl qiyafətlər cadulanmış vücudlarda soluq-soluq dikəlməz yaş kəfənlərdən yulğunların qoxusu artıq sınıq bir gül budağında iki quş qanad-qanada boynu bükük afətlərin şəklini soldurur zaman
ağrılar can uçağında ölüm çəkisizliyə varmada gözün qulağın ürəyin sorğuları başlanmada sınıq gül budağındakı iki quşdan biri uçmuş havada heç nə heç nə havada quş tükünün boş yeri boynu bükük afətlərin şəkli kimi zaman soluq bircə salxım yasəmənlə qurumuş bir insan nəfsi boş qalmış can məkanında sonun məhrəm rütubəti
3. yaddaş ilmələri
canda yaddaş yaddaşda toz basmış güzgü güzgünün tozuna yazılmış boynu bükük bir kəlmə söz yaddaşda gənc bir ana bəxtinin ləçəklərinə beşikdə ağlayan çocuğun şeh kimi çilənən səsi canda fələyin qara sevdalarla ölçdüyü qəflət yuxularının sonu bilinməz uzunluğu yaddaşda doğmuş ayın aydınlığına dartınan suların canı kimi canı əzablara dartınan bir aşiqin haqdan gələn yalqızlığı yaddaşda xoşbəxtliyin fani görkəmindəki çamur sıyıqlığına «gəl, keç» işarəsiylə başlanan ölüm yürüşü
4. eşq ilmələri
canda bütün ilmələr Gülün nəfəsiylə çözülür bir hal sorğusundan bağrının içi uçuqlayır qafilin ilməsindən göz yaşı damır çözüm anı gəldiyində canda aşiqin halı bir başqa tikmədə ilməsi bir ayrı sona varınca hər ilmə bir çıraq olur gorunda aşiqin canın saleh diləyinə eşqin işığı gordan da gəlir Gülün nəfəsindən o yana yolu olmur səsin canda sonda eşq varsa gedər-gəlməz qapanmış demək səs də söz də ruhun yükündə Gülün nəfəsinə dəyib qayıdır əzablardan oyadır aşiqi ölümsüzlük yağmuruna olmuşlardan qaldırır olacaqlara qafili səs də söz də qayıdıb qonunca dodaqlara eşqi Gül qoxulu şükranlar sarır tikmədə canda bütün ilmələr Gülün kərəminə bağlıdı çünki Gülün kərəmindən yağır ölümsüzlüyün yağmuru ölümsüzlüyün yağmuru dirildir aşiqi eşqə
5. halallıq ilmələri
sona varan durdurulmur üzünə baxmırsa qədər havada yalqız quş tükünün yerində gömgöy sükut canda haqqın sorğusuna ilməsi qaçmış cavab canda yaşanmış bir fani günə verilmiş halallıq kimi bir çocuğun ilməyə gəlməz çiliklənmiş gülüşü gülüşdə qeybə aparan canın rəhmət dolu işığı tikmədə son ilmə tikmədə gecikmiş zühurun ağappaq yolu yolda can canda Gül sönmüş nəfsin bomboz külü
6. inam ilmələri
canın küləktutanında sözün qapısı taybatay mizanda gül ləçəyinin mislinin çəkisizliyi keçən günün kətan boyu axan ölgün boyaları açıq qalmıış bir cüt gözdə göllənən nurun imdadı divarlara mismarlanan sükutun çarəsizliyi aşiqliyin məqamında əzablara asilərin dərgahlarda bükük boynu sökük bağrı boş əlləri
7. qiyamət ilmələri
qırxillik gurşad kəsilib sur dinir sonuncu kərən suları yıxan alovun üstündə atlı kölgəsi müjdələnmiş aşiqlərin başlanan ilk ziyafəti burulğandan düşüb gedən minillik gor sakinləri sağ əldə əməl dəftəri baqi ömrün yiyələri şair sözü söz şairi ana balanı tanımır batil bir ömrün yiyəsi su deyə-deyə yürüyür cırılmış əməl dəftəri sol əlində parça-parça çırpır kəfənin tozunu həşirin sonsuzluğuna
tikmədə qum dənələri hər zərrədə boş bir fəza hər ilmənin çözümündə çırpınan qanad səsləri sonuncu qırıq ilmədə sonsuz üzgün bir uğultu hərdən görünüb yox olan o Tək İşığın haləsi
|
|
|
Yenililklər
|