Qalib Şəfahət - Mən gözümün quluyam...
08.05.15
MƏN GÖZÜMÜN QULUYAM
Bəzən eynək taxıram gözlərimlə yeriyəndə, ayaqları torpaqda əzilməsin deyə. Bəzən gördüklərimi geyinirəm gözlərimə, gözlərim üşüyəndə. Hec bilirsən, nədir dərdim? Gördüyümdən gözlərimin göz kirəsi istəməyi. Gözlərimə qul olmağım. Görə-görə kor olmağım. Gördüyümü görməməyim. Amma, günah məndə deyil! Gördüyünü görməzliyə vur dedilər. Bəzən göz dağı olur, gördüklərim gözlərimə. Xasiyyətini dəyişdim, amma, yaddaşını dəyişəmmədim . Görduyunu görüb unutmuşam. Görmədiyimi yaddaşına yazıb, bir vaxt olacaq gözlərimdə görəcəm gözlərimlə görmədiyimi. Azad olacam onda. Lap gec də olsa gözlərimə salam verəcəm, yaddaşında saxladığına görə. Gözlərimdən göz kirəsi istəməyəcəm onda. Nə də göz kirəsi verməyəcəm. Dünyada hamının yeri daralanda, gözlərimə yığmışam gözüm görəni. Tək bircə gözümdə qalmasın, gözümdəki gördüklərim . Yeri gələndə ümid paylayacam gözümdən. Bircə göz bax-bax kor olmayım, gözümü görə bilim. Hərdən mənə kor da dedilər, kor olmaya-olmaya. Elə gördüklərim olub, gözlərimə yamaq olub. Elə görmədiyim olub, gözlərimə dayaq olub. Mən gözümün quluyam. Göz var gözü olmur, Göz var sözü olmur, Gözdə var ki, üzü olmur. Məni gözümdən uzaq tut, İlahi!
QARANLIQ QALDI
Gecəni çəkib qoymuşdu, ayağının altına. Səhərə çıxmaq üçün. Gecə qəflətən sürüşdü, ayağının altından. Yuvarlanıb, Haraya düşdü, heç özü də bilmədi. Gecədə tapa bilmədi özünü. Qaranlıq içində itib batdı. Görən olmadı onu. Heç yoxumuş dedilər, bu adda adam! Özü-özünə qaranlıq qaldı. Qaranlıq onu ağuşuna aldı.
/Oxuzalı/
|